Accessibility links

Avropa İttifaqı Suriya hökumətinə qarşı yeni sanksiyalar tətbiq etdi


Avropa İttifaqı Əsəd rejiminə qarşı sanksiyaların gücləndirilməsi və daha çox humanitar yardımın göstərilməsini prioritet hesab edir

Avropa İttifaqı Suriya hökumətinə qarşı silah embarqosunu sərtləşdirməklə, rejimlə əlaqəsi olan şirkətləri və 30 nəfəri qara siyahıya sallb. Bununla yanaşı, Suriya milli hava yolları şirkətinə məxsus təyyarələrin Avropa İttifaqı ərazisində enməsini qadağan etməklə bir sıra sərt tədbirlər görüb.

Suriyada münaqişə intensivləşdikcə Avropa İttifaqının xarici işlər nazirləri priopiteti iki əsas istiqamətə yönəldib: president Bəşər əl-Əsəd rejiminə qarşı sanksiyaların gücləndirilməsi və zorakılıqdan qaçan suriyalilara daha çox humanitar yardımın göstərilməsi.

Brüsseldə gedən danışıqlar zamanı onlar iyirmidən çox Suriya vətəndaşının Avropa İttifaqına səfərlərinə qadağa qoyub, onların və şirkətlərin hesablarının dondurulması barədə qərara gəliblər.

Bu şəxslərin çoxu hərbi rəsmilərdir. Suriya təyyarələrinin Avropa İttifaqının hava limanlarında enməsinə qadağa qoyulmasına baxmayaraq onların Avropa ölkələrinin hava hövzəsindən keçməsi və qəza enişi etməsinə icazə verilib.

Nazirlər həmçinin 2011-ci il Avropa İttifaqının Suriya rejiminə qarşı silah embarqosunu sərtləşdiriblər. Üzv ölkələr bundan sonra şübhəli təyyarə və gəmilərdə axtarış aparmalıdır. İndiyə qədər bu, axtarış aparan tərəfin istəyi əsasında tətbiq olunurdu.

Suriyadan axınla köçən qaçqınlar üçün isə nazirlər əlavə 24 miliyon dollar dəyərində yardım ayırıb. Lakin Britaniyanın xarici işlər naziri Vilyam Heyq daha çox yardım göstərilməsinin vacibliyini vurğulayıb:“Biz sərhəddən qaçan insanlar üçün humanitar yardımı artırmalıyıq, Əsəddən sonrakı Suriyaya hazırlanmaq üçün biz Suriya müxalifətinə daha çox əməli dəstək göstərməliyik. Bununla da biz bu gün göstərdiyimiz irəliləyişlə Avropa İttifaqından kənarda yerləşən dövlətləri də Əsəd rejiminə qarşı ciddi və işlək sanksiyalar tətbiq etməyə həvəsləndirməliyik.”

Nazirlər həmçinin Əsəddən sonrakı Suriyanın mümkünlüyünü müzakirə ediblər.
Fransanın xarici işlər naziri Loren Fabius bildirib ki, Avropa İttifaqı Suriyada Əsəddən sonrakı dövr ölkənin çoxmillətli əhalisini təmsil edəcək keçid hökumətinin təşkil olunması yollarını araşdırır.

Bir ildən artıq müddətdir başlamış hökumət əleyhinə üsyan nəticəsində minlərlə suriyalı öldürülmüş və on minlərlə insan yaşadığı yerlərdən didərgin düşmüşdür.

Bazar ertəsi Əsəd hökuməti münaqişədə kimyəvi silahdan istifadə etməyəcəyini bəyan edib. Lakin, Fransanın xarici işlər naziri Fabius da daxil olmaqla İsrail və Qərb dövlətləri Suriyanın kimyəvi silahlardan istifadə edə biləcəyinin mümkünlüyünü bildirərək, bunun dərin narahatlıq doğurduğunu və nəzarətdə saxlanmalı olduğunu bəyan ediblər.
XS
SM
MD
LG