Hüquq müdafəçisi Anar Məmmədli Amerikanın Səsinə müsahibəsində koronavirus dövründə Azərbaycanda insan hüquqları sahəsindəki problemlərdən danışıb.
Amerikanın Səsi: Karantin dövründə hökumətin tətbiq etdiyi qaydalar beynəlxalq hüquq normalarına və yerli qanunvericiliyə uyğundurmu?
İfadə azadlığı heç bir halda informasiyaların manipulyasiyaları müstəvisində məhdudlaşdırıla bilməz. Çünki bu normaların qəbulundan sonra biz şahidi olduq ki, bir çox şəxsləri polis bölmələrinə çağırırlar.
Anar Məmmədli: Azərbaycanda karantin dövründə tətbiq edilən qaydaları və ümumiyyətlə bu prosesin hüquqi aspektlərini iki qrupa bölmək olar. Birincisi, karantinlə bağlı yaradılmış operativ qərargahın tətbiq etdiyi qaydalar. İkincisi isə bundan öncə, yəni karantin başlamamışdan əvvəl parlamentin qəbul etdiyi bəzi normativ aktlar. Mən birinci normativ aktlardan başlamaq istərdim. Təəssüf ki, martın 17-də parlament Azərbaycan qanunvericiliyinə bəzi dəyişikliklər etdi. Məsələn, informasiya, informasiyanın müdafiəsi ilə bağlı qanuna, o cümlədən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər oldu. Məqsəd sosial mediada manipulyasiyaların qarşısının alınması, saxta xəbərlərin qarşısının alınması idi. Mən düşünürəm ki, bu normaların gətirilməsi özü birbaşa ifadə azadlığına təsir edən amildir. Çünki ifadə azadlığı heç bir halda informasiyaların manipulyasiyaları müstəvisində məhdudlaşdırıla bilməz. Çünki bu normaların qəbulundan sonra biz şahidi olduq ki, bir çox şəxsləri polis bölmələrinə çağırırlar. Onların hökümətin koronavirusla mübarizəyə qarşı apardığı siyasəti tənqid etməsi, bununla bağlı müxtəlif paylaşımlar etməsi hüquq-mühafizə orqanları tərəfindən diqqətə alınır və həmin şəxslər polis bölmələrinə çağırılır, xəbərdarlıq edilir. Mən düşünürəm ki, bu məsələ özü göstərdi ki, yetərincə ayrıseçkilik var. İkincisi, karantinlə bağlı Operativ Qərargahın tətbiq etdiyi qaydalarla bağlı suallar ortaya çıxdı. Çünki bir yandan İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində karantin dövründə tətbiq edilən qaydalardan söhbət açılır və həmin qaydaları pozmağa görə məsuliyyət məsələsi gündəmə gətirilir. Digər tərəfdən də bəlli olmur ki, ümumiyyətlə karantin dövründə epidemiya ilə bağlı qaydalar nədir. İnsanlar hansı gigiyenik qaydalara əməl etməlidirlər? Epidemiya ilə bağlı hansı şəraitə özlərini uyğunlaşdırmalıdırlar? Bax, bu kimi suallar yarandığından sonradan İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin tətbiqində suallar ortaya çıxmağa başladı. Mən hesab edirəm ki, operativ qərargahın adından verilən qərarların və ümumiyyətlə bunun fəaliyyəti ilə bağlı tətbiq edilən məsələlər cəmiyyətdə bir xeyli çaşqınlıq yaratdı. Yaxşı olardı ki, bu məsələlərin Azərbaycan Respublikası konstitusiyasına uyğunluğunu tətbiq etmək üçün, bunu təmin etməkdən ötəri Nazirlər Kabineti Yanında yaradılan Operativ Qərargahın qəbul etdiyi qərarlara, ümumiyyətlə bu göstərişlərə yenidən baxılaydı. Bunun həlli yolu kimi ən yaxşısı ölkədə mövcud hüquqi qanunvericilik bazasının yenilənməsi və dəyişdirilməsi ola bilərdi. Əfsuslar olsun ki, bunu etmədilər. Karantinlə bağlı qaydalar məsələsində ölkədə bir çaşqınlıq yaradıldı. Hələ də bəlli deyil ki, hüquqi normalar dedikdə nəyi nəzərdə tutmaq lazımdır.
