Azərbaycan 2020-ci il üçün Korrupsiyanın Qavranması İndeksində (Corruption Perceptions İndex) 180 mümkün yerdən 129-cu yeri tutub.
Beynəlxalq Şəffaflıq (Transparecy İnternational) təşkilatının yanvarın 28-də yaydığı hesabatdan görünür ki, Azərbaycan 2019-cu illə müqayisədə 100 baldan 30 bal yığaraq, nəticəsini 3 pillə pisləşdirib. Azərbaycan öz yerini Rusiya, Qabon, Malavi və Mali ilə bölüşür. 30 vahidlik indeks “korrupsiyanın qavrayış səviyyəsinin çox yüksək olduğunu” göstərir.
Hesabatı tərtib edənlər qeyd edirlər ki, ölkədəki vəziyyətə COVID-19 pandemiyası güclü təsir göstərib, hökumət isə “korrupsiyaya qarşı effektiv mübarizə üçün kifayət qədər səy göstərmir”.
Ümumilikdə isə Şərqi Avropa və Mərkəzi Asiya regionunda müsbət dinamika göstərən liderlər Gürcüstan (56 bal), Ermənistan (49 bal) və Belarusdur (47 bal).
Bununla yanaşı, Özbəkistan (26), Tacikistan (25) və Türkmənistan (19 bal) geridə qalanlar sırasına düşüb.
“Pandemiya, təəssüf ki, korrupsiyaya məruz qalmış hökumətlər üçün əlverişli dövrdür,” hesabatda qeyd edilir.
Siyasi iradə olacaqsa, bizim korrupsiyaya qarşı mübarizə ilə bağlı təqdim etdiyimiz təkliflər paketi tətbiq edilərsə korrupsiya kəskin şəkildə azalmış olar. “32 addım” adlandırdığımız təkliflər paketini hökumətə təqdim etmişəm.Qubad İbadoğlu, iqtisad elmləri doktoru
Belə ki, avtoritar hakimiyyətlər üçün koronavirusun yayılması şəraitində tibbi avadanlığın, habelə maska və vaksinlərin qeyri-şəffaf paylanması səciyyəvi olub.
2020-ci ildə araşdırma aparılan ölkələrin üçdə ikisi 100 baldan zəruri minimum 50 balı yığa bilməyib. 100 bal tam təmizlik deməkdir.
“Demək olar ki, dünya ölkələrinin üçdə ikisi korrupsiyaya məruz qalıb. Həm də siyahının yuxarı hissəsində olan bəzi dövlətlər aşağıda olan ölkələrdə korrupsiyanı mümkün edirlər,” Transparensy İnternational-ın direktoru qeyd edib.
Onun sözlərinə görə, korrupsiyanın ən səciyyəvi təzahürləri əvvəlki kimi rüşvət, mənimsəmə və qohumbazlıqdır.
Təşkilatın ekspertləri Danimarka və Yeni Zelandiyanı əhalinin qavrayışında ən az korrupsiyaya uğramış ölkələr hesab ediblər. Onların ardınca Finlandiya, Sinqapur, İsveç və İsveçrə gəlir. Almaniya 80 balla 9-cu yerdədir. Siyahının ən aşağısında Somali və Cənubi Sudan (hər biri 12 balla 179-cu yerdə) yerləşib.
İqtisad elmləri doktoru Qubad İbadoğlu bildirib ki, Azərbaycan 1 il ərzində 3 pillə geriləyib, halbuki Belarus, Ermənistan, Qazaxıstan mövqeyini yaxşılaşdırıb.
“Hazırda Azərbaycan Mali, Qabon, Malavi və Rusiya ilə 129-cu yeri bölüşdürür. Hətta Zambiya, Niger, Geniyada vəziyyət bizdən yaxşıdır. Azərbaycanda korrupsiyadan əsasən vətəndaşlar əziyyət çəkir. Korrupsiya son nəticədə ölkəmizə ciddi ziyan vurur. Təsəvvür edin, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ermənistan, Gürcüstan, Belarus korrupsiya indeksində irəli getdiyi halda Azərbaycan 3 pillə geriləyib.”
Ekspert hesab edir ki, korrupsiyaya qarşı mübarizə üçün siyasi iradə lazımdır.
“Siyasi iradə olacaqsa, bizim korrupsiyaya qarşı mübarizə ilə bağlı təqdim etdiyimiz təkliflər paketi tətbiq edilərsə korrupsiya kəskin şəkildə azalmış olar. “32 addım” adlandırdığımız təkliflər paketini hökumətə təqdim etmişəm. Təkliflər paketində institusional, hüquqi islahatlar, beynəlxalq əməkdaşlıqla bağlı görüləcək işlər əksini tapıb. Ölkədə şəffaflıq, dürüstlük təmin edilməli, ədalətli məhkəmə sistemi qurulmalıdır,” o qeyd edib.
Korrupsiya indeksinin hesablandığı indiqatorların bir çoxu üzrə Azərbaycanda xroniki problemlər var.Natiq Cəfərli, iqtisadçı
Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksioneri Fuad Qəhrəmanlı bildirib ki, Transparency International-ın ötən il üzrə təqdim etdiyi korrupsiya indeksində Azərbaycan ən bərbad yerlərdən birində -129-cu sıradadır. Ermənistan 60-cı, Gürcüstan isə 45-ci yerdədir.
“Əslində, bu onu göstərir ki, 5-6 İcra hakimiyyəti başçısını tutmaqla korrupsiya qarşı mübarizə görüntüsünü yaratmaq mümkün deyil. Bu siyahıda bizdən öndə olan 22 Afrika ölkəsində heç icra hakimiyyəti başçısını tutmurlar, ancaq əvəzində Azərbaycandan fərqli olaraq az da olsa ictimai nəzarət mexanizmləri, idarəçilikdə hesabatlılıq və cəmiyyət qarşısında məsuliyyət hissi var,” o qeyd edib.
İqtisadçı Natiq Cəfərli Amerikanın Səsinə bildirib ki, Korrupsiyanın Qavranması İndeksində Azərbaycanın çox aşağı yer alması, hətta geriləməsi xroniki problemlərdən irəli gəlir.
“Korrupsiya indeksinin hesablandığı indikatorların bir çoxu üzrə Azərbaycanda xroniki problemlər var. Bu, məhkəmə sistemi ilə bağlıdır, tenderlərin və satınalmaların qeyri-şəffaf olmasıdır, idarəetmə problemləridir, əsasən də yerli özünüidarəyə keçidin gecikdirilməsidir, medianın nəzarət funksiyasının zəif olmasıdır, QHT-lərin iştirakına böyük əngəllərin yaradılmasıdır. Bütün bu indikatorlara görə Korrupsiyanın Qavranması İndeksində Azərbaycan geriləyir və çox zəif yer tutur. Bu indikatorlar üzrə problemlər həll olunmasa Azərbaycan yenə geriləməkdə davam edəcək,” Cəfərli qeyd edib.