Accessibility links

Azərbaycan gömrükçüləri 306 kiloqram heroin tutub


Dövlət Gömrük Komitəsinin məlumatına görə, narkotik vasitə Biləsuvar gömrük postunda İranın “Nader Morvarıd Astara” şirkəti tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə Gürcüstanın “Marıana Younes Saeı Dızajyekan” şirkətinə göndərilən “daş bloklar” yükü daşıyan yük maşınlarından aşkar edilərək götürülüb.

Heroin daş blokların içərisinə yerləşdirilib. Narkotiki daşıyan avtomobilin birinin sürücüsü Azızıkoshkı Majıd Hassan qəfildən idarə etdiyi nəqliyyat vasitəsinin surətini artıraraq İran istiqamətinə hərəkət edib. Bu zaman gömrük əməkdaşları bunun qarşısını almağa səy göstərsələr də, sürücü yük avtomobili ilə İran istiqamətindəki çıxış xəttində olan “şlaqbaumu” sındıraraq Azərbaycan ərazisini tərk edib. Qanunsuz şəkildə, müvafiq sənədlər olmadan dövlət sərhəddini keçən sürücü İranın Biləsuvar gömrük postunun nəzarət zonasının girişində yük avtomobilini darvazanın kandarına çırparaq dayanıb və nəqliyyat vasitəsindən düşüb qaçaraq İran ərazisinə daxil olub.

Məlumatda deyilir ki, aşkar olunan 306 kiloqram 710 qram heroinin "qara bazar"da dəyəri 21 milyon 500 min manat təşkil edir.

Gömrükçülər 306 kq-dan artıq heroin aşkar edib
Gömrükçülər 306 kq-dan artıq heroin aşkar edib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev yerli mediaya bildirib ki, 2018-ci il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 264 fakt aşkar olunub.

“Bu faktlar üzrə ümumilikdə 1 ton 193 kq 527 qram narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları qanunsuz dövriyyədən çıxarılıb".

"2018-ci il ərzində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 291 nəfər: 252 kişi və 39 qadın olmaqla, 199 nəfər Azərbaycan vətəndaşı və 92 nəfər əcnəbi (58 İran, 14 Gürcüstan, 9 Rusiya, 6 Türkiyə, 2 Qazaxıstan, 1 Ukrayna, 1 Türkmənistan və 1 ABŞ vətəndaşı) barəsində müvafiq tədbirlər görülüb, 24 halda bu əməlləri törədən cinayətkar dəstə ifşa edilib" , o qeyd edib.

Hüquq mühafizə orqanlarının və narkotiklərlə bağlı keçirilən məhkəmə işləri barədə mediada dərc edilən məlumatların təhlili göstərir ki, Azərbaycana narkotiklər əksər hallarda İrandan quru yolu ilə gətirilir. Hüquq mühafizə və gömrük orqanları il ərzində dəfələrlə İrandan gətirilən böyük partiya narkotik tutub.

XS
SM
MD
LG