Ameriknın Səsi: Hökumət karantin qaydalarının tətbiqi zamanı ayrıseçkiliyə yol verilmədiyini bildirir? Bir sıra beynəlxalq təşkilatlar - Freedom House, Amnesty International, Human Rights Watch, o cümlədən yerli hüquq müdafiəçiləri qeyd edir ki, Azərbaycanda koronavirusla mübarizədə repressiv tədbirlərdən istifadə edilir. Bu isə insan hüquqlarına ziddir. Siz necə hesab edirsiniz?
Hakimiyyət siyasi fəallara, ictimai fəallara qarşı koronavirus dövrünün karantin şəraitindən bir fürsət kimi yararlandı.
Anar Məmmədli: Hesab edirəm ki, karantin qaydalarının tətbiqi zamanı ayrıseçkilik halları kütləvi xarakter daşıdı. Çünki bir çox müxalif partiya nümayəndələrinə, ictimai fəallara, sosial media fəallarına qarşı biz bunun açıq-aşkar şahidi olduq. Mən başlamaq istəyərdim Tofiq Yaqublunun həbsindən ki, onun həbsi məhz karantin dövrünə təsadüf etdi, eyni zamanda onun ardınca həbsxanada, yəni saxlanıldığı yerdə ailə üzvlərilə görüşünə imkan verilmədi. Eyni zamanda zəruri geyim əşyaları ilə təmin olunmaması, bütün bunlar suallar doğurur. Çünki bir yandan deyilir ki, koronavirusla mübarizə dövründə, epidemiyaya qarşı mübarizə şəraitində gigiyenik qaydalara əməl etmək lazımdır, digər tərəfdən də çox tanınmış bir siyasi xadim həbs olunur və onun saxlandığı yerin şəraiti ilə bağlı, onun özünün sağlamlığı ilə bağlı dərmanlar qəbul edilmir, gigiyenik qaydalarının yüksək səviyyədə olması üçün evdən göndərilən əşyalar qəbul edilmir. Bu kimi məsələlər suallar yaradır. İkincisi, xeyli sayda şəxs polis bölmələrinə çağırıldı və saxlanıldı. Mən bildiyim qədər AXCP-nin demək olar ki, 10-dan artıq üzvü həbs olunub. Müxtəlif ittihamlarla saxlanılıb. Hüquq müdafiəçisi Elçin Məmmədli saxlanılıb. Bu insanlarla bağlı bizim heç bir məlumatımız yoxdur. Biz ciddi şəkildə məlumat ala bilmirik. Çünki ölkədə hal-hazırda karantin şəraitidir. Karantin şəraitində hər kəsin evdən çıxması ilə bağlı problem var. Belə bir dövrdə insanların bir-birilə maraqlanması, xüsusilə də siyasi motivli həbslərlə bağlı şəxslərin vəkillərlə təmin olunması, onların ailə üzvlərinin yanına gedib baş çəkməsi, taleləri ilə maraqlanması demək olar ki, məhdudlaşıb. Mən hesab edirəm ki, hakimiyyət siyasi fəallara, ictimai fəallara qarşı koronavirus dövrünün karantin şəraitindən bir fürsət kimi yararlandı. Ona görə də həm yerli hüquq-müdafiə təşkilatlarının, həm də beynəlxalq hüquq təşkilatlrının Azərbaycanda koronavirusla mübarizədə repressiv tədbirlərdən istifadə olunduğunu, xüsusilə də siyasi fəallara qarşı ayrıseçkilik siyasətinin yürüdüldüyünü tam məsuliyyətlə bəyan edirəm. Hesab edirəm ki, bu yolverilməzdir. Hakimiyyət bu siyasətindən əl çəkməlidir. Çünki dünyanın çox az sayda ölkəsi belə bir fövqaladə mühitdə karantini bir fürsətə çevirir. Siyasi opponentlərinə qarşı təqiblər, təzyiqlər üçün əlverişli şəraitə çevirir. Bu, yolverilməz haldır.
