Bu gün, noyabrın 8-də Azərbaycanda Zəfər Günü qeyd edilir. Zəfər günü münasibəti ilə noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərinə səfər edib.
Ölkənin şəhər, rayon və kəndlərində bayram tədbirləri keçirilir, müharibədə həlak olanların məzarları ziyarət edilir.
Paytaxt Bakıda da minlərlə insan Şəhidlər xiyabanlarını ziyarət edir, küçələr, binaların eyvanları və fasadları Azərbaycan bayraqları ilə bəzədilib.
Paytaxtda həmçinin genişmiqyaslı yürüş keçirilib. Günün sonunda isə Bakıda atəşfəşanlıq olacağı gözlənilir.
Zəfər Günü 2020-ci il dekabrın 3-də Prezident İlham Əliyevin imzaladığı sərəncamı əsasında təsis edilib.
Zəfər Günü Azərbaycan Ordusunun beynəlxalq səviyyədə tanınmış ərazilərinin ermənilərin nəzarətində olan hissəsini azad etməsi münasibəti ilə təsis edilib.
2020-ci il sentyabrın 27-də başlayaraq 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Dağlıq Qarabağda yerləşən, mühüm starateji əhəmiyyət kəsb edən Şuşa şəhərini noyabrın 8-də azad edib. Ölkə prezidenti Şuşanın azad olunması gününün hər il Zəfər Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.
Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya və Fransa) münaqişə dövründə tərəflər arasında siyasi həll yolu ilə bağlı vasitəşilik missiyası həyata keçirsələr də, hər hansı irəliləyişə nail ola bilməyib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılaşmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.
Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.