Accessibility links

Şərqi Azərbaycan məhkəməsi milli fəalın apellyasiya şikayətinə baxıb


Şərqi Azərbaycan vilayət məhkəməsi 2019-cu ilin noyabr ayında İranda baş verən kütləvi aksiyalar ilə əlaqədar mühakimə edilmiş türk fəal Hüccət Muxtarzadənin apellyasiya şikayətinə baxıb.

Hüccət Muxtarzadə daha əvvəl İranın Kəşfiyyat Nazirliyinin şikayəti ilə mühakimə edildiyi İnqilab Məhkəməsi tərəfindən “rejimə qarşı təbliğat”da ittiham edilərək 1 il həbsə məhkum edilmişdi. Məhkəmə əlavə olaraq fəalın mobil telefonunun müsadirə edilməsini hökm etmişdi.

Amerikanın Səsinin surətini əldə etdiyi məhkəmə sənədində yazılanlara görə, Şərqi Azərbaycan Apellyasiya Məhkəməsi “Adışirin oğlu Hüccət Muxtarzadənin bir illik həbs cəzasının qüvvədə saxlanılmasına, fəqət islami şəfqətə əsasən həbs cəzasının 50 milyon rial cərimə cəzasına çevrilməsinə” dair qərar çıxarıb.

Hüccət Muxtarzadə 2019-cu ilin noyabr ayında artan benzin qiymətinə qarşı etirazlara qatılmaq ittihamı ilə saxlanılıb və təqribən bir ay sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

2019 etirazları ilə əlaqədar fərqli ittihamlarla üzləşən fəal həm İnqilab Məhkəməsi, həm də Cəza Məhkəməsində mühakimə edilib. Amerikanın Səsinin əldə etdiyi məlumata görə, o, Cəza Məhkəməsi tərəfindən də cərimə cəzasına məhkum edilib.

2019-cu ilin noyabrında İranda benzinin qiymətinin artması ardından baş qaldıran etirazlar zamanı ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı öldürülüb, minlərlə vətəndaş nəzarət altına alınmışdı.

XS
SM
MD
LG