Accessibility links

Əsəd Suriyada qələbə qazanmaq üzrədirmi?


Belə görünür ki, İŞİD-in və digər üsyançı qrupların nəzarətində olar torpaqların və şəhərlərin xeyli hissəsini ələ keçirdikdən sonra Suriya höküməti, həmçinin onun regional və beynəlxalq müttəfiqləri daha əlverişli vəziyyətə malikdirlər.

Lakin ekspertlər deyir ki, növbəti ay səkkizinci ilinə daxil olacaq münaqişənin həll edilməsinə hələ çox var.

Yaxın Şərq İnstitutunun tədqiqatçısı İbrahim əl-Assilin fikrincə, üstünlüyün Suriya rejiminində olacağı ehtimalı çoxdur, amma bu o demək deyil ki, rejim münaqişədən qalib kimi çıxacaq.

Rejim yüz minlərlə suriyalını öldürməklə və həbs etməklə bütün legitimliyini itirib.

“Suriyadakı münaqişə yalnız silahlı münaqişə deyil, daha dərindir. Dövlət institutları hər zaman olduğundan daha zəifdir və rejim yüz minlərlə suriyalını öldürməklə və həbs etməklə bütün legitimliyini itirib.” – deyə əl-Assil bildirib.

Lakin Rand Korporasiyasının terrorizm və üsyan üzrə tədqiqatçısı Kolin Klark fərqli düşünür:

“Mən deyərdim ki, hal-hazırda Əsəd qalib kimi görünür. O, bütün əsas məqsədlərə - hakimiyyətdə qalmağa və rejiminin məğlubiyyətinin qarşısını almağa nail olub.”

Suriyanın hələ də tam xaos içində olduğunu və heç zaman əvvəlki kimi olmayacağını bildirən Klark əlavə edib ki, Əsəd əlində olan bütün vasitələrlə üsyançılara qarşı döyüşməklə çoxlarını təəccübləndirib:

“Digər tərəfdən də o, kimyəvi silahlardan istifadə və kütləvi qırğına görə beynəlxalq icmadan təcrid edilib. Əsədin əsas havadarı Rusiya çox güman kimi gələcək danışıqlar zamanı Suriya müharibəsinin həlli ilə bağlı razılığa gəlmək üçün ona təzyiq göstərəcək.”

Senatın Silahlı Qoşunlar Komitəsinin üzvləri qarşısında çıxış edən general Cozef Votel deyib ki, Əsəd 2017-ci ildə mərkəzi və şərqi Suriya ərazilərində ciddi nailiyyətlər əldə edib:

Rejim milyardlarla dollar miqdarında İran və Rusiya iqtisadi və hərbi dəstəyindən asılıdır.

“Əsəd rejiminin yenidən əldə etdiyi torpaqları qorumaq üçün kifayət sayda qoşunları yoxdur. Rejim milyardlarla dollar miqdarında İran və Rusiya iqtisadi və hərbi dəstəyindən asılıdır. Bu çox böyük məsrəfdir və həm Moskvanı, həm də Tehranı münaqişəyə son qoymaq yolları axtarmağa sövq edir.”

Suriyadakı vəziyyəti monitorinq edən Britaniyada yerləşən Suriya İnsan Hüquqları Müşahidə qrupu bildirib ki, münaqişənin davam etdiyi yeddi il ərzində 500,000 mülki əhali həlak olub. Bu insanların təxminən 85 faizi Suriya rejimi və onun müttəfiqləri tərəfindən öldürülüb.

ABŞ Dövlət Departamenti Suriyadakı döyüşlərə son qoyulması çağırışları edib.

“Biz atəşkəsin əldə edilməsi çağırışlarımıza davam edirik və bu hələ ki, baş verməyib. Hal-hazırda isə atəşkəsdən də vacib olan - ehtiyac duyulan humanitar yardımın çatdırılmasıdır.” – deyə, Dövlət Departamenti sözçüsü Hezer Nauert bildirib.

Dünya Bankının hesablamalarına görə, 2011-cı və 2016-cı illər arasında Suriyadakı itkilər 226 milyard dollar miqdarında olub. Birləşmiş Millətlər Təşkilatı isə yenidənqurmanın 250 milyard dollara başa gələcəyini təxmin edir.

Birləşmiş Ştatlar və tərəfdaşları qatil Əsəd rejiminin nəzarəti altında olan ərazilərin yenidənqurmasına vəsait ayırmayacaq.

Təhlükəsizliyin təmin edilməsi yenidənqurma səylərinin əsas şərtidir. Belə ki, milyonlarla insan, o cümlədən müxtəlif hərbi qruplar Suriyanın müxtəlif yerlərində səpələnmiş vəziyyətdədir.

Vəzifəsini tərk edən ABŞ milli təhlükəsizlik müşaviri H.R. Makmaster bu ay öz nitqində bildirib ki, “Birləşmiş Ştatlar və tərəfdaşları qatil Əsəd rejiminin nəzarəti altında olan ərazilərin yenidənqurmasına vəsait ayırmayacaq. Yardım yalnız Əsədin hakimiyyətdən getməsindən sonra ediləcək.”

XS
SM
MD
LG