ABŞ prezideni Donald Trampın 2015-ci ildə Tehranla imzalanmış sazişdən çıxmaq qərarını elan etməsinin ardınca Avropa liderləri öz ölkələrinin İranda maliyyə maraqlarını müdafiə etməyə söz verib. Rusiya və Çində sazişdə qalacaqlarını bildirib. Vaşinqton 2015-ci il sazişinin Tehranın nüvə və ballistik raket proqramının qarşısını ala bilmədiyini iddia edərək, qarşıdan gələn aylar İrana qarşı sanksiyaların mərhələli şəkildə tətbiqinə başlayacağını elan edib.
2015-ci il nüvə sazişi qlobal diplomatiyanın zəfəri hesab edilirdi. Yeddi il aparılan razılaşmanın əldə edilməsi ilə nüvə silahlarının yayılmasının qarşısının alınması nəzərdə tutulur.
Avropa bunun Yaxın Şərqdə nüvə silahları yarışına gətirib çıxara biləcəyini bildirərək, ABŞ-ın sazişdən çıxmasını narahatlıq hissi ilə qarşılayıb.
Federika Mogerini:
“Bu, qlobal nüvə silahlarının yayılması düzəninin əsas elementlərindən biridir.”
Vaşinqton bildirir ki, İrana qarşı sanksiyalar üç aydan altı aya qədər müddətdə yenidən tətbiq ediləcək. ABŞ-ın Berlindəki səfiri Twitter səhifəsində yazıb ki, “İranda biznesləri olan alman şirkətləri dərhal əməliyyatları sona çatdırmalıdır”.
Avropada Airbus kimi beynəlxalq şirkətlər İrana investisiya qoyuluşları edib və Vaşinqtonun ikinci dərəcəli tariflərinin təsirinə məruz qala bilər.
Fransa hökumətinin sözçüsü Bencamin Qrivö:
“Aydınlaşdırırıq ki, Avropa İttifaqı Avropa şirkətlərinin maraqlarına zərər vuracaq hər hansı birtərəfli tədbirlə bağlı mübahisəyə hazırdır.”
İran prezidenti Həsən Ruhani deyib ki, Tehran digər tərəflərin də imzaladığı sazişdə qalır. Keçmiş İran diplomatı Mehrdad Xonsari deyir ki, ABŞ-ın sazişdən çıxması Tehranda sərt xətt tərəfdalarının güclənməsinə gətirib çıxara bilər.
“Ali dini rəhbər İranla Birləşmiş Ştatlar arasında münasibətlərin yaxınlaşmasına müqavimət göstərirdi. Lakin məsələ ondadır ki, bu, İranda son 40 ildə gedən mübarizədir. Siz deyə bilərsiniz ki, sazişi əldə edən islahatçılar qalib tərəfdə idi və bu baş verməsə idi onlar daha çox inkişaf əldə edə bilərlər.”
ABŞ prezidenti Donald Tramp sazişin “rejimin nüvə fəaliyyətlərinə çox zəif məhdudiyyətlər” qoyduğunu və İranın regionda qeyri-sabitlik yaradan fəaliyyətlərini ünvanlamadığını iddia edir.
Lakin Mehrdad Xonsarinin sözlərinə görə, onun İran hökuməti ilə yeni razılaşma çağırışı siyasi opponentləri uzaqlaşdırır.
“O, İran liderlərinin yeni təkliflərini dinləmək, ya da yeni razılaşma əldə etmək istədiyini, buna hazır olub, fəaliyyət göstərə biləcəyini deyəndə bu o deməkdir ki, o, İranla bağlı status-kvonu dəyişmək fikrində deyil. Bu isə rejim dəyişikliyini istəyən insanların ümid etdiyi bir şeydir.”
Lakin İranın regionda rəqibləri olan Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İsrail ABŞ-ın sazişdən çıxması qərarını alqışlayıb.
İsrailin baş naziri Benyamin Netanyahu.
“İranın bomba istehsalı üçün yolunu bağlamaq əvəzinə, bu saziş əslində İranın nüvə bombaları arsenalı yaratmasına yol açır.”
İran rəsmiləri Fransa, Almaniya və Britaniyanın xarici işlər nazirliyi ilə nüvə sazişinin gələcəyini müzakirə etmək üçün bazar ertəsi günü görüş keçirəcək.