Accessibility links

Əli Kərimli: Avropa Birliyi təkliflərimizi nəzərə almasa, Avropa Parlamentinə müraciət edəcəyik


Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Amerikanın Səsinə müsahibəsində Azərbaycan və Avropa İttifaqı arasında imzalanması gözlənilən saziş layihəsi ilə bağlı danışıb.

Amerikanın Səsi: Bu günlərdə Avropa İttifaqının Azərbaycan nümayəndəliyində Azərbaycan və Avropa İttifaqı arasında imzalanması gözlənilən saziş layihəsi ilə bağlı görüş keçirmisiniz? Sazişin adı və məzmununun detalları söhbətinizin mövzusu olubmu?

Düzdür, sazişin hazırda rəsmi tərəfi Azərbaycan hökumətidir. Amma biz toplum olaraq da bu prosesdə iştirak etməliyik.

Əli Kərimli: Tapdıq bəy, mən Avropa İttifaqının Bakıdakı böyük elçisi ilə görüşmüşəm və bu sazişlə bağlı bir neçə dəfə söhbət aparmışıq. Siz axırıncı söhbəti deyirsiniz. Amma əvvəllər də bizim söhbətlər olub. Mən əlbəttə ki, söhbətin məzmununu, sazişlə bağlı detalları danışmağı doğru hesab etmirəm. Mən özümün nələri dediyimi deməliyəm, deyə bilərəm. Yəni, bu diplomatik danışıqların özünəməxsus bir etiketi var. Ona görə də Avropa İttifaqı hələlik sazişlə bağlı açıqlama verməyə tələsmir. Yəni, detalları, sazişin məzmunu, adı barədə danışmırlar. Amma biz öz mövqeyimizi deməkdə haqlıyıq. Biz bunu görüşdə də bildirmişik. Bu gün mən artıq rəsmən öz Facebook səhifəmdə yazılı şəkildə yaymışam və beynəlxalq təşkilatlara da göndəririk. Bizim yazılı şəkildə də, şifahi şəkildə də prioritetlərimiz var ki, onu nəzərlərinə çatdırırıq. Düzdür, sazişin hazırda rəsmi tərəfi Azərbaycan hökumətidir. Amma biz toplum olaraq da bu prosesdə iştirak etməliyik. Ona görə də biz toplumun adından, cəmiyyətin adından öz prioritetlərimizi, nələri bu sazişdə görmək istəyirik, onların hamısını həm səfirin nəzərinə çatdırmışam şəxsən özüm, həm də indi, yazılı şəkildə bütün Avropa strukturlarının nəzərinə çatdıracağıq ki, bizim üçün hansı öncəliklər var.

Amerikanın Səsi: Milli Şura Azərbaycanla Avropa İttifaqı arasında imzalanmasına hazırlıq görülən sazişlə bağlı movqe sənədi yayıb. Mövqe sənədindəki şərtlərin tez bir zamanda yerinə yetirləcəyini mümkün sayırsınızmı və ya şərtlərin hansı hissəsi yerinə yetirildikdən sonra saziş layihəsi imzalana bilər?

Biz də şərtlər irəli sürmüşük ki, siyasi məhbus məsələsi tam həllini tapmalıdır, hamı azad olunmalıdır, sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır, media azadlığı təmin olunmalıdır, bloklanmış saytların, qəzetlərin çıxışına imkanlar yaradılmalıdır.

