Accessibility links

Aslan İsmayılov Binəqədi Rayon Məhkəməsinin tərkibinə etiraz edib


Avqustun 1-də Binəqədi Rayon Məhkəməsində hüquqşünas Aslan İsmayılovun məhkəməsi başlayıb. İsmayılov məhkəməsinin tərkibinə etiraz edərək məhkəmə zalını tərk edib. Sədrlik edən hakim Mirheydər Zeynalov İsmayılov iclas zalını tərk etdikdən sonra cinayət işinin avqustun 10-da saat 12-də məhkəmə baxışına verilməsi barədə qərar qəbul edib.

Aslan İsmayılov Amerikanın Səsinə bildirib ki, bu il iyunun 20-də məhkəmə çəkişməsinin qanun çərçivəsində Binəqədi Rayon Məhkəməsindən başqa məhkəməyə keçirilməsini tələb edib.

“Bu gün məhkəmənin iclası başlamazdan öncə sədrlik edən hakim Mirheydər Zeynalov Bakı Apellyasiya Məhkəməsinin etirazı baxılmamış geri qaytardığını bildirdi və əsas kimi onu göstərdi ki, mənim bütün Binəqədi Rayon Məhkəməsinin tərkibinə etiraz etməyim işə baxan hakim Mirheydər Zeynalova etiraz etmək demək deyil. Buna etiraz olaraq yenidən etiraz yazaraq bildirdim ki, bütün Binəqədi Rayon Məhkəməsinin tərkibinə etiraz etmək, o cümlədən, həmin məhkəmənin hakimi M.Zeynalova etiraz deməkdir”, o qeyd edib.

“Etirazı ona görə verdim ki, haqqımda qanunsuz olaraq şikayət edən hakim də, ona yardımçı olanların hamısı Binəqədi məhkəməsinin işçiləridir və bu cinayət işində şahid olanlar da yalnız onlardır”, İsmayılov əlavə edib.

Belə ki, məhkəmə Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin şikayəti əsasında 2017-ci il oktyabrın 16-da polis tərəfindən Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə (xuliqanlıq) qaldırlımış cinayət işi çərçivəsində şikayətə baxır.

Aslan İsmayılov “Müasir Müsavat” Partiyasının sədri Hafiz Hacıyevin (keçmiş prezidentliyə namizəd-red.) mediada onu təhqir etməsi ilə bağlı 2017-ci ildə Nərimanov Rayon Məhkəməsinə müraciət edib. Nərimanov Rayon Məhkəməsi işə 8 dəfə baxdıqdan sonra iş materiallarını baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərib.

“Binəqədi rayon Məhkəməsində iclas olan günü, 2017-ci il oktyabrın 2-də guya məhkəmə zalında insident yaşanıb. Mən məhkəmə zalında olmuşam. Məndən başqa heç kim, o cümlədən H.Hacıyev də olmayıb. Məhkəmənin katibi iclasın tezliklə başlayacağını bildirib. Mən məhkəmə zalında 40 dəqiqə olduqdan, dəfələrlə məhkəmənin başlamasını tələb etdikdən sonra deyiblər ki, qərar elan edilib. Etiraz etmişəm. Demişəm ki, hakim qərarı zalda mənə elan etməlidir. Bu əslində hakimin qanunsuzluğa yol verməsidir. Bundan sonra Binəqədi Rayon Məhkəməsinin hakimi Rəşad Əliyevin şikayət ərizəsi əsasında mənə qarşı cinayət işi başlanıb”, o qeyd edib.

2018-ci ilin mayın 25-də A.İsmayılova Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə ittiham elan edilib və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

2018-ci il iyunun 4-də iş üzrə ittiham aktı təsdiq edilərək cinayət işi baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Aslan İsmayılov bu gün Amerikanın Səsinə bildirib ki, avqustun 10-da yenə məhkəməyə etiraz edəcək, işin başqa məhkəməyə göndərilməsini tələb edəcək.

"Əgər məhkəmə işin başqa məhkəməyə göndərilməsi barədə qərar qəbul etməzsə, yenə məhkəmə zalını tərk edəcəm. Çünki bu məhkəmə işdə maraqlıdır və obyektiv araşdıma apara bilməz ”, o qeyd edib.

Xatırladaq ki, bundan öncə iyulun son günlərində Səbael Rayon Məhkəməsi İsmayılov barəsində Hafiz Hacıyev və Mürvət Həsnlinin şikayətləri üzrə Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə iki qərar qəbul edib. Məhkəmə hüquqşünas barədə 1 il 6 ay islah işləri, 3000 manat cərimə və qazancının 15 faiznin dövlət nəfinə tutulması barədə qərarlar qəbul edib.

XS
SM
MD
LG