Accessibility links

Azərbaycanda koronavirusla mübarizədə görülən işlərə iki fərqli baxış


Martın 31-də Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edərkən koronavirusla bağlı dövlətin atdığı addımlardan və vətəndaşın məsuliyyətindən bəhs etmişdi.

“Dövlət tərəfindən qəbul edilmiş bütün qərarlara və atılmış addımlara baxmayaraq, əfsuslar olsun ki, dinamika artır və bunun əsas səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir. Çünki Azərbaycan dövləti bu faciə ilə mübarizədə qabaqlayıcı tədbirlərin görülməsi nəticəsində ilkin mərhələdə böyük uğurlar əldə edib və bu gün də digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət daha əlverişlidir. Ancaq buna baxmayaraq, artıq daxili yoluxma halları vüsət alır və beləliklə, yoluxan insanların sayı artmaqdadır...”, deyə Prezident qeyd etmişdi.President.az saytı-nın məlumatına görə, dövlət başçısı daha sonra da bunları əlavə edib:

“Bir daha demək istəyirəm ki, Azərbaycan dövləti bütün lazımi tədbirləri görübdür. Biz bəri başdan bütün quru sərhədlərimizi bağladıq, karantin rejimini tətbiq etdik, bütün məktəblər, uşaq bağçaları, ali məktəblər, ictimai iaşə obyektləri bağlandı, aviareyslərimizin sayı kəskin azaldı və hazırda cəmi iki beynəlxalq aviareys təşkil edilir, özü də həftədə bir dəfə ( martın 31-nə olan məlumat). Beləliklə, bu xəstəliyin yayılmasına qarşı çox önəmli tədbirlər görüldü və xaricdən gələn vətəndaşların bu xəstəliyin yayılmasında rolu kəskin azaldı.”

“Fəaliyyət Planı imitasiya xarakteri daşıyıb, ciddi hazırlıqlar yubanıb”Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli bu mövzuda Azadlıq Radiosuna danışarkən vurğulayıb ki, bəzi ölkələrdə olduğu kimi Azərbaycanda da bir sıra vətəndaşların səhlənkarlığının virusun asanlıqla yolxumasına rəvac verə bilcəyinə şübhə etmir. Ancaq Anar Məmmədli hesab edir ki, dövlət rəsmiləri vətəndaşlara yüklənməzdən öncə, ötən 2 ayda görülən işlərin səmərəliliyini saf-çürük etməlidrlər. Mərkəz sədri xatırladıb ki, 30 yanvarda Nazirlər Kabinetinin sərəncamı ilə koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı təsdiqlənib:

“Amma ölkə sərhədlərinə giriş 29 fevralda (İranla) məhdudlaşdı. Halbuki, həm Çin, həm də Dünya Səhiyyə Təşkilatı (DST) yanvarın ilk həftəsi bu virusla bağlı dəhşətləri paylaşmışdı.

“Test aparatlarının sayı barədə dəqiq məlumat yoxdur”

Anar Məmmədli koronavirus əleyhinə təbliğ edilən vasitələrdən olan maska istehsalının və ya ölkəyə gətirilməsinin yanvardan yubandığını bildirib:

“Eyni zamanda, koornavirusa yolxuma hallarının müəyyən edilməsi üçün zəruri olan test aparatlarının sayı barədə dəqiq məlumat yoxdur. Bəzi ekspertlər test aparatlarının virusun vaxtında müəyyən edilməsi və epidemiyanın qarşısının alınmasında vacib avadanlıq hesab edirlər”.Mərkəz sədrinin sözlərinə görə, karantin rejiminin digər çatışmazlığı qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan yüz minlərcə insanın sosial yardımdan kənarda qalmasıdır:

