İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.
Prezident İlham Əliyevin Twitter hesabında Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib.
“Azərbaycan torpaqlarını işğaldan azad edən müzəffər Ordumuz öz tarixi missiyasını yerinə yetirdi. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!" prezident bildirib.
103 il öncə 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb.
Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır.
Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürülüb. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunub, ilk müdafiə naziri Xosrov bəy Sultanov təyin edilib. Daha sonra – dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olunublar.
Qısa müddətdə yaradılmasına baxmayaraq, Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları bolşevik işğalından xilas edib və 1918-ci il sentyabrın 16-da Bakı azad edilb.
Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv edib. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 generalı Xəzər dənizindəki Nargin adasında güllələnib.
1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra ordu bayramı oktyabrın 9-da - gələcək milli ordunun ilk batalyonunun yarandığı gün qeyd edilib. Bu, 1998-ci ilə qədər belə davam edib. Həmin il prezident Heydər Əliyevin fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.
Ötən ilin payızındakı 44 günlük Qarabağ müharibəsi Azərbaycan Silahlı Qüvvələrinin çağdaş tarixində mühüm mərhələ olub. Döyüşlər zamanı Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, keçmiş Ağdərə rayonunun bir hissəsi, Hadrut qəsəbəsi və Xocavənd rayonunun bir sıra kəndləri işğaldan azad edilib. Şuşa qala-şəhərin azad edilməsi hərbi əməliyyatların zirvəsi olub.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.