Əfqanıstanın cənubundakı Qəzni və Zabul vilayətlərində iki ayrı-ayrı insidentlərdə azı 10 nəfər öldürülüb. Bu haqda rəsmilər fevralın 22-də açıqlama verib.
“Təəssüf ki, səkkiz polis əməkdaşı öldürülüb, bir nəfər yaralanıb”, - yerli valinin sözçüsü Arif Nuru deyib. Səbəb fevralın 22-də səhər Qəzni vilayətində Taliban yaraqlılarının polis nəzarət məntəqəsinə hücumudur.
Təhlükəsizlik qüvvələri yaraqlıların da itki verdiyini bildirir, amma dəqiq rəqəm açıqlamayıb.
Talibanın sözçüsü Zabihullah Mücahid Twitter-də hücuma görə məsuliyyəti üzərlərinə götürdüklərini yazıb. O, yaraqlıların 1 polis əməkdaşını saxladığını, 9-nun öldürüldüyünü bəyan edib.
Zabul vilayətində isə yol kənarına qoyulmuş bombadan iki dinc sakin həlak olub, iki nəfər yaralanıb.
Fevralın 20-də talibançılar Fərəh və Helmand vilayətlərində təhlükəsizlik məntəqələrinə hücum etmişdilər, azı 26 polis əməkdaşı öldürülmüş, bir neçə nəfər yaralanmışdı.