Accessibility links

Azərbaycan və Avropa hava hərəkətinin təşkili sahəsində əməkdaşlığı müzakirə edib


Avropa Komissiyasının baş direktoru Henrik Hololey və AZAL prezidenti Cahangir Əsgərov

Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin rəhbərlik etdiyi nümayəndə heyəti Bakıda rəsmi səfərdədir. Səfərin gündəliyini Azərbaycan və Avropa İttifaqı arasında Vahid Aviasiya Məkanına dair Saziş təşkil edir.

Avropa Komissiyasının baş direktoru "Azərbaycan Hava Yolları" (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərovla görüş keçirib. Görüşdə tərəflər əməkdaşlıq perspektivlərini və Azərbaycanın mülki aviasiya sahəsində Avropa mütəxəssislərinin təcrübəsinin tətbiqini müzakirə edib.

“Boeing 787-8” Dreamliner (Foto AZAL-ın rəsmi saytından götürülüb )
“Boeing 787-8” Dreamliner (Foto AZAL-ın rəsmi saytından götürülüb )

AZAL prezidenti vurğulayıb ki, Azərbaycanın milli aviadaşıyıcısı ən yeni təyyarə parklarından birinə malikdir. 2019-cu ilin ikinci yarısından etibarən Azərbaycanın milli aviadaşıyıcısının hava gəmiləri parkına yeni müasir "Boeing-737 MAX" təyyarələri əlavə olunacaq və onların ümumi sayı 10 ədədə çatacaq,"Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidməti bildirir.

Onun sözlərinə görə, 2016-cı ilin dekabrında ilk aşağı büdcəli aviaşirkət "Buta Airways"in əsası qoyulub. Aviaşirkətin donanması ən çox tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirən müasir "Embraer E-190" təyyarələrindən ibarətdir.

AZAL rəhbəri qeyd edib ki, Azərbaycanda beynəlxalq standartların bütün tələblərinə cavab verən altı beynəlxalq hava limanı fəaliyyət göstərir. Xarici aviaşirkətlər Azərbaycana heç bir məhdudiyyət olmadan uçuşlar həyata keçirə, həmçinin hava limanları vasitəsilə digər şəhərlərə aviareyslər yerinə yetirə bilərlər (beşinci qrup "hava azadlığı").

Məhdudiyyətlərin aradan qaldırılması təkcə aviadaşımaların inkişafına gətirib çıxarmaqla qalmayacaq, həmçinin iqtisadi artımı və yeni iş yerlərinin yaradılmasını təmin edəcək," Əsgərov vurğulayıb.

Avropa Komissiyasının nümayəndə heyəti həmçinin "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi, onun strukturu və aeronaviqasiya sahəsində nailiyyətləri ilə tanış olub. Yeni Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzini (ASEC) ziyarət ediblər.

XS
SM
MD
LG