Ümumdünya Səhiyyə Təşkilatı Avropanın yenidən pandemiyanın episentri olduğunu bildirib. Bu yoluxma dalğası Avropa ölkələrinin iqtisadiyyatlarının bərpasına dair son əlamətlərə kölgə salır.
Qərbi Avropada koronavirusa yoluxma hallarının ən yüksək olduğu ölkə olmasına baxmayaraq, Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada karnaval vaxtıdır.
“Hamımız peyvənd olunmuşuq və düşünürəm ki, biz sadəcə bunu indi sınaqdan keçirməliyik. Gəlin görək nə baş verir" - deyə, karnaval iştirakçısı Cenni Neumayer bildirib.
Avropanın iqtisadiyyatlarında təşviş hissi hökm sürür. Bir neçə həftə əvvəl perspektivlər parlaq görünürdü. Avrozonada rüblük artım sentyabr ayına qədər üç ay ərzində həm ABŞ, həm də Çindən yüksək idi.
Ancaq COVID-19 geri dönüb. Almaniya, Avstriya, Niderland, Bolqarıstan və Rumıniya qismən karantin rejimi tətbiq edən dövlətlər sırasındadır.
“Gələcəyin necə olacağını bilmirik. Yoluxma nisbəti əlbəttə ki, yaxşı deyil. Ancaq səhmlər bunun keçmişdəki kimi məsələn, iqtisadiyyatın az qala dayandığı və böyük borc yarandığı kütləvi qapanmalar olmayacağını göstərir. Bu, bir sadə səbəbə görə baş verməyəcək: Əgər hələ də karantin rejiminə girməlisənsə, peyvənd olunmağın nə mənası var?” -deyə, Baader Bank təhlilçisi Robert Halver qeyd edib.
Amma Avropa İttifaqı misli görünməmiş 819 milyard dollarlıq koronavirus xilasetmə paketi ilə cavab verdi.
Lakin qlobal tədarük zənciri problemləri və yüksək enerji qiymətləri Avropa ölkələrinin iqtisadiyyatlarını sıxışdırır. Almaniyanın 430 milyard dollarlıq avtomobil sənayesi bundan əziyyət çəkir.
“Müəyyən məhsulların tarixən görünməmiş çatışmazlığı var. Yarımkeçirici çatışmazlığı yüz minlərlə avtomobilin tamamlanmamasına səbəb olub” - deyə, Almaniya İqtisadiyyat Naziri vəzifəsini icra edən Peter Altmayer bildirib.
İnflyasiya xərcləmə gücünü azaldır və mərkəzi banklara faiz dərəcələrini yüksəltmək üçün təzyiq göstərir.
“Bu, qlobal problemdir. Demək olar ki, daha bir neçə ay davam edəcək. Bunun səbəbinin bir hissəsi odur ki, yenidən açılmaqla bir çox istehlakçı tələbi artırdı və buna görə də qapanma zamanı almadıqları bir çox malı almağa başladılar. Bu isə o demək idi ki, qlobal təchizat sistemi ayaqlaşmaq üçün mübarizə aparıb” – deyə, Avropa İslahatları Mərkəzinin Direktor müavini Con Sprinqford bildirib.
Avropa qış bitən kimi peyvəndlərin COVID-in səbəb olduğu növbəti tənəzzülün qarşısını alacağına ümid edir.
Milad bayramına bir neçə həftə qalmış istehlak xərclərinin artması Avropanın istəklər siyahısında birinci yerdədir.
Lakin qlobal tədarük zənciri problemləri ilə Milad ağacının altında bəzi şeylər olmaya bilər.