Accessibility links

Azərbaycan "Şərq Tərəfdaşlığı"nın bəyannaməsində Belarusla bağlı hissəni dəstəkləməyib


İlham Əliyev və Şarl Mişel
İlham Əliyev və Şarl Mişel

Dekabrın 15-də Brüsseldə VI "Şərq Tərəfdaşlığı" sammitinin yekunlarına dair birgə bəyannamə qəbul edilib.

Bəyannamədə Şərq Tərəfdaşlığı layihəsinin hazırkı vəziyyətinə qiymət verilib və onun gələcək strategiyası müəyyən edilib. Bu zaman Azərbaycan sammitin bəyannaməsinin Belarusda daxili siyasi vəziyyət haqqında 11-ci paraqrafına qoşulmayıb.

Sənədin 11-ci bəndində deyilir ki, Avropa İttifaqı (Aİ) Belarus hakimiyyətinin "Şərq Tərəfdaşlığı"nda iştirakını dayandırmaq qərarından təəssüflənir və ümumi dəyərlərə əsaslanan birgə gündəliyə dinc demokratik keçid üçün lazımi şərait yaranan kimi Belarus hakimiyyəti ilə əməkdaşlığı bərpa etməyi səbirsizliklə gözləyir.

Bu arada, Aİ Belarus vətəndaşları, vətəndaş cəmiyyəti və müstəqil media ilə əlaqə və dəstəyi davam etdirir. Demokratik Belarus üçün 3 milyard avroya qədər iqtisadi dəstək planı Aİ-nin belarus xalqının demokratik seçimini dəstəkləmək öhdəliyini əks etdirir. Əvvəlki bəyanatları təkrarlayaraq, Aİ Belarus hakimiyyət orqanları tərəfindən miqrantların və qaçqınların alətləşdirilməsini və əslində siyasi məqsədlər üçün miqrantların alətləşdirilməsi ilə bağlı bütün hadisələri pisləyir,” sənəddə deyilir.

Birgə Bəyannamənin Qoşmasının 8-ci bəndində istinad edilmiş “münaqişənin təsirinə məruz qalmış regionlarda” hissəsi ilə bağlı isə Azərbaycan Respublikasının müvafiq müraciəti və razılığı olmadan həyata keçirilən hər hansı əməliyyata münasibətdə qeyd-şərti var. Azərbaycanın şərti belədir: "Azərbaycan Respublikasının müvafiq sorğusu olmadan və onunla razılaşdırılmadan" həyata keçirlə bilməz.

Birgə Bəyannamənin "Dayanıqlı, gender bərabərliyi, ədalətli və inklüziv cəmiyyətlər üçün birlikdə" başlıqlı qoşmasının 8-ci bəndində vətəndaş cəmiyyəti, o cümlədən sosial tərəfdaşlar üçün əlverişli mühitin təşviqi Aİ-nin 2500 yerli vətəndaş cəmiyyəti təşkilatına sosial innovasiya, sosial iqtisadiyyat və sosial sahibkarlıq kimi yeni sahələrdə göstərilən dəstəyi nəzərdə tutur. Paytaxtlardan kənarda, münaqişədən təsirlənmiş bölgələrdə yerli dillərdə fəaliyyət göstərən təşkilatlara və qadın təşkilatlarına xüsusi dəstək veriləcəyi qeyd olunub.

Bəyannamədə "Şərq Tərəfdaşlığı" regionunda mehriban qonşuluq münasibətlərinə, etimad quruculuğu tədbirlərinə, regional əməkdaşlığa, nəqliyyat əlaqələrinin gücləndirilməsinə dəstək ifadə olunub.

Sənəddə bildirilir ki, Aİ və maraqlı tərəfdaşlar Aİ ilə Azərbaycan arasında yeni hərtərəfli Saziş üzrə davam edən danışıqlarda olan irəliləyişi alqışlayır.

Aİ və maraqlı tərəfdaşlar qaz mənbələrinin və Aİ-yə tədarük marşrutlarının şaxələndirilməsinə töhfə verən Cənub Qaz Dəhlizi layihəsinin tamamlanmasını alqışlayır.

“Biz Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna ilə artıq əldə olunmuş və tezliklə Azərbaycan üçün mümkün olacaq COVID-19 rəqəmsal sertifikatların qarşılıqlı tanınmasını alqışlayırıq, bu da Aİ-yə və oradan daha təhlükəsiz və asan gediş-gəliş imkanı yaradır,” sənəddə qeyd edilir.

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel sammitin yekunu ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, bu görüşdə simvolik olaraq Belarusun yeri boş idi.

“Bu boş oturacaq Belarus xalqı qarşısında Avropa öhdəliyindən geri çəkilmək demək deyil. Ali Nümayəndə Cosep Borrell və Belarusun vətəndaş cəmiyyəti və müxalifət partiyaları ilə keçirdiyimiz görüşün mənası budur ki, demokratik istəkləri təmsil edən bir hökumətə layiq olan Belarus xalqı ilə birlikdə iştirak etməkdə tam qətiyyətimizi təsdiqləyirik. Biz siyasi məhbusların azad edilməsinə çağırışları dayandırmayacağıq. Vətəndaş cəmiyyəti və müxalifət nümayəndələri ilə bu görüşlər zamanı mənə təsir etdi ki, onlar üçün Belarusdakı real həyat ayrı-seçkilik və ədalətsiz şəkildə həbs olunmaq, qohumlarımın məhkəmələrlə həbsdə olmasının iztirabları deməkdir. Bu nə ədalət, nə də bağlı olduğumuz fundamental dəyərlərə uyğun deyil,” o qeyd edib.

Azərbaycan və Avropa İttifaqı arasındakı əlaqələrin qısa tarixi

Azərbaycan Avropa İttifaqı (Aİ) münasibətləri 1991-ci ildə yaranıb. 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi siyasi dialoq, ticarət, sərmayə, qanunvericilik, elm və mədiyyət sahəsində əməkdaşlığı əhatə edir.

1998-ci ildə Aİ Azərbaycana xüsusi elçisini təyin edib. 2000-ci ildə Azərbaycanın Aİ yanında Nümayəndəliyi təsis edilib. 2003-cü ilin iyul ayında Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib.

2004-cü ildə Azərbaycan Avropa Qonşuluq Siyasətinə, 2009-cu ildə isə onun Şərq istiqaməti üzrə çoxtərəfli əməkdaşlıq formatı olan Şərq Tərəfdaşlığı proqramına daxil edilib.

2014-cü ildə tərəflər arasında Azərbaycanın Aİ proqramlarında və agentliklərində iştirakına dair Protokol imzalanıb.

Aİ Xarici İşlər Nazirləri Şurası 14 noyabr 2016-cı ildə keçirilmiş iclasında Aİ və üzv ölkələri adından Azərbaycan ilə hərtərəfli Saziş üzrə danışıqların aparılması üçün Avropa Komissiyası və Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə mandat verib.

"Şərq Tərəfdaşlığı" Avropa İttifaqının altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir.

Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2017-ci ilin noyabrında qurumla Ermənistan arasında tərəfdaşlıq sazişi imzalanıb. Ancaq hələlik Aİ ilə Azərbaycan bu sazişi imzalamayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG