Accessibility links

Hesabat: Taliban dövründə Əfqanıstan insan haqları böhranı yaşayır


Cümə axşamı açıqlanan yeni hesabatda Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən bəri ölkədə insan haqları böhranının və humanitar fəlakətin dərinləşdiyi barədə xəbərdarlıq edilib.

Human Rights Watch təşkilatı dünya üzrə hüquq təcrübələrinə dair illik icmalında İslamçı qrupun münaqişələrdən əziyyət çəkən yoxsul ölkənin nəzarətini əlinə almasından sonra qadın haqlarındakı irəliləyişi və media azadlığını demək olar ki, heçə endirdiyini iddia edir.

ABŞ-da yerləşən təşkilatın Asiya üzrə direktor müavini Patrisia Qossman təəssüflə "Əfqanlar Talibanın zülmü ilə aclıq dəhşəti arasında qalıb" deyib.

"Son iyirmi ildə Əfqanıstanda iştirak edən hökumətlər bu ölkəyə humanitar yardım göstərməli, səhiyyə və təhsil də daxil olmaqla, əsas xidmətləri maliyyələşdirməlidir. Eyni zamanda onlar insan haqlarının pozulmasına son qoyması üçün Talibana təzyiq göstərməlidirlər" - deyə, Qossman bildirib.

Bütün əfqanların insan haqlarına hörmətlə yanaşacağına söz verməsinə baxmayaraq, müvəqqəti Taliban hökuməti davamlı olaraq qadınların hüquqlarını məhdudlaşdıran siyasət və qaydalar elan edir.

Əfqan qadınlarına müəllimlik və səhiyyə sistemindən savayı başqa işlərdə işləmək qəti qadağandır. Eyni zamanda ölkə daxilində qızlar üçün bir çox orta məktəb bağlıdır. Talibanın din polisi qadınlara kişi qəyyumun müşayiəti olmadan ictimai yerlərdə səyahət edə bilməyəcəklərini bildirib və taksi sürücülərinə maşınlarına yalnız hicablı və ya başıörtülü qadınların minməsinə icazə vermələırini əmr edib.

Taliban rəsmiləri eləcə də müxalif fikirlərə qarşı sərt tədbirlər görür və mediaya geniş məhdudiyyətlər tətbiq edir. Belə ki, jurnalistlərə qarşı təqiblər Əfqanıstan televiziyası və digər xəbər agentliklərinin təxminən 70%-nin bağlanmasına səbəb olub.

Qadın haqları və media azadlığı beynəlxalq mövcudluğun son iyirmi ildə Əfqanıstanda əldə etdiyi ən mühüm nailiyyətlər kimi qiymətləndirilib.

Taliban Əfqanıstnda hakimiyyəti 20 ildən sonra, keçən avqust ayında ABŞ-ın rəhbərlik etdiyi xarici qoşunların Əfqanıstandan çıxarılmasından sonra ələ keçirib.

Yardım agentliklərinin dediyinə görə, Əfqanıstanın xarici aktivlərindəki milyardlarla dolların dondurulması, Talibana qarşı beynəlxalq sanksiyalar, yoxsulluqdan, onilliklər boyu müharibələr və təbii fəlakətlər əziyyət çəkən ölkəyə humanitar yardımın dayandırılması iqtisadi böhranı daha da dərinləşdirib.

BMT milyonlarla əfqanın aclıq və dörd milyona yaxın uşağın ciddi ərzaq çatışmazlığı təhlükəsi ilə üzləşdiyi barədə xəbərdarlıq edib.

Taliban devrilmiş hökumətə xidmət edən əfqanlar üçün ümumi amnistiya elan etdiyini bildirsə də, qlobal insan haqları monitorinqi Taliban qüvvələrinin "əfqan hökumətinin təhlükəsizlik qüvvələrinin bir çox keçmiş üzvünü məhkəməsiz edam etdiyini" bildirib.

Talibanın mətbuat katibi Zabiulla Mücahid Human Rights Watch-un hesabatını əsassız adlandırıb.

“İslam Əmirliyi (Taliban) hakimiyyətə gəldikdən sonra Əfqanıstan xalqının bütün hüquqları qorunur. Bu cür xəbərlər bəzi düşmən dairələr tərəfindən təbliğat kimi yayılan dezinformasiyaya əsaslanır” - deyə, Mücahid tvitter səhifəsində yazıb.

Taliban liderləri "İslam qanunu və təlimatlarına" uyğun olaraq, tezliklə bütün qız tələbələrin məktəblərə və universitetlərə qayıtmasına icazə veriləcəyini bildirib.

Bununla belə, əfqan qadınları və hüquq müdafiəçiləri məhdudiyyətlərə qarşı vaxtaşırı etiraz aksiyaları keçirir və Taliban qüvvələri onları dağıtmaq üçün bəzən zorakılıq tətbiq edir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG