Accessibility links

Talibanın qadın tələbələrin ali təhsilini dayandırmaq qərarı qəzəblə qarşılanıb


Əfqanıstanın universitet tələbələri hər zaman olduğu kimi çərşənbə günü səhər kampuslarına qayıdıb. Lakin təhlükəsizlik qüvvələri Talibanın qızların ali təhsillərinə bir gecədə qadağa qoyulduğunu əsas gətirərək, onları geri qaytarıb.

İslamçı Taliban rejiminin çərşənbə axşamı əfqan qadınların təhsilə və ictimai həyata çıxışına qarşı son qərarından sonra ölkədəki dövlət və özəl universitetlər növbəti xəbərdarlığa qədər qadın tələbələr üçün bağlanıb.

Qadın tələbələr üçün ali təhsilin dayandırılması Talibanın ölkəni yalnız kişilərin idarəsi altında təcrid etmək niyyətində olduğunu deyən əfqanları və beynəlxalq ictimaiyyəti qəzəbləndirib.

Şahidlər Əfqanıstanın paytaxtı Kabildə səhər saatlarında bir neçə ali təhsil ocağının, eləcə də tarixi Kabil dövlət universitetinin girişlərində tələbələrin dərsə buraxılmadığını öyrəndikdən sonra ağlayaraq bir-birini qucaqladığını görüb. Oxşar mənzərələrə qarşıdurmaların dağıtdığı və yoxsullaşan bu Cənubi Asiya ölkəsinin başqa yerlərində də şahid olunub.

Təhlükəsizlik səbəbi ilə adının açıqlanmasını istəməyən və tələbə göz yaşları içində Amerikanın Səsinə "Mən qadağa barədə yalnız bu səhər kampusa çatanda bildim və girişdə çox sayda Taliban qüvvələri qız tələbələri geri qaytarırdı" deyib.

Özünü Fatimə kimi təqdim edən özəl universitet tələbəsi Amerikanın Səsinə deyib ki, onlar son kurs imtahanlarını verməli idi, lakin kampusa daxil ola bilməyiblər.

"Hamımız ağladıq və bir neçə saat girişi tərk etməkdən imtina etdik. Taliban rəsmilərindən imtahanlarımızı verməyə icazə vermələrinə görə yalvardıq, lakin nəticəsi olmadı" - deyə, Fatimə bildirib.

Birləşmiş Ştatlar bu qərarı qəti şəkildə pisləyərək, bunu "tamamilə müdafiə olunmayan mövqe" adlandırıb.

"Dünyanın heç bir ölkəsi qadın və qızların təhsil almasına mane olmur. Talibanın repressiv fərmanları əfqan qadın və qızlarının məktəblərə girişi də daxil olmaqla, bir çox məhdudiyyətlərlə nəticələnib" deyib çərşənbə axşamı ABŞ dövlət katibi Antoni Blinken.

ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud "Taliban bütün əfqanların hüquqlarına, xüsusən də qadın və qızların insan haqlarına, fundamental azadlıqlarına hörmət etməyənə qədər beynəlxalq ictimaiyyətin legitim üzvü olacağını gözləyə bilməz. Biz bu məsələ ilə bağlı yekdilliklə çıxış etmək üçün Şura ilə işləməyə davam edəcəyik" deyib.

Human Rights Watch insan hüquqları müdafiə təşkilatı da qadağanı dərhal pisləyib.

"Bu, Əfqanıstanda qadın və qızların təhsil hüququnu pozan rüsvayçı qərardır" - deyə, Human Rights Watch Twitter hesabında yazıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Aleksey Navalnı ilə vidalaşıb
please wait

No media source currently available

0:00 0:13:15 0:00
XS
SM
MD
LG