Əli Kərimli: Bizim hazırladığımız, ictimaiyyətə təqdim etdiyimiz sənəd əsasən üç hissədən ibarətdir. Bizim Avropa İttifaqına yanaşmamız, burada qısaca deyim ki, biz Avropa İttifaqı ilə dərin inteqrasiyanın tərəfdarıyıq, assosiasiya sazişinin tərəfdarıyıq. Bu saziş tərəfdaşlıq sazişi olacaq. Yəni, Azərbaycan hökuməti dərin inteqrasiya prosesinə girmir. Bu, tərəfdaşlıq sazişi olacaq. Biz daha ciddi inteqrasiyanı istəyirdik. İki, - ölkədəki vəziyyəti dəyərləndirmişik. Çünki Avropa İttifaqı da nəzərə almalıdır ki, kimlə, hansı situasiyada saziş imzalayır. O sazişin tərəfi olan Azərbaycan hakimiyyəti ölkəni necə idarə edir. Burada biz siyasi məhbusların taleyindən tutmuş müxalifətçilərə, vətəndaş cəmiyyətinə olan təzyiqlərə qədər, medianın durumuna qədər, korrupsiya ilə mübarizənin aparılmamasına qədər, hakimyyət bölgüsünün olmamasına qədər,ölkənin bütün problemlərini təsvir etmişik. Sizin sualınızda deyildiyi kimi, öz şərtlərimizi irəli sürmüşük ki, bu şəraitdə, əgər Azərbaycan hakimiyyəti ilə saziş imzalanırsa..., yeri gəlmişkən, bu məsələdə bizim mövqeyimiz Avropa Parlamenti ilə üst-üstə düşür. Onlar da bir il bundan qabaq qəbul etdiyi qətnamədə şərtlər irəli sürüblər. Təqribən bizim şərtlərimiz çox yaxındır. Biz də şərtlər irəli sürmüşük ki, siyasi məhbus məsələsi tam həllini tapmalıdır, hamı azad olunmalıdır, sərbəst toplaşmaq azadlığı təmin olunmalıdır, media azadlığı təmin olunmalıdır, bloklanmış saytların, qəzetlərin çıxışına imkanlar yaradılmalıdır. Azərbaycanda müxalifətin fəaliyyətinə normal şərait yaradılmalıdır. Bir sıra böyük islahatlar isə heç olmasa vəd olunmalıdır. Seçki islahatı qısa müddətdə baş verə bilən deyil. Amma konseptual olaraq hökumət bunu qəbul etməlidir. Məhkəmə-hüquq islahatı, əgər bu günlərdə verilən fərmana, yalnız ümid olunursa, o, deyil. O bizim tələblərimizi qane etmir. O, kosmetik düzəlişdir. Biz fundamental olaraq müstəqil və peşəkar məhkəmə hakimiyyəti qurulmasını nəzərdə tutan konsepsiya istəyirik. Bu tələbləri biz irəli sürmüşük. Məqsədimiz də odur ki, imzalanması nəzərdə tutulan saziş təkcə Azərbaycan və Avropa İttifaqı dövlət rəhbərliyinin, böyük şirkətlərin, bürokratiyanın yox, xalqların marağına xidmət etsin. Biz bu sazişi imzalayanda konkret olaraq azərbaycanlı nə əldə edəcək, biz bunları bilməliyik. Açıq şəkildə də mövqeyimizi Avropa İttifaqının nəzərinə çatdırırıq. Yəni, biz növbəti imitasiyanın bir parçası olmaq istəmirik. Biz saziş istəyirik. Amma o saziş Azərbaycan hökumətinin üzərinə konkret öhdəliklər qoymalıdır və bunlar çox aydın şəkildə yazılmalıdır. Bunlar olacağı təqdirdə, biz də bu sazişi əlbəttə ki, dəstəkləyəcəyik.

Amerikanın Səsi: Hökumət ölkədə fundamental hüquqların tam bərpa edildyini, siyasi məhbusların olmadığını, əhalinin sosial-iqtisadi durumunun durmadan yaxşılaşdığını bəyan edir. Bu isə faktiki Milli Şuranın şərtlərinin qəbul edilməməsi anlamı verir. Sizin şərtlər nəzərə alınmadan sənəd imzalanarsa Milli Şuranın mövqeyi necə olacaq?

Biz əlimizdən gələni edəcəyik ki, həmin şərtlər sazişə salınsın. Salınmasa da ratifikasiya olunmasın.

Əli Kərimli: Əvvəla, bizim bu şərtlərimiz, tələblərimiz, təkliflərimiz Azərbaycan hökumətinə yönəlməyib, Avropa İtfifaqına yönəlib. Bizim Azərbaycan hökumətindən heç bir müsbət gözləntimiz yoxdur. Onlar heç bir zaman xalqı, müxalifəti eşitməyiblər. Avropa İttifaqının borcudur, demokratik təşkilatdır və xalqlarla işləməlidir. Həm də Avropa Parlamenti var, bu, prosesin arxasında. Ona görə də bizim təkliflərimiz Avropa İttifaqına yönəlib. Ümid edirik ki, onlar bunu nəzərə alacaqlar. Nəzərə almasalar, o zaman biz Avropa Parlamentinə müraciət edəcəyik. Çünki bu paraflanmış saziş imzalanandan sonra Avropa Parlementinə ratifikasiya üçün gedəcək. Orada artıq həmin o idealist insan haqq və hüquqlarına hörmətlə yanaşan Avropa parlamentariləri Avropa Komissiyasının qarşısına da bu şərti qoyacaqlar ki, bu fundamental azadlıqlar və hüquqlar Azərbaycan xalqı üçün təmin olunmalıdır. Bu öhdəliklərə salınmalıdır. Biz əlimizdən gələni edəcəyik ki, həmin şərtlər sazişə salınsın. Salınmasa da ratifikasiya olunmasın.

Amerikanın Səsi: Sizcə, Azərbaycan hökuməti saziş layihəsini müxalifətlə müzakirə etməlidirmi?

Əli Kərimli: Normal hökümət olsaydı əlbəttə. Amma Azərbaycanda xalq tərəfindən seçilmiş bir hökumət yoxdur. Xalqla hesablaşan bir hökumət yoxdur. Biz buna artıq alışmışıq ki, Azərbaycan hökuməti bu ölkədə özündən başqa kimsəni saymır.

XS
SM
MD
LG