Accessibility links

AXCP funksionerinin oğluna qarşı cinayət işi qaldırılıb


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimova qarşı Cinayət Məcəlləsinin 139-1.1 (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi qaldırılıb.

Bu barədə Məmməd İbrahim Amerikanın Səsinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, oğlu idman sahəsində müəllimdir və iqtidarda olan Yeni Azərbaycan Partiyasının üzvüdür.

“Mehdi yürüşə dövlətə dəstək məqsədi ilə qoşulub və Şəhidlər Xiyabanınadək gedib. Orada aksiya keçirilən yerdən aralıda, Funikulyorun yanında dayanıb. İyulun 15-də insanlar dağılışan zaman evə gələrkən saxlanılıb. Onu Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə gətiriblər. Mən iki gün polisə getmədim. Dedim ki, YAP-ın üzvüdür, dövlətə dəstək mitinqidir, qoy özləri araşdırsın. İki gündən sonra öyrəndim ki, şöbəyə gətirilən 119 nəfərdən 101 nəfərini sərbəst buraxıblar. Mehdi mənim oğlum olduğu üçün saxlanılıb. Sonra oğlumu istintaqda dindirdilər. Mənimlə bağlı suallar veriblər. Deyiblər sənin atan AXCP üzvüdür, cən necə YAP-çısan? Necə ola bilər ki, evdə biri AXCP-çi ola, sən YAP-çı olasan? Sonra Mehdini yenidən polis şöbəsinə qaytarıblar. Polis şöbəsində onunla saxlanılanların ikisi inzibati qaydada cəzalandırılıb, qalanları da sərbəst buraxılıb. Yalnılz mənim oğlum qalıb. Dedilər bu gün buraxacağıq, sabah buraxacağıq. Bu gün öyrəndim ki, oğluma qarşı Cinayət Məcəlləsinin 139-1.1 maddəsi ilə cinayət işi qaldırılıb. Guya oğlum koronavirusa yoluxub, karantinə alınıb. Guya bu da iyulun 14-də qaydanı pozaraq yürüşə qatılıb və xəstəlik yayıb. Halbuki heç bir zaman hər hansı bir həkim Mehdiyə baxmayıb və o, karantinə alınmayıb. Əgər, doğrudan da belə bir iş olsa idi, oğlumun həyat yoldaşı, övladı, mən atası, anası da karantinə alınmalıydıq. Bu olmayıb və Mehdi heç zaman karantinə alınmayıb, məcburi müalicəyə cəlb edilməyib. Elə isə necə olub ki, karantində olan adama iyulun 14-də və əvvəlki günlərdə sms icazə ilə evdən çıxmağa icazə verilib? Əgər bu insan xəstə idisə hansı səbəbdən polis şöbəsində saxlanılır. Bu qədər saxtakarlıq olmaz,” o qeyd edib.

Mehdi İbrahimov
Mehdi İbrahimov

Onun sözlərinə görə, yeddi gündür aksiya ilə bağlı bütün videolara baxıblar, şahidlər dindiriblər, amma Mehdini insident olan yerlərdə tapa bilməyiblər.

“Ona sual veriblər ki, səni atan aksiyaya göndərib? Deyib ki, əksinə atam deyib ki, qayıt evə gəl. Bunu heç yerdə tapa bilmədilər, heç bir ittiham yapışdıra bilmədilər. Axırda gətirib belə gülünc və absurd ittihamla cinayət işi açdılar.“

Məmməd İbrahim bildirıb ki, oğlunun səhhəti ilə bağlı geniş məlumat ala bilmir.

“Deyirlər hazırda qızdırması var. Əgər Mehdi koranavirusa yoluxubsa, onu niyə kamerada salxayırsınız? Əgər, onda xəstəlik aşkarlanıbsa dərhal müalicə müəsisəsinə göndərilməlidir,” ata qeyd edib.

Məmməd İbrahimin özü 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. Həbs müddətinin bitməsinə bir gün qalmış İbrahimə qarşı yeni ittiham irəli sürülüb. O bu dəfə həbsxanada yatağında qadağan olunmuş əşya,- bıçaq tiyəsi saxlamaqda günahlandırılıb.

Bakının Suraxanı Rayon Məhkəməsi hakim Ceyhun Qədimovun sədrliyi ilə 2019-cu il yanvarın 10-da Məmməd İbrahimə 5 ay 22 gün həbs verib. 2019-cu ilin martında prezidentin əfv sərəncamı ilə azadlığa buraxılıb. O sonradan inzibati qaydada da həbsdə olub.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirlən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib

AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir.

AXCP-nin 8 fəalına qarşı ittiham elan edilib

AXCP-nin məlumatına görə, iyulun 14-də Azərbaycan Ordusuna dəstək məqsədi ilə Milli Məclisin binası qarşısında keçirilən aksiyadakı insidentlə bağlı qaldırılan cinayət işi üzrə bu partiyanın 8 fəalı təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

AXCP fəallarının səkkizi də Cinayət Məcəlləsinin 186.2.1-ci (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinib.

AXCP bildirir ki, bu cinayət işi üzrə indiyədək 22 AXCP fəalı İstintaq İdarəsində dindirilib. Onlardan 8 nəfər barəsində ittiham irəli sürülüb, 7 nəfər sərbəst buraxılıb.

“7 nəfər AXCP fəalı barədə isə hələ məlumat yoxdur. Onların harada saxlanılması barədə məlumat verilmir və vəkilləri ilə görüşə imkan verilmir,” məlumatda qeyd edilir.

AXCP həbsləri qeyri-qanuni hesab edir, ittihamları qəbul etmir və siyasi sifariş kimi qiymətləndiirir.

XS
SM
MD
LG