“Bununla da bu qrupa daxil olan isnnaları evdə saxlamaq mümkün olmur. Dövlət qurumları bu qrupa daxil olan insanların sayını müəyyən etməkdə çətinlik çəkirsə, kommunal və kommunikasiya xərclərdə güzəştlərin edilməsi, ərzaq talonlarının dövriyyə buraxılmasını təmin edə bilər. Bununla da çölə çıxmaq üçün bəhanələr aradan qalxar. Nəhayət, vətəndaşların cavabdehliyinin artırılması üçün koronavirusla bağlı inandırıcı və dolğun təbliğat qurulmalıdır. İlk növbədə virusa yoluxanların coğrafi xəritəsi hazırlanıb yayılmalı, xəstəliyə yoluxanların tarixçəsi (yaş, cins, əvəlki xəstəliyi, yoluxma səbəbi) barədə ictimaiyyət vaxtaşırı məlumatlanmalıdır”

“Prezidentin söylədikləri doğrudur”

Hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan deputat Hikmət Babaoğlu isə Anar Məmmədli ilə razı deyil. Deputat hesab edir ki, Azərbaycanda koronavirusa qarşı bütün tədbirlər vaxtında görülüb və Prezidentin bəzi məsuliyyətsiz vətəndaşların məsuliyyətsizliyi ilə bağlı söylədikləri də doğrudur:

“ Çünki bu gün paytaxt və əyalətlərdə küçələrə çıxsaq, ayrı-ayrı vətəndaşların laqeyd və məsuliyyətsiz yanaşdığının şahidi olacağıq. Sərhədlərin bağlanmasına gəlincə, bu, bir evin qapısını bağlamaq deyil. Sərhəd bağlamaq özünəməxsus prosedurlar və müəyyən zaman tələb edir. Bu mənada sərhədlər də vaxtında qapandı, ikinci, sərhədlərimizdən tranzit keçidini təmin etmək üçün xüsusi tədbirlər alındı. Dünyanın heç bir ölkəsində görünməyən tədbirlər idi, tranzit yüklər polis vasitəsilə müşahidə edilirdi, onlar ərzaqlarla təmin olunurdu. Ona görə Prezidentin mövqeyi haqlıydı, qərarlar da vaxtında qəbul edilmişdi”Maskaların tapılmaması barədə məsələyə gəldikdə isə Hikmət Baboğlunun vurğulamasına görə, bir neçə gün əvvəl Nazirlər Kabineti yanında Operativ qərargahın keçirdiyi mətbuat konfransında bildirilib ki,artıq Sumqayıtda fabrik qurulur, xammal gətirlib və istehsal prosesi başlayır:

“Bilirsiniz, məsələlərə bir qədər fərqli baxılmalıdır, koronavirus yalnız Azərbaycanın yox, bütün dünyanın problemidir. Təcrübə də göstərdi ki, bütün dünya ölkələrində pandemiyaya hazırlıq əvvəlcədən aparılmadığı üçün müəyyən ciddi problemlər yarandı və maska qıtlığı bütün ölkələrdə oldu. Ona görə bunu xüsusi mövzuya çevirmək doğru olmazdı. Çünki hər hansı ölkə səhiyyə sistemini qurarkən, tibbi ləvazimatlarını hazırlayarkən pandemiyanın olacağını düşünmür. Bu mənada Azərbaycan nümunəvi addımlar atmağı bacaran və bu günə qədər də pandemiya təhlükəsini nəzarətdə saxlayan çox az ölkələrdən biridir”.

Deputat iddia edib ki, dövlət qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olan, o cümlədən günəmuzd çalışan insanlarla bağlı tədbirlər planı hazırlayır: “Bununla bağlı xüsusi paket hazırlanıb, yəqin ki, təqdim olunacaq (müsahibə aprelin 3-də götürülüb-red). Dövlət bütün tədbirləri nəzərdən keçirib, hazırlayır. Əgər Nazirlər Kabineti yanında Operativ qərargahın məlumatlarını izləsək, sizin sualların hamısına cavab tapmaq olar. Bilirsiniz, bu, ümummmil, qlobal təhdid və təhükədir. Ona görə hansısa nüansı qabardıb onu dövlətin ayağına yazmaq, yaxud dövlət filan tədbiri görmədi kimi təqdim etməkdənsə, daha çox vətəndaşların qərarlara riayət etməsi barədə təbliğat işləri aparsaq daha düzgün olar. Bu mövzunu qaldırmağınız doğrudur, amma məsələlərə fərqli prizmadan da yanaşsanız daha yaxşı olar”.

XS
SM
MD
LG