Fevralın 13-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycandan gənc fəallar Qiyas İbrahimov və Bayram Məmmədovun verdiyi 6 şikayət üzrə qərar çıxarıb.
AİHM onların işgəncə, qanunsuz axtarış, məhkəməöncəsi həbs, qeyri-insani rəftar şikayətlərini təmin edib.
Məhkəmə fəalların Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin qadağan edilməsi), 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 10-cu (fikri ifadə etmək azadlığı) və 18-ci (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadə həddi) maddələri üzrə hüquqlarının pozulduğu qənaətinə gəlib.
Məhkəmənin qərarına əsasən Azərbaycan hökuməti hər iki fəala 72 min avro ödəməlidir.
Gənc fəal Bayram Məmmədov Amerikanın Səsinə Avropa Məhkəməsinin qərarının düzgün olduğunu deyib.
"Verilmiş qərarın düzgün olduğunu düşünürəm, olmalı olan bu idi. Əksi qəbul edilməz olardı. O ki, qaldı, bu, ədaləti bərqərar edirmi sualına. Bizim hakimiyyət uzun müddətdir ki, bu məsələlərə qarşı özündə immunitet yaradıb. Ölkədə hələ də 100-dən çox siyasi məhbus var, fundamental insan hüquq və azadlıqları başlıca problemlərdən biri olaraq qalır," o vurğulayıb.
Hər iki fəalın vəkili Elçin Sadıqov məhkəmənin qərarını şərh edib.
"İlk dəfə məhkəməyə qədər prosedur zamanı həbsin, axtarışın, işgəncənin ərizəçilərin ifadə azadlığına görə edildiyi tanındı və deyildi ki, Konvensiyanın 10-cu maddəsi pozulub. Ən sonda Məhkəmə Konvensiyanın 18-ci maddəsinin pozuntusunun olduğunu bir daha dedi. Bildirdi ki, insanları siyasi və pis məqsədlərlə həbs etmək, onlara işgəncə vermək olmaz.
Özümü, Qiyas İbrahimovu, Bayram Məmmədovu və Azərbaycan xalqını təbrik edirəm. Xalqı ona görə təbrik edirəm ki, bu qərardan sonra polisin və məhkəmələrin eyni hala yol verməsinin azalacağı ümidindəyəm," vəkil əlavə edib.
NİDA Gənclər Hərəkatının üzvləri Bayram Məmmədov və Qiyas İbrahimov xüsusilə böyük ölçüdə narkotik maddə saxlamaq ittihamı ilə həbs edilib və hər biri 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Onlar məhkəmədə deyiblər ki, həbslərinin əsas səbəbi 2016-cı ilin mayında Bakının mərkəzində Heydər Əliyevin abidəsinə siyasi şüarlar yazmaları olub.
Onlar siyasi məhbus kimi tanınıblar və 2019-cu ilin martında əvf sərəncamı ilə azadlığa çıxıblar.