Accessibility links

Avropa Məhkəməsi "Nardaran məhbusları"nın şikayəti üzrə kommunikasiyaya başlayıb


2015-ci il noyabrın 26-da Nardaran hadisələrinə görə həbs olunan şəxslərin, o cümlədən "Müsəlman Birliyi" Hərəkatının rəhbəri Taleh Bağırovun Avropa Məhkəməsinə göndərdiyi şikayət üzrə kommunikasiya mərhələsi başlayıb. T.Bağırovla yanaşı, "Nardaran məhbusları" Zakir Mustafayev, Abbas Hüseynov, Şamil Abduləliyev, Əlibala Vəliyev, Rasim Cəbrayılov, Ramin Yarıyev, Abbas Quliyev və Əli Nuriyevin bu şikayətləri işgəncə məsələsiylə bağlıdır.

Bu şəxslərin həbs olunduqları gün və ondan sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncəyə məruz qalmaları barədə şikayətdə yazdıqları ilə əlaqədar Avropa Məhkəməsi Azərbaycan hökumətinə sorğu göndərib.

Azərbaycan hökumətinə göndərilən suallar 26 noyabr 2015-ci ildə keçirilən əməliyyatın qanunun tələblərinə uyğun olub-olmaması, həbs edilənlərin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə necə aparılması, onların həkim yardımından istifadəsinə şərait yaradılıb-yaradılmaması ilə bağlıdır.

"Nardaran məhbusları" işgəncə iddialarının araşdırılması üçün yerli məhkəmələrə müraciət edib. Lakin məhkəmələr iddiaları rədd edib.

Avropa Məhkəməsinə şikayətlərində onlar İnsan haqları və Əsas Azadlıqların Müdafiəsinə dair Konvensiyanın 3-cü (işgəncəyə, qeyri-insani rəftara məruz qalmamaq hüququ), 13-cü (səmərəli hüquqi müdafiə vasitələri hüququ) və 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddələri ilə təminat verilən hüquqlarının pozulduğunu yazıb.

"Nardaran məhbusları" ilə yanaşı, həbsdə olan jurnalist Fikrət İbişbəyli, hüquqşünas Aslan İsmayılov, siyasi fəal Bəxtiyar Hacıyev, jurnalist Elçin Həsənovun da şikayəti üzrə kommunikasiya başlayıb. Onların şikayətində Konvensiyanın 10-cu (ifadə azadlığı) və 34-cü (fərdi şikayətlər vermək) maddələrinin pozulduğu iddia olunub.

Nardaran hadisələrinə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə il yarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. Birinci qrupda Taleh Bağırov və daha 17 nəfər mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və digər hüquq-mühafizə orqanlarının əməkdaşları məhkəmə prosesində işgəncə şikayətlərini təkzib ediblər.

XS
SM
MD
LG