AmerikanınSəsi: Karantin dövründə insanların sosial, iqtisadi və siyasi hüquqları sahəsində tətbiq edilən məhdudiyyətlər hökumət-xalq münasibətlərinə necə təsir edir?
Azərbaycanda karantin dönəmi əvvəldən də mövcud olan sosial iqtisadi problemləri daha da qabartdı.
Anar Məmmədli: Hazırda Azərbaycanda karantinlə bağlı ciddi şəkildə tənqid olunan mövzulardan biri də sosial, iqtisadi və siyasi hüquqlarının yetərincə qorunmamasıdır. Xüsusilə də ölkədə işsizliklə bağlı, yoxsulluqla bağlı dəqiq statistik məlumatların olmaması bu sahədə xeyli suallar yaradır. Təəssüflər olsun ki, biz ölkə vətəndaşları arasında insanların gəlirləri, onların yaşam tərzləri, yoxsulluğun səviyyəsi, işsizliklə bağlı real rəqəmlərə malik deyilik. Ona görə də bu karantin dövrü tətbiq ediləndən sonra bir sıra müəssisələrin dayanması, iş yerlərinin dayanması, yəni, faktiki olaraq dövlət müəssisələri istisna olmaqla, qeyri-dövlət sektorunun fəaliyyətinin dayanması cəmiyyətdə bir ajiotaja səbəb oldu. Bu yöndə əsas narahatlıq doğuran məsələlərdən biri sosial-iqtisadi rifahla bağlı hökumətin yürütdüyü siyasət idi. Mən bu dönəmdə vətəndaşların birdəfəlik müavinətlərlə təmin olunmasını, əlbəttə ki, ilkin reaksiya kimi təqdir edirəm. Ancaq hakimiyyətin sosial, iqtisadi paketi özünü məncə doğrultmadı. Xüsusilə də şikayətlər daxil olmaqdadır ki, xeyli insan bu birdəfəlik yardımlardan məhrum oldu. Onlar çatdırılmadı. İkincisi, bu məbləğin özü yetərli deyil. Çünki bir çox ailələrdə yalnız bir şəxsə 190 manat tutuldu. Həmin 190 manat əfsuslar olsun ki, həmin ailənin xərclərini ödəmək iqtidarında deyil. Bunun özü də bir narazılıq yaratdı. Digər bir narazılıq, maliyyə sektorunda və və bank sektorunda olan böhranla bağlıdır. Son günlər bir neçə bankın bağlanması, insanların orada əmanətlərin qalması, əmanətlərin taleyi ilə bağlı məsələlər yeni bir ajiotaja səbəb olub. Nəhayət, bu karantin dövrü başa çatdıqdan sonra ölkədə qeyri-dövlət sektorunun yəni özəl sektorun, kommersiya müəssisələrinin biznes mühitinin canlanacağı ilə bağlı, bu sahədə xüsusilə kiçik və orta bizneslə məşğul olan şəxslərin narahatlıqlarının ödəniləcəyi ilə bağlı onlara müəyyən maliyyə dəstəyinin ediləcəyi ilə bağlı suallar qalmaqdadır. Mən belə bir mühitdə təəssüflə qeyd etmək istərdim ki, Azərbaycanda karantin dönəmi əvvəldən də mövcud olan sosial-iqtisadi problemləri daha da qabartdı. Bundan sonra hakimiyyətin üzərinə düşən narahatlıqları aradan qaldırmaq üçün daha şəffaf, açıq hesabatlı siyasət yürütmələri ola bilərdi. Ölkə vətəndaşları bilməlidir ki, dövlət nə qədər vəsait ayırır. Bu vəsait necə ayrılır, necə xərclənir. Bu kimi suallara cavab verilməsə narazılıqların artacağını düşünürəm. Çünki insanları sakitləşdirmək üçün dövlət bütün resurslarından hansı formada istifadə etdiyini açıqlamalıdır.
