Accessibility links

Azərbaycan Rusiyaya etiraz edib


Azərbaycan Xarici İşlər Nazirliyi Moskvada "Lazerev klubu"nun tanınmamış Qarabağın təmsilçilərinin də iştirakı ilə keçirilən iclası ilə bağlı Rusiya tərəfinə narazılığını bildirib. Azərbaycanın mövqeyi martın 7-də xarici işlər naziri Elmar Məmmədyarov tərəfindən Rusiyanın Bakıdakı səfiri Sergey Bratçikovun diqqətinə çatdırılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin məlumatında deyilir ki, KİV-in yaydığı məlumata əsasən, 5-6 mart tarixlərində Moskvada Rusiya-Ermənistan "Lazarev klubu"nun ikinci iclası keçirilib.

“Orada tədbir iştirakçılarına Rusiya prezidentinin salamlama müraciətini çatdıran Rusiya prezidentinin müşaviri S.Qlazyevin, habelə Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulinin timsalında Rusiyanın icra və qanunverici hakimiyyətinin rəsmi nümayəndələri iştirak edib.

Xatırlatmaq istərdik ki, adı yuxarıda çəkilən klubun ilk iclasına Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin nümayəndələrinin dəvət olunması, eləcə də həmin ilk iclas çərçivəsində səsləndirilmiş Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə açıq şəkildə qəsd edən ifadələrlə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya Xarici İşlər Nazirliyinə öz narazılığını və hiddətini bildirdi. "Lazarev klubu"nun ikinci iclası ərəfəsində müxbirlərin indiki iclasa da Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindəki qondarma rejimin liderlərinin dəvət edilməsinə dair Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi barədə sualına Rusiya XİN-in rəsmi sözçüsü tərəfindən qeyd edildi ki, burada söhbət vətəndaş cəmiyyəti və qeyri-hökumət qurumlarının tədbirindən gedir, Rusiya dövlət orqanları nümayəndələrinin bu tədbirdə iştirakına dair məlumat yoxdur. Eyni zamanda, onun tərəfindən deyildi ki, Rusiya ATƏT-in Minsk Qrupunun həmsədri olaraq üzərinə götürdüyü bütün öhdəliklərini yerinə yetirir”.

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya tərəfinin diqqətinə çatdırır ki, cari ilin 5 mart tarixindəki sözügedən iclasda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri ilə yanaşı, Rusiya dövlət orqanlarının yüksək vəzifəli rəsmilərinin də iştirakına dair konkret məlumatın mövcud olduğu bir halda, bu, ATƏT-in Minsk Qrupu həmsədrlərinin mandatı ilə müəyyən edilmiş həmsədr ölkəsinin öhdəlikləri ilə kəskin şəkildə ziddiyyət təşkil edir.

“Qeyd etdiyimiz mandatda aydın şəkildə göstərilir ki, "həmsədrlər öz fəaliyyətində ATƏT-in prinsip və normaları, BMT Nizamnaməsi, 24 mart 1992-ci il tarixli Nazirlər Şurasının qərarı daxil olmaqla, ATƏT forumlarının qərarları və o cümlədən, Budapeşt sammitinin qərarı, həmçinin BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini rəhbər tutacaqlar."

Azərbaycan XİN növbəti dəfə Rusiya tərəfini ikitərəfli münasibətlər çərçivəsində üzərinə götürdüyü öhdəliklərin, o cümlədən 1997-ci ildə bağlanmış Azərbaycan və Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə müddəalarının əməl olunmasını təmin etməyə çağırır.

“Məlum olduğu kimi, həmin müqavilədə xüsusilə təsbit edildi ki, "Tərəflər separatçı hərəkatları dəstəkləməməyi öhdələrinə götürür və digər tərəfin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş ayrı-ayrı şəxslərin fəaliyyətini qadağan edir və qarşısını alır," məlumatda qeyd edilir .

“Lazerev klubu” 2018-ci ildə Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr üzrə komitəsi sədrinin birinci müavini Konstantin Zatulin tərəfindən təsis edilib. Klubun 2018-ci ilin noyabrında keçirilən birinci toplantısında da Ermənistan və tanınmamış Qarabağın rəhbərləri iştirak edib.

Tarixi məlumatlara görə, polkovnik Lazerev 19-cu əsrdə Rusiya çarının əmrinə uyğun olaraq ermənilərin indiki İran ərazisindən Qafqaza köçürülməsini təşkil edib.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa Minsk Qrupunun həmsədr dövlətləridir.

​2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.

Minsk Qrupunun həmsədr dövlətləri dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.

XS
SM
MD
LG