Azərbaycan Hesablama Palatasının 7 auditorundan 4-ü eyni vaxtda işdən çıxmaları barədə ərizə yazıb.
Yerli medianın məlumatına görə, həmin auditorlar Adil Məhərrəmov, Mehriban Alışanova, Firsənd Qurbanov və Vaqif Həsənovdur.
İşdən ayrılanlardan biri - Adil Məhərrəmov Hesablama Palatası sədrinin müavinidir. O, 2008-ci ilin dekabrında Milli Məclisinin qərarı ilə bu vəzifəyə təyin olunub.
Məlumatı işdən çıxmaq üçün ərizə verən auditor Mehriban Alışanova təsdiq edib.
“Bizim hər birimizin kifayət qədər iş stajımız var. Biz işdən çıxmaqla gənc nəslə yol veririk. Çünki idarəçiliyi öyrənməyə illər lazımdır. Heç kim bizi eyni vaxtda işdən çıxmaqla bağlı ərizə yazmağa məcbur etməyib. Elə bir söhbət yoxdur,” o, Report agentliyinə bildirib.
Xatırladaq ki, 2019-cu ilin ortalarından başlayaraq bir sıra yüksək vəzifəli şəxlər dövlət idarəçiliyindən gedib. Məsələn, Azərbaycanın baş naziri, onun maüavinləri, bir sıra nazirlər, Prezident Administrasiyasının rəhbəri və digər şəxslər vəzifələrindən kənarlaşdırılıb. Müşahidəçilərin qənaətincə, vəzifədən kənarlaşdırılan yüksək vəzifəli şəxslərin əksəriyyətinin ictimai fikirdə tənqidi yeri olub. Bununla yanaşı, rəsmi məzmunda onların idarəçilikdən kənarlaşdırılması “dövlət başçısının rəhbərliyi ilə Azərbaycanda aparılan islahatların səmərəli şəkildə həyata keçirilməsi üçün dövlət qulluğuna yeni və gənc kadrların gətirilməsi çağırışı”nın nəzərə alınması kimi izah edilib.
Eyni zamanda, son dövrlərdə Dövlət Təhlükəsizliyi Xidmətinin və digər hüquq mühafizə orqanlarının keçirdiyi xüsusi əməliyyatlar nəticəsində bir sıra nazirliklərdə, icra hakimiyyətlərində büdcə vəsaitlərinin talanması faktları ilə bağlı cinayət işləri qaldırılıb, çoxsaylı vəzifəli şəxslər həbs edilib. Ancaq, büdcə vəsaitlərinin xərclənməsinə nəzarəti həyata keçirən Hesablama Palatasının bu dövlət qurumlarında büdcə vəsaitinin talanması ilə bağlı faktları qabaqcadan ortaya çıxarması barədə məlumatlar yayılmayıb.
Hesablama Palatası 7 auditordan ibarətdir. Palatanın sədrinin, sədr müavininin və auditorlarının səlahiyyət müddəti 7 ildir. Palatanın sədri, sədr müavini və auditorlar Milli Məclis tərəfindən təyin olunur və vəzifədən azad olunur.
Hesablama Palatasının əsas funksiyası dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət etmək, dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirmək, dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini aparmaqdır.