Amerikanın Səsi: Tətbiq edilən məhdudiyyətlər postpandemiya dövründə hansı fəsadlar yarada bilər?
Yaxın 5 il üçün Azərbaycanda ümidverici proqnozlar vermək çətindir.
Anar Məmmədli: Postpandemiya dövrü ilə bağlı hər hansı proqnoz verməkdə çətinlik çəkirəm. Çünki bilmirik ki, bu pandemiya nə vaxta kimi davam edəcək. Amma fakt burasındadır ki, Azərbaycan ciddi şəkildə neft bazarında qiymətlərin aşağı düşməsindən əziyyət çəkən ölkələr sırasındadır. Çünki ölkə iqtisadiyyatının 60 faizindən çoxu neftin üzərində qurulub. Belə bir durumda bizim təbii ki, çəkəciyimiz əziyyət daha çox ola bilər. Maliyyə böhranı getdikcə arta bilər. İqtisadi sferada çox ciddi təlatümlər yaşana bilər. Bunlar hamısı təbii ki, ölkənin neftə bağlılığının yaratdığı şəraitdi. Bunun aradan qaldırılması üçün təbii ki, hökumətin bir sıra addımlar atmasına ehtiyac var. Mən düşünürəm ki, bu proses çox uzun çəkərsə, Azərbaycanda ciddi sosial-iqtisadi fəsadlar özünü göstərə bilər. Bundan qaçmağın təbii ki, yolları var. Bayaq söylədiyim kimi, birinci növbədə şəffaflıq və hesabatlılığa ciddi riayət etmək lazımdır. Hakimiyyət birinci növbədə özünü daha hesabatlı, daha şəffaf aparmaldır ki, ölkə vətəndaşında hakimiyyətin verdiyi qərarlarla bağlı heç bir sual yaranmasın. Nə qədər ki, şəffaflıq və açıqlıq təmin olunmayıb, hökumətin verdiyi istənilən qərar sorğulanacaq. Bu sorğu-sualı aradan qaldırmaq, insanların beynindəki suallara aydınlıq gətirmək üçün mütləq şəffaflığa əməl olunmalıdır. İkinci bir məsələ postpandemiya dövrü ilə bağlı daha ağlabatan və çevik maliyyə, iqtisadi siyasət yürüdülməlidir. Hökumət bununla bağlı addımlarını sürətləndirməlidir. Mən ümidvaram ki, bu pandemiya dövrü çox uzun sürməyəcək və tezliklə karantin müddəti başa çatacaq. Bundan sonra Azərbaycanda iqtisadi, ümumiyyətlə sosial-iqtisadi sferada vəziyyəti düzəltmək üçün hakimiyyət çevik addımlar atmalıdır. Amma bunlar baş verməsə əfsuslar olsun ki, yaxın 5 ildə ölkənin sosial-iqtisadi həyatında fəsadlar özünü durmadan göstərəcək. Mən ciddi şəkildə narahatam ki, yaxın 5 il üçün Azərbaycanda ümidverici proqnozlar vermək çətindir.
Qeyd: Azərbaycan hökuməti karantin qaydalarının tətbiqi zamanı ayrıseçkiliyə yol verilmədiyini bildirir. Hökumət koronavirus dövründə əhalinin sosial problemlərinin və biznesin müdafiəsi üçün kifayət qədər vəsait ayırdığını bəyan edib.
Rəsmi Bakı insan hüquqları sahəsində bütün hüquqların tam təmin edildiyini bildirir və tənqidləri qərəzli sayır.