Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Şuşanın ermənilərin nəzarətinə keçməsinin 28-ci ildönümü ilə bağlı bəyanat yayıb


“Azərbaycan münaqişənin danışıqlar yolu ilə tezliklə nizamlanmasında və regionda dayanıqlı sülhün təmin edilməsində ən maraqlı tərəfdir. Münaqişənin tənzimlənməsi üzrə davam edən danışıqlar prosesinin məqsədi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf bölgələrindən işğalçı Ermənistan qüvvələrinin çıxardılması,Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpa edilməsi və məcburi köçkünlərin öz evlərinə geri dönməsinin təmin edilməsidir. Bu məqsədə nail olmaq bir zərurətdir, kompromis deyil. Azərbaycan münaqişənin tənzimlənməsi üçün bu çərçivədən fərqli bir siyasi həlli nəzərdən keçirmir və məhz bu anlayışla da danışıqlar prosesində iştirak edir.”

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 28-ci ildönümü ilə əlaqədar bəyanatı”nda deyilir.

Nazirlik bildirir ki, danışıqlar Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyulması ilə nətəcələnməsə, Azərbaycan BMT Nizamnaməsində təsbit olunduğu kimi beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünün bərpasını təmin etmək hüququnu özündə saxlayır.

Sənəddə deyilir ki, Ermənistanın Azərbaycana qarşı sistematik təcavüz siyasətinin tərkib hissəsi olaraq, 1992-ci il mayın 8-də Ermənistan silahlı qüvvələri tərəfindən tarixi Azərbaycan şəhəri olan Şuşa işğal olunub.

“İşğal nəticəsində Şuşa şəhəri və rayonun 30 kəndi dağıdılıb, 195 nəfər dinc sakin həlak olub, 165 nəfər yaralanıb, 58 nəfər itkin düşüb, 24 mindən çox əhali etnik təmizləməyə məruz qalıb,” Xarici İşlər Nazirliyi qeyd edir.

Öz növbəsində, Ermənistan tərəfi bildirir ki, Şuşa şəhəri unikal hərbi əməliyyat nəticəsində erməni tərəfinin əlinə keçib.

“Əməliyyat 26 saat davam etdi, mayın 9-da Şuşa şəhəri azad edildi. Şuşa şəhəri uğrunda döyüşlərdə erməni tərəfi 57 nəfər itirdi, Azərbaycan tərəfi isə 250-300 nəfər itirdi, 600-700 nəfər yaralandı. 13 nəfər ermənilərə əsir düşüb.”

Erməni tərəfindən əməliyyata rəhbərlik edən Arkadi Ter-Tadevosyan bildirib ki, Şuşa əməliyyatına qədər erməni tərəfindən111 nəfər itki olub və 332 nəfər yaralanıb.

Azərbaycan tarixi mənbələrinə görə, Şuşa şəhərinin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda şəhəri Şuşa adı ilə yanaşı xanın şərəfinə Pənahabad adlandırıblar.

XVIII əsrdə Şuşa şəhəri Azərbaycanın ən mühüm şəhərlərindən birinə çevrilib. Onun dövrəsində böyük və güclü sədd çəkilib, çoxsaylı sənətkar məhəllələri yaranıb.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Azərbaycanın musiqi mərkəzinə çevrilib. Xalq arasında Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırlar.

XS
SM
MD
LG