Aprelin 15-də Bakıda Azərbaycanın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) işə başlayıb.
“Qlobal tərəfdaşlıqların səfərbər edilməsi” mövzusuna həsr olunan Bakı konfransına dünyanın 115 ölkəsindən 432 nümayəndə qatılıb.
Forum narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə həlak olan şəxslərin xatirəsinin yad edilməsi ilə başlayıb.
Azərbaycanın baş naziri Novruz Məmmədov bildirib ki, Azərbaycan Amerika Birləşmiş Ştatları ilə bir çox sahələrdə, o cümlədən təhlükəsizlik, qlobal risk və təhdidlərə qarşı mübarizə sahələrində qarşılıqlı faydalı əməkdaşlıq edir.
“ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq antiterror koalisiyasına qoşulan ilk dövlətlərdən biri Azərbaycan olmuşdur. Azərbaycan və ABŞ regional və qlobal səviyyədə terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizədə birgə fəaliyyət göstərirlər.”
Baş nazirin firkincə, narkomaniya bu gün dünyanın bir çox ölkə və dövlətlərində dəhşətli bəlaya çevrilməkdədir.
“Bu bəla həm narkotik istifadəçisinin müxtəlif cinayətlər törətməsinə səbəb olur, həm də cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır. Narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə əsas təhdidlərdən biri hesab edilir,” o qeyd edib.
Məmmədov Azərbaycanda narkomaniyaya qarşı mübarizədən danışarkən deyib ki, son 15 ildə narkotiklərə qarşı mübarizə sahəsində 13 fərman, 56 sərəncam imzalanıb, Milli Məclis 38 qanun qəbul edib, bir neçə dövlət proqramı hazırlanıb.
Son 5 ildə dövriyyədən 8 ton 354 kiloqram narkotik vasitə çıxarılb.Novruz Məmmədov, baş nazir
“Aparılmış islahatlar və həyata keçirilmiş tədbirlər nəticəsində son 5 ildə dövriyyədən 8 ton 354 kiloqram narkotik vasitə çıxarılb. Ölkəmizdə ən müasir avadanlıqlarla təchiz olunmuş yeni narkoloji müalicə mərkəzi tikilib istifadəyə verilib,” baş nazir bildirib.
Novruz Məmmədov deyib ki, 25 ildən çoxdur Azərbaycanın tarixi torpaqları olan Dağlıq Qarabağ və ətraf 7 rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib.
“İşğal altındakı həmin ərazilərdən narkotik vasitələrin istehsalı və tranziti üçün istifadə edilməsi narkobiznesin və beynəlxalq terrorizmin genişlənməsinə münbit şərait yaradır. Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizə cəlb edilən şirkətlərin iqtisadi fəaliyyəti işğalın davam etdirilməsinə, eləcə də narkotrafik və digər cinayət hallarına şərait yaradır,” o qeyd edib.
Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib ki, əsas problem xaricdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərlə bağlıdır.
“Bu, ilk növbədə, Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir. Müxtəlif marşrutlarla narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilib, cinayətkarlardan külli miqdarda narkotik vasitə götürülüb.
“Təkcə Dövlət Gömrük Komitəsi tərəfindən ötən il və bu ilin son üç ayında sərhəd-keçid məntəqələrindən 1 ton 714 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.”
Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib ki, 2018-ci il ərzində gömrük orqanları tərəfindən 24 narkoqrup aşkar edilib, ümumi çəkisi 1 ton 193 kiloqram olan narkotik maddələr dövriyyədən çıxarılıb,
“2019-cu ilin üç ayı ərzində isə 16 narkoqrup barəsində istintaq hərəkətləri aparılıb, ümumilikdə 520 kiloqram narkotik maddələr tutularaq saxlanılıb,” o əlavə edib.
ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer Azərbaycan narkotik qaçaqmalçılığına mübariz istiqamətdə beynəlxalq əməkdaşlığa mühüm töhfələr verir.
“ABŞ-ın etibarlı tərəfdaşı olan Azərbaycan 2002-ci ildən Əfqanıstanda beynəlxalq sülhməramlı əməliyyatlarda fəal iştirak edir, həmin missiyanın dəstəklənməsi üçün fəal logistik dəstək verir. Bu töhfələr narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə də mühüm rol oynayır. Azərbaycan bu dəstəyi ABŞ ilə yanaşı, digər ölkələrə də göstərir.”
“Təkcə Dövlət Gömrük Komitəsi tərəfindən ötən il və bu ilin son üç ayında sərhəd-keçid məntəqələrindən 1 ton 714 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb.Əli Həsənov, baş nazirin müavini
Onun sözlərinə görə, mühüm geosiyasi məkanda yerləşən Azərbaycanda nəqliyyat infrastrukturunun müasirləşdirilməsi ölkədə digər sahələrlə yanaşı, iqtisadiyyatın və ticarətin inkişafına da əhəmiyyətli töhfə verib.
“Azərbaycan dövlətinin rəhbərliyi yeni müasir ticarət yollarından narkotik vasitələrin dövriyyəsində istifadə edilməsinin qarşısını almaq üçün qətiyyətli tədbirlər həyata keçirir. Bu mübarizədə birgə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir,“ o qeyd edib.
Tədbirlə bağlı keçirilən mətbuat konfransında Azərbaycan baş nazirinin müavini Əli Həsənov Amerikanın Səsinin sualının cavabında bildirib ki, Azərbaycan ərazisinə narkotik vasitələr əsasən cənub istiqamətindən, İran İslam Respublikasından daxil olur.
“Bunun qarşısının alınması üçün Azərbaycan İran tərəfi ilə mütəmadi olaraq danışıqlar aparır, sıx əməkdaşlıq edir. İran-Azərbaycan sərhədinin 132 kilometri bizim nəzarətimizdə deyil. Bu ərazilər erməni silahlı bölmələri tərəfindən işğal edilb. Erməni işğalındakı torpaqlar çox münbitdir. Orada narkotik bitkilər becərilir, bunun üçün laboratoriyalar inşa edilib."
Baş nazirin müavininin sözlərinə görə, bununla bağlı sənədlər BMT-nin Vyana ofisinə təqdim olunub. Bundan sonra monitorinq qrupu yaradılıb, lakin Ermənistan həmin qrupu işğal etdiyi ərazilərə buraxmayıb.