Accessibility links

Azərbaycan-İran sərhədində birgə Novruz şənliyi keçirilib


Martın 20-dən 21-nə keçən gecə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin və İran Sərhəd Qoşunlarının Komandanı Qasım Rzayinin iştirakı ilə dövlət sərhədində “Novruz” bayramı münasibətilə bayram tədbiri təşkil olunub.

Dövlət Sərhəd Xidmətinin məlumatına görə, tədbir çərçivəsində keçirilən görüşdə sərhəd təhlükəsizliyinin təminatı, buraxılış məntəqələrində etibarlı sərhəd nəzarətinin təşkil edilməsi, transsərhəd cinayətkarlığının təzahürləri ilə mübarizə sahəsində yüksək nəticələrin əldə edilməsi məqsədilə sərhəd mühafizə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, operativ məlumat mübadiləsinin aparılması, ikitərəfli görüşlərin keçirilməsi üzrə ardıcıl tədbirlərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

Azərbaycan və İran sərhədçiləri birgə Novruz şənliyi keçirib
Azərbaycan və İran sərhədçiləri birgə Novruz şənliyi keçirib

​Bayram tədbiri musiqiçilərin konsert proqramı ilə davam etdirilib və atəşfəşanlıqla yekunlaşıb.

Azərbaycanın İranla 765 kilometr sərhədi var. Ölkənin dövlət sərhədlərinidə ən çox insident, o cümlədən silahlı insident İranla sərhəddə baş verir. İl ərzində İrandan Azərbaycana quru yolu ilə yüz kiloqramlarla, hətta böyük partiyalarla narkotik daşınmasının qarşısı alınır. Rəsmi məlumatlara görə, 2018-ci ildə narkotik qaçaqmalçılığı ilə məşğul olan 58 İran vətəndaşı Azərnaycanda həbs olunub.

Bu il martın 10-da və 12-də baş verən atışma zamanı isə Azərbaycanın bir hərbçisi, bir mülki vətəndaşı öldürülüb. Ümumilikdə bu il ərzində sərhəddə baş verən atışmada azı 4 nəfər öldürülüb.

Sərhəd təhlükəsizliyi məsələsi iki ölkə arasında da müzakirə mövzusudur.

2018-ci ilin dekabrında İranın təhlükəsizlik naziri Seyid Mahmud Ələvi Bakıda səfərdə olub. 2019-cu il yanvarın 9-da isə Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev İranda səfərdə olub. Hər iki səfər zamanı təhlükəsizlik və sərhəd təhlükəsizliyi məsələləri diqqət mərkəzində olub.

XS
SM
MD
LG