İyulun 22-də Azərbaycan milli mətbuatının 144 yaşı tamam olub.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməklə milli mətbuatın əsasını qoyub. 1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.
XX əsrin əvvəllərində Azərbaycanda "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi" ənənələrini davam etdirib.
1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə mətbuat Kommunist Partiyasının nəzarəti altına keçib.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çoxlu sayda qəzetlər dərc edilib, 1998-ci il avqustun 6-da Azərbaycanda senzura ləğv olunub. Hazırda ölkədə 5 mindən çox nəşr var. Amma onların çoxu müntəzəm çap oluna bilmir və ya çapını dayandırmalı olub.
Bu gün Turan agentliyi, “Press-Klub” və Azərbaycan Jurnalistlər Birliyinin milli mətbuat günü münasibəti ilə təşkil etdiyi forumda öncə jurnalistlərə “Həsən bəy Zərdabi” adına mükafatın təqdimatı olub. Belə ki, üç ildən sonra mükafatın təqdimatı bərpa edilib.
Forumda “Mətbuat günü bir ildən sonra: iyuldan iyula” mövzusunda dinləmələr təşkil edilib. Dinləmələrdə medianın mövcud durumu diqqət mərkəzində olub. Ekspertlər ölkədə media azadlığının və iqtisadi durumunun acınacaqlı olduğunu qeyd edib.
Azərbaycan Jurnalistlər Birliynin sədri Elçin Şıxlının fikrincə, Azərbaycan mediası ölkəni dünyaya tanıtdıra bilmir. Onun fikrincə, Azərbaycan mediasının səsinə “ölkənin daxilində də əməlli-başlı qulaq asan yoxdur.”
"3 ildir Həsən bəy Zərdabi adına mükafatı vermirdik. Çünki düşünürdük ki, azad mətbuat üçün ağır şəraitdə mükafatı vermək olmaz və bir az geri çəkilmişdik. Lakin biz dənizdə dalğanın altına baş vurduq və indi çıxırıq" , Elçin Şıxlı qeyd edib.
O, media sahəsində müsbət trendlər sırasında Turan agentliyinin direktoru Mehman Əliyevin və jurnalist Rauf Mirqədirovun həbsdən buraxılmasını göstərib.
Press-Klubun rəhbəri Arif Əliyev ölkə mediasının problemlərinin həddən artıq olduğunu düşünür. Bununla yanaşı o hesab edir ki, problelərin həlli istiqamətində də işlər görülür.
O hesab edir ki, ölkədə media sahəsində indiki uğursuz siyasət dəyişməlidir.
"Gürcüstanda təkcə televiziyaya ayrılan reklam bazarı Azərbaycanın bütün media reklamı bazarından 18 dəfə çoxdur. Azərbaycanda media "günah keçisi"nə çevrilib və vəziyyət dəyişmir" , Əliyev vurğulayıb.
Bu gün Azadlıq Radiosunun, Meydan TV-nin, "Azadlıq" qəzetinin, "bastainfo.az", criminal.az, teref.info və digər çoxsaylı saytlara girişə blok qoyulub. Hazırda 7 jurnalist həbsdədir. Bloger Mehman Hüseynov da iki illik həbs həyatı yaşayıb. O bu ilin martında həbsdən azad edilib. Bloger hesab edir ki, jurnlistlərin həbsinin səbəbləri “əsasən həqiqətləri ictimaiyyətə çatdırmalarıdır.”
Turan Agentliyinin direktoru Mehman Əliyev deyib ki, ölkədə tərəfsiz jurnalistikadan danışmaq mümkün deyil. Ona görə ki, medianın böyük əksəriyyəti hakimiyətin nəzarətindədir.
“Statistika Komitəsinin məlumatına görə, medianın reklam bazarının həcmi ildə 7 milyon 742 min manatdır. Bunun 6,9 milyon manatı televiziyanın, 400 min manatı radio və internet-medianın, cəmi 1000 manatı çap-medianın payına düşür.
