Gənc fəal Qiyas İbrahimov 2 saylı cəzaçəkmə müəssisəsində ona qarşı təzyiq olduğunu bildirib.
Bu barədə İbrahimovun anası Şura Əmiraslanova bildirib.
Onun sözlərinə görə, oğlu bu gün zəng edib və ona qarşı təxribat olduğunu deyib.
Xüsusən, cəzaçəkmə müəssisəsinin rəis müavini Şakir Qəniyev səhər yoxlamasından sonra baraka gəlib və İbrahimovun şəxsi əşyalarına baxış keçirib.
Həyət yoxlamasından sonra barakda ümumi yoxlama aparılıb.
Cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarov Qiyasa `sən professorluq edirsən` deyərək, töhmət verib.Şura Əmiraslanova, məhbusun anası
"Çarpayısının səliqəsiz olması bəhanəsi ilə Qiyası və digər altı məhbusu 6 saat ayaq üstdə saxlayıblar. Bununla da administrasiya Qiyas və digər məhbuslar arasında narazılıq yaratmağa çalışıb. Sonra Qiyas cəzaçəkmə müəssisəsinin rəisi Fikrət Qafarovun yanına aparılıb.
O, Qiyasa "sən professorluq edirsən" deyərək, ona töhmət verib", deyə Əmiraslanova bildirib.
Əmiraslanovanın sözlərinə görə, oğlu evə zəng etmək üçün gəldikdə nəzarətçi deyib ki, onun ciblərini yoxlamalıdır, belə ki, o, "nələrsə yazır, sonra telefonla diktə edir".
"Qiyas onu da deyib ki, qanunlara tamamilə riayət edir. Cibindən, yatağından, əşyalarının içindən hərhansı silah-sursat, narkotik çıxsa, bu, rəhbərliyin (cəzaçəkmə müəssisəsi) işi olacaq.
Hesab edirik ki, Qiyasa qarşı yeni təzyiq iki gün əvvəl onun Meydan.Tv-də dərc edilmiş məqaləsi ilə əlaqədar başlayıb", deyə Əmiraslanova bildirib.
Öz növbəsində, Penitensiar Xidmət bir qayda olaraq cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərə qarşı işgəncə və qeyri-insani rəftarla bağlı yayılan məlumatları qəbul etmir.
“Cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərlə münasibətlər qanunvericiliyə əməl edilməklə daxili intizam qaydalarna uyğun nizamlanır. Məhbuslara qarşı işgəncə və qeyri-insani rəftardan isə söhbət belə gedə bilməz. Məhbuslar bu hallarla rastlaşsalar Penitensiar Xidmətə və ya məhkəmələrə müraciət edə bilər,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəsisi Mehman Sadıqov bildirir.
Qiyas İbrahimov və Bayram Məmmədov 2016-cı il mayın 10-da gecə Heydər Əliyevin Bakıdakı abidəsinin üzərində siyasi şüarlar yazdıqdan sonra saxlanılıb.
Bu zaman onlar qanunsuz narkotik dövriyyəsində ittiham olunublar və 10 il müddətinə azadlıqdan məhrum ediliblər.
Amnesty İnternational beynəlxalq hüquq müdafiə təşkilatı onları "vicdan məhbusu" kimi tanıyıb.