Azərbaycan prezidenti İlham Əliyev bu gün ATƏT-in Minsk qrupunun amerikalı və rusiyalı həmsədrlərini ayrı-ayrılıqda qəbul edib.
Dövlət başçısı amerikalı həmsədr Robert Bradke ilə Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyətinə və perspektivlərinə dair fikir mübadiləsi aparıb.
Amerikalı həmsədr görüşdən öncə jurnalistlərə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin dediyi kimi, biz Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prosesin həlledici mərhələsindəyik. “Amma son iki ayda əldən verdiyimiz məqamı geri qaytarmaq lazımdır." O eyni zamanda deyib ki, prezident Əliyevlə görüşdə Amerikanın Azərbaycanla möhkəm əlaqələr qurmaqda, həm ikitərəfli, həm də Qarabağ probleminin həlli ilə bağlı əməkdaşlıqda maraqlı olduğunu açıqlayacaq: “ABŞ Qarabağ probleminin həlli prosesində tərəqqi əldə olunmasını istəyir. Bizdən nə asılıdırsa, sülh prosesində onu edəcəyik”, - deyə cənab Bradke qeyd edib.
Cənab Əliyev ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakovu isə fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib. Cənab Merzlyakov ATƏT-in Minsk qrupunun Rusiyadan olan yeni həmsədri İqor Popovu təqdim edib.
Yeni həmsədr bundan öncə Rusiyanın Mozambikdəki səfiri olub. O 1981-ci ildən Xarici İşlər Nazirliyi sistemində işləyir. 2000-ci ildə Rusiya Xarici İşlər Nazirliyində MDB ölkələri Birinci Departamentinin direktor müavini təyin edilib. 2005-ci ildən isə Rusiyanın Mozambikdəki səfiri idi.