Bu gün, sentyabrın 27-də Azərbaycanda Anım Günü keçirilir.
Azərbaycan prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciət edib.
"İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu qələbə tarixdə əbədi olaraq qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək ərazi bütövlüyünü bərpa etdi. Mən dəfələrlə demişəm ki, Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq" - deyə, İlham Əliyev bildirib.
Azərbaycan prezidenti deyib ki, sentyabrın 27-də Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin təməli qoyulacaq.
"Bakıda, şəhərimizin ən gözəl yerlərinin birində İkinci Qarabağ müharibəsinin qəhrəmanlarının şərəfinə möhtəşəm abidə ucaldılacaq", o bildirib.
İlham Əliyev bildirib ki, Azərbaycanın qələbəsi ilə başa çatan münaqişə xalqın "şanlı tarixinin" bir hissəsinə çevrilib. "Bu qələbə tarixdə əbədi olaraq qalacaq"- deyə o bildirib.
Bakıda əsgərlər müharibədə həlak olan yoldaşlarının fotoşəkillərini daşıyaraq şəhərin mərkəzində fəxri keçid həyata keçirib.
Yürüşdə ölkə prezidenti İlham Əliyev və vitse-prezident Mehriban Əliyeva da iştirak edib.
Əvvəllər Ermənistanın nəzarətində olan Ağdam məsicidi də daxil olmaqla, ölkədəki bütün məscidlər, kilsələr və sinaqoqda ölənlərin xatirəsinə dualar oxunub.
Anım günü ilə əlaqədar olaraq həlak olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan ərazisində yerli vaxtla saat 12:00-da nəqliyyatın hərəkəti dayandırılıb, gəmilər, qatarlar fit verib.
Müdafiə Nazirliyinin yaydığı məlumata görə Azərbaycan 2907 hərbi qulluqçusunu itirib, 7 nəfər isə itkin düşmüş hesab olunur. Ümumilikdə 93 mülki şəxsin həlak olduğu, 454 mülki vətəndaşın yaralandığı bildirilir.
Öz növbəsində Ermənistanda da anım tədbirləri keçirilir.
Sentyabrın 27-də səhər Ermənistanın Baş naziri Niko Paşinyan Yerevandakı Yerablur hərbi panteonunda 44 günlük Qarabağ müharibəsi qurbanlarının məzarlarını ziyarət edib.
Ermənistanın paytaxtı Yerevanda təxminən 3 min nəfər Qarabağ uğrunda Azərbaycanla bir əvvəl başlamış müharibə qurbanlarını anmaq üçün yürüş keçirib.
Ölkənin keçmiş prezidenti Robert Koçaryanın rəhbərliyi altında müxalifət partiyaları şəhərin mərkərzindəki Erablur hərbi məzarlığına doğru yürüyüş edərək məşəl yandırılması mərasimini təşkil edib.
Yürüş iştirakçılarından biri olan Naira Kartasiyan bildirib ki, "bu müharibə bir çox şeyi dəyişdi və ölkəmizdəki vəziyyəti daha da pisləşdirdi. Düşünürəm ki, bütün bunları unudub va yaralarımızın sağalmağı üçün bizə daha 100 il lazım olacaq".
Müharibənin bitməsi üçün əldə edilmiş sülh razılaşması Ermənistanda təhqir kimi qiymətləndirilərək, baş nazir Nikol Paşinyana qarşı uzun sürən küçə etirazlarına səbəb olmuşdu.
Xatırlatma
Dağlıq Qarabağda Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Rəsmi məlumatlara görə, azad edilmiş ərazilərdə münaqişədən əvvəl mövcud olan bütün təhsil müəssisələrinin və uşaq bağçalarının binaları dağıdılıb.
Sovet İttifaqı dağıldığı zamanı iki ölkə arasında Dağlıq Qarabağ uğrunda ilk müharibədə 30 min insan həyatını ititib.