Bu gün, iyulun 22-də Azərbaycanda Milli Mətbuat Günü qeyd edilir.
Bu il media əməkdaşları Milli Mətbuat Gününü Azərbaycanda çoxsaylı jurnalistlərin İsrailin NSO Group şirkəti tərəfindən hazırlanmış Pegasus proqramı vasitəsilə izlənilməsi ilə bağlı yayılan məlumatlar fonunda qeyd edir. Dünyanın nüfuzlu media orqanlarında, yerli mediada və sosial şəbəkələrdə tənqidlərlə qarşılanan bu məlumatlara rəsmi Bakı hələ də münasibət bildirməyib.
Əvvəlki illərdə jurnalistlərə mənzillərin bağışlanması mərasimləri olsa da, bu il belə tədbirlər də keçirilmir. İstintaqla müəyyən edilib ki, bir çox şəxs jurnalist adı altında hökumətdən mənzillər alıb. Bu iş üzrə istintaq artıq yekunlaşıb, cinayət işi məhkəməyə göndərilib. Prezident yanında keçmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli və digər şəxslər həbs həyatı yaşayır.
Bununla yanaşı, son aylarda Azərbyaycanda media haqqında yeni qanun layihəsinin hazırlanması barədə məlumatlar yayılıb. Müstəqil media rəhbərləri qanun layihəsinin mətninin ictimai müzakirəyə, media ictimaiyyətinin müzakirəsinə təqdim edilməməsindən narahatdır. Maraqlı olsa da, bir sıra hökumət mediasında yeni qanun layihəsi ətrafında müzakirələr aparılması ilə bağlı məlumatlar yayılsa da, sənədin mətni hələ də dərc edilməyib.
146 il öncə - 1875-ci il iyulun 22-də dövrünün maarifçililərindən olan Həsən bəy Zərdabinin “Əkinçi” qəzetini nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyulub. 1877-ci ildə fəaliyyəti dayandırılan qəzetin yalnız 56 sayı işıq üzü görüb.
XX əsrin əvvəllərində Azərbaycanda "Ziya", "Kəşkül", "Şərqi-rus", "İrşad", "Molla Nəsrəddin" kimi qəzet və jurnallar "Əkinçi" ənənələrini davam etdirib.
Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövründə (1918-1920) azad mətbuatın təməli qoyulub.
1920-ci ildə bolşevik Rusiyasının Azərbaycanı işğal etməsi ilə mətbuat Kommunist Partiyasının nəzarəti altına keçib.
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra çoxlu sayda qəzetlər dərc edilib, 1998-ci il avqustun 6-da Azərbaycanda senzura ləğv olunub.
Hazırda ölkədə 5 mindən çox nəşr var. Amma onların çoxu müntəzəm çap oluna bilmir və ya çapını tam dayandırmalı olub. Çoxsaylı internet nəşrlərinin, o cümlədən Azadlıq radiosunun ölkə daxilində girişinə blok qoyulub. Son illər ərzində ondan çox jurnalist həbs həyatı yaşayıb, xarici ölkələrdə sığınacaq alıb.
Azərbaycan dünyada mətbuat azadlığı indeksində 180 ölkə arasında 167-ci yerdə qərarlaşır.
2005-ci ilin martında evinin astanasında qətlə yetirilən Monitor jurnalının redaktoru Elmar Hüseynovun qətlinin sifarişçiləri və icraçıları hələ də həbs edilməyib. Media ekspertləri Hüseynovun qətlinin ölkədə mediada özünüsenzuranın başlanğıcı kimi qiymətləndirir.
Öz növbəsində, ölkə rəsmiləri media azadlığının tam bərpa edildiyini, mediaya dövlət tərəfindən on milyonlarla manat dəstək verildiyiyini, bir sıra jurnalistlərə mənzillər bağışlandığı bildirir.
Onu da qeyd edək ki, jurnalistlərə hədiyyə edilməsi üçün tikilən üçüncü “Jurnalist evi” hazır olsa da, hələ media əməkdaşlarına paylanmayıb. Sosial mediada bu evdəki mənzillərin müharibə iştirakçılarına verilməsi barədə fikirlər səslənməkdədir.