Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Xınalıq arxeoloji ekspedisiyası Quba rayonunun inzibati ərazisinə daxil olan Xınalıq kəndinin cənub-şərqində e.ə. I minilliyin ortalarına və ikinci yarısına aid edilən qədim nekropolu aşkar edib. Bu barədə AMEA-nin Mətbuat xidməti məlumat yayıb.
Xınalıq arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyev bildirib ki, ilkin aşkar edilən və tədqiq olunan 12 qəbir əsasən şərq-qərb istiqamətlidir, daş plitə parçaları ilə divarları üzlənib və üzəri daş plitələrlə örtülüb.
“Aşkar edilmiş skeletlər əsasən sağ, həmçinin sol böyrü, həm də beli üzərində uzadılmış vəziyyətdədir. Onların kəllələri şimal-qərbə istiqamətlənib. Skeletlər və onlardan nümunələr antropoloji və d. çeşidli analizlər üçün götürülüb”.
Ekspedisiyanın rəhbərinin sözlərinə görə, tədqiq edilmiş qəbirlərdə zəngin dəfn inventarı aşkar edilib.
“Dəfn inventarı içərisində tunc və dəmirdən hazırlanmış silahlar (nizə, ox ucluqları, o cümlədən, iskitlərə xas ox ucluğu), tuncdan bəzək əşyaları (qolbaqlar, asmalar, tac formasında dəmir lövhələr - alınlıqlar, saç sancaqları), çoxsaylı əqiq, pasta mənşəli muncuqlar və digərmaddi mədəniyyət nümunələri qeyd edilib. Maddi mədəniyyət nümunələri ərazinin müasir Azərbaycanın Şimali-Qərb və Şimali-Şərq regionları, həmçinin, müasir Dağıstan (Rusiya Federasiyası) ilə öz dövründə intensiv mədəni əlaqələrə malik olmasını bariz nümayiş etdirməkdədir”.
Alimin fikrincə, nekropolda tədqiq edilmiş 12 qədim qəbirin tarixini təqribən e.ə. I minilliyin ortalarına və ikinci yarısına, ehtimalımıza görə, e.ə. V-III əsrlərə aid etmək olar.