Accessibility links

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana səfər edib


ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana səfər edib
ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistana səfər edib

Həmsədrlər Soçi görüşünün nəticələrini, ATƏT-in fakt araşdırıcı missiyasının hesabatını, cəbhə xəttindən snayperlərin çəkilməsi məsələlərini müzakirə edib. Beynəlxalq Qırmızı Xaç Komitəsi isə hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı Azərbaycan və Ermənistanla danışıqlara başlayıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik Azərbaycanda səfərdə olub.
Həmsədrlər Azərbaycan rəsmiləri ilə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə bağlı son vəziyyət, atılacaq növbəti addımları, habelə cəbhə xəttində atəşkəs rejiminin son vaxtlar tez-tez pozulması ilə bağlı müzakirələr aparıb.

Fransalı həmsədr Bernar Fasie Bakı hava limanında səfərin yekunları ilə bağlı bildirib ki, prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş keçiriblər. “Soçi görüşünün nəticələrini, ATƏT-in fakt araşdırıcı missiyasının hesabatını, hər iki tərəfdən cəbhə xəttindən snayperlərin çəkilməsi məsələlərini müzakirə etdik”, - deyə o qeyd edib.

O ATƏT-in fakt araşdırıcı missiyanın hesabatını Azərbaycan prezidentinə təqdim etdiklərini deyib. Amma, həmsədr sənədin detalları barədə danışmayıb.

ATƏT-in Minsk qrupunun həmsədrləri son günlər Ağdam rayonunda təmas xəttində 9 yaşlı azərbaycanlı Fariz Bədəlovun öldürülməsi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin komandasının araşdırmalara başladığını bildirib.

Həmsədrlər bu gün Bakıdan Yerevana yola düşüb.

Beynəlxalq Qırmızı Xaç Komitəsi isə (BQXK) hərbi əsirlərin dəyişdirilməsi ilə bağlı Azərbaycan və Ermənistanla danışıqlara başlayıb. BQXK Bakı missiyasının şöbə müdiri İlahə Hüseynovanın Turan Agentliyinə bildirib ki, Ermənistan azərbaycanlı əsirlərin qaytarılmasına razılıq verib və bu barədə BQXK-nın Yerevan ofisini xəbərdar edib. Martın 5-də Soçidə Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin görüşünün yekunları ilə bağlı imzalanmış birgə bəyanatda hərbi əsirlərin dəyişdirilməsinə dair razılıq əldə olunub. Azərbaycan tərəfinin məlumatına görə, milli ordunun çavuşu Anar Hacıyev və kiçik çavuş Roman Hüseynov erməni əsirliyindədir. Onlar 2009-cu il mayın 10-da və 2010-cu il avqustun 27-də Dağlıq Qarabağın cənubunda əsir düşüblər.

Eyni zamanda, 2010-cu ilin əvvəlində Naxçıvanla sərhəddə Ermənistandan Azərbaycana 5 nəfərlik ailə keçib. Ailə üçüncü ölkəyə köçmək istədiyini bildirib. Hərbi əsirlərin sayına gəlincə, 2010-cu ilin payızına olan məlumata görə, onların sayı 6 nəfər olub. Eyni ilə hərbi əsirlər də, yerli televiziya kanallarına müsahibəsində Azərbaycan tərəfə könüllü keçdiklərini və üçüncü ölkəyə getmək arzusunda olduqlarını deyib.

XS
SM
MD
LG