ÜDM-də reklam bazarının həcmi 0,008% təşkil edib ki, bu da qəbul edilmiş beynəlxalq normadan yüz dəfə azdır. Statistik məlumatlar göstərir ki, KİV öz mövcudluğunu təmin etməyə qadir deyil və əsasən hakimiyyət tərəfindən qeyri-leqal yollarla maliyyələşir. Belə acınacaqlı durum azad medianın inkişafına şərait yaratmır və ildən-ilə vəziyyət pisləşir" , Əliyev vurğulayıb.
Media üzrə ekspert Xalid Ağəliyev media qanunvericiliyi, jurnalistlərə qarşı açılan cinayət işləri və informasiya əldə edilməsi ilə bağlı problemlər barədə danışıb.
O qeyd edib ki, informasiya əldə edilməsi haqqında qanuna dəyişiklik edilib və dövlət qurumları maliyyə vəziyyəti barədə hesabatları öz saytlarında yerləşdirməlidir. Lakin əksər hallarda qanuna əməl olunmur.
“Son bir ildə məhkəmələr 3 jurnalist barəsində cinayət cəzası barədə qərar çıxarıb. Ümumiyyətlə, 29 jurnalisə qarşı məhkəmə işləri olub. 13 dəfə jurnalistlər informasiyanı əldə etmədiklərinə görə məhkəməyə üz tutublar, lakin heç birini qazanmayıb. Məhkəmələr cavabdehin tərəfini tuturlar. Həbsdə olan jurnalistlər var. Onların bəzisi uzun müddətdir həbsdədir. Ümid edirəm ki, gələn il həbsdə jurnalist olmayacaq" , ekspert vurğulayıb.
Media üzrə hüquqşünas Ələsgər Məmmədli bildirib ki, online media ənənəvi medianı sürətlə əvəzləyir. Hətta yerli televiziya ictimai gündəmin nəbzini tuta bilmir, ancaq təbliğat ilə məşğul olur.
Ə.Məmmədli saytların bloklanmasının beynəlxalq konvensiyalara zidd olduğunu bildirib.
"Bu gün 60 resurs bloklanıb, onlardan 7-nin barəsində məhkəmə qərarı var. Qalanlar hansısa məmurun qərarı ilə bloklanıb. Bu, Azərbaycanın imicinə ziddir, biz media azadlığı ilə bağlı bütün reytinqlərdə aşağı yer tuturuq. Aidiyyatlı orqanlar bu haqda fikirləşməlidir", o qeyd edib.
Televiziya üzrə ekspert Qulu Məhərrəmli əhalinin yerli telekanallara marağının olmamasına diqqəti yönəldib.
"TV-də plüralizm, sərbəst fikir səsləndirmək imkanı yoxdur, ancaq təbliğat aparılır, jurnalist peşəkarlığında problem var. Ona görə yerli əhali xarici televiziyalara üz tutur" , o qeyd edib.
Politoloq Nəsimi Məmmədli ictimai rəyin formalaşmasında sosial şəbəkələrin önə çıxması haqda danışıb.
Onun sözlərinə görə, KİV üzərində dövlət nəzarəti onların etibarlı informasiya mənbəyi kimi dəyərdən düşməsinə gətirib çıxarıb. Belə siyasət nəticəsində auditoriya sosial şəbəkələrə üz tutmalı olur.
“Hakimiyyətin ənənəvi hökumətyönlü KİV vasitəsilə öz opponentlərini aşağılaması isə sosial şəbəkələrdə cavab reaksiyasına səbəb olub. Belə siyasətin nəticəsində yaranmış informasiya məkanında düşmənçilik dili və aqressiya üstün olub” , politoloq deyib.
Azərbaycan hakimiyyəti deyilənləri qəbul etmir, insanların peşə fəaliyyətinə və ya baxışlarına görə həbs etmədiyini, mediaya dəstək verdiyini, jurnalitlərə "dövlət qayğısı" göstərərək evlə təmin etdiyini, hər il qəzetlərə böyük məbləğdə maddi yardım göstərdiyini bildirir.
Bu gün prezident İlham Əliyev Facebook səhifəsində yazıb ki, “bünövrəsi “Əklinçi” ilə qoyulmuş milli mətbuatımız bu gün Azərbaycanın dünyada eşidilən səsidir.”
Prezident həmçinin milli mətbuat günündə çap nəşrlərinə 1 milyon manat məbləğində əlavə maliyyə yardımı ayırıb.