Accessibility links

Azərbaycan Müdafiə Nazirliyi erməni mövqelərinə mina atmadığını bildirir


"Ermənistan mətbuatının guya Azərbaycan tərəfinin cəbhə xəttində pilotsuz uçuş aparatlarından istifadə etməklə erməni mövqelərinə mina zərbələri endirilməsi barədə yaydığı xəbərin heç bir əsası yoxdur və bu yalan informasiyadır".

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidməti bildirir ki, Müdafiə Nazirliyinin Azərbaycan kəndlərinin ermənilər tərəfindən atəşə tutulması barədə verdiyi xəbərdən dərhal sonra bu kimi dezinformasiya yayılıb.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Azərbaycan Ordusu cəbhə xəttində atəşkəs rejiminə tam riayət edir.

"Düşmənin iddia etdiyi kimi əgər tərəfimizdən bu cür tədbir həyata keçirilərdisə, o zaman Ermənistan qoşunlarının çoxsaylı itkilərə məruz qalması qaçılmaz olardı", mətbuat xidmətinin məlumatında deyilir.

Ermənistan mediası rəsmi mənbələrə istinadən yanvarın 20-də erməni mövqelərinin Azərbaycanın pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığını bildirib.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə Krakov görüşü zamanı tərəflərin təmas xəttində yaranmış etimadın daha da möhkəmləndirilməsi üçün tədbirlər görməsi barədə götürdüyü öhdəliyi pozaraq Azərbaycan pilotsuz uşuş aparatlarından cəhə xəttinin şimalında ermənilərin mövqelərinə minomyot minaları atıb ”, Ermənistan mediası rəsmi mənbələrə istinadən yazıb.

ATƏT-in Minsk Qrupunun həmsədlərinin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri yanvarın 18-də Krakovda görüşüb.

Görüşdən bir gün sonra, yanvarın 19-da atəşkəsin pozulması nəticəsində bir Azərbaycan hərbçisi həlak olub. Qeyri-rəsmi məlumatlara görə, yanvarın 20-də isə cəbhə xəttində Azərbaycan Ordusunun polkovniki həlak olub.

Baş verənlər Krakov görüşündən sonraya təsadüf edir.

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Krakov görüşünün nəticələri ilə bağlı birgə bəyanatında deyilir ki, nazirlər və həmsədrlər Dağlıq Qarabağ münaqişəsinə həsr edilən əvvəlki sammitlərdə əldə olunmuş sazişlərin reallaşdırılmasına yardım üçün növbəti addımları müzakirə edib.

"Xarici işlər nazirləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi aparatının səlahiyyətinin genişləndirilməsi ilə bağlı həmsədrlərin nəzərdən keçirdiyi konseptual sənəd barəsində prinsipial razılaşma əldə edib".

Görüşlər zamanı nazirlər və həmsədrlər cədvəl üzrə hazırlanan iş təkliflərindəki əsas həssas məsələlər üzrə fikir mübadiləsi aparıb. Həmsədrlər həmçinin, danışıqlar prosesinə mühüm töhfə kimi etimad tədbirlərini həyata keçirməyə çağırıb. Nazirlər və həmsədrlər təmas xəttində nisbi sakitliyin hökm sürdüyünü qeyd edib. Həmsədrlər tərəfləri bu müsbət tendensiyanı gücləndirməyə çağırıb.

Həmsədrlər nazirlərə münaqişənin təsirinə məruz qalmış ərazilərdə 2010-cu il sahə qiymətləndirmə missiyasının inkişaf etdirilməsinin mümkünlüyünü bir daha müzakirə etməkdə maraqlı olduqlarını bildirib.

Həmsədrlər fevral ayının əvvəlində bölgəyə səfər etməyi planlaşdırırlar”, birgə bəyanatda qeyd edilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılığı əldə edilənə kimi erməni tərəfi Azərbaycanın Dağlıq Qarabağ vilayətini və regiona bitişik 7 rayonunu nəzarətinə keçirib. Münaqişənin tənzimlənməsilə ATƏT-in Minsk qrupu məşğul olur. ABŞ, Fransa və Rusiya həmsədr dövlətlərdir.

Cəbhədə hərbi əməliyyatlar 2016-cı il aprelin 2-dən 5-dək yenidən bərpa olunub. Üç gün ərzində aparılan döyüşlərdə tərəflər onlarla itki verib. Rusiyanın təşəbbüsü ilə atəşkəs rejimi yenidən bərpa olunub. Bundan sonra iki ölkə prezidentlərinin bir neçə görüş keçirməsinə baxmayaraq, danışıqlarda irəliləyiş qeydə alınmayıb.

Minsk Qrupunun həmsədr dövlətləri də dəfələrlə mövcud status-kvonun dəyişdirilməsinin vacibliyini qeyd edib. Amma status-kvo da dəyişməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG