Accessibility links

Belarus Rusiyanın taktiki nüvə silahlarını ölkədə yerləşdirmək qərarına Qərbin "təzyiqlərinin" səbəb olduğunu iddia edir


Belarus Qərbin "görünməmiş siyasi, iqtisadi və informasiya təzyiqinə" cavab olaraq Rusiyanın taktiki nüvə silahlarını öz ərazisində yerləşdirməyə razılıq verməyə "məcbur edildiyini" iddia edir.

Martın 27-də Belarus Xarici İşlər Nazirliyinin saytında yerləşdirilmiş bəyanatda ABŞ, Böyük Britaniya və Avropa İttifaqı "geosiyasi kursu pozmaq və Belarus daxilində siyasi vəziyyəti dəyişmək məqsədi ilə müstəqil dövlətin daxili işlərinə birbaşa və açıq-aşkar müdaxilə etməkdə" ittiham olunur.

Bəyanat Rusiya prezidenti Vladimir Putinin Belarusun avtoritar lideri Aleksandr Lukaşenko ilə NATO və Avropa İttifaqına üzv ölkələr Polşa, Litva və Latviya, habelə Rusiya və Ukrayna ilə həmsərhəd olan Belarusda taktiki nüvə silahı yerləşdirmək barədə razılıq əldə etdiyini bildirməsindən üç gün sonra verilib.

Lukaşenko 2020-ci ilin avqustunda müxalifətin və Qərbin saxtalaşdırıldığını söylədiyi prezident seçkilərində qalib gəldiyini iddia etdikdən sonra beynəlxalq səhnədə təcrid edilmiş şəxsə çevrilib.

Onun müxalif fikirlərə qarşı amansız repressiyaları Avropa İttifaqı, Böyük Britaniya, ABŞ və bir çox digər Qərb dövlətlərini Minskə və Lukaşenko rejiminin nümayəndələrini əksəriyyətinə qarşı sarsıdıcı sanksiyalar tətbiq etməyə sövq edib.

Artan beynəlxalq təcrid fonunda Lukaşenko dəstək üçün ənənəvi müttəfiqi olan Rusiyaya müraciət edib. Bunun müqabilində o həmçinin Moskvaya Belarusdan Kremlin Ukraynaya genişmiqyaslı müdaxiləsinə başlamaq üçün səhnə kimi istifadə etməyə icazə verib.

Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Qərbin bu cür hərəkətləri qarşısında "Belarus öz təhlükəsizliyini və müdafiə qabiliyyətini gücləndirmək üçün cavab tədbirləri görməlidir".

Bu addımı elan edərkən Putin Rusiyanın Belarusda depo inşa etdiyini və Moskvanın silahlara nəzarəti Minsk hakimiyyətinə verməyəcəyini açıqlayıb.

Belarus Xarici İşlər Nazirliyi bu addımın "beynəlxalq hüquqa tam uyğun olduğunu" və Qərb liderləri tərəfindən pislənilsə də, bunun Nüvə Silahlarının Yayılmaması haqda Müqaviləyə zidd olmadığını bildirib.

Martın 26-da Avropa İttifaqının xarici siyasət məsələləri üzrə rəhbəri Cosep Borrell bu addımı "məsuliyyətsiz eskalasiya və Avropanın təhlükəsizliyinə hədə" adlandırıb və Minskin bu silahları yerləşdirəcəyi təqdirdə əlavə sanksiyalarla üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Bu arada NATO "vəziyyəti yaxından izlədiyini" bildirib və Moskvanı Yeni START müqaviləsini bu yaxınlarda dayandırması da daxil olmaqla, silahlara nəzarət üzrə öhdəlikləri "ardıcıl olaraq" pozmaqda ittiham edib.

Ağ Ev də həmçinin nüvə silahları ilə bağlı mövqeyini dəyişmək üçün dərhal səbəb və ya Rusiyanın bu cür silahlardan istifadə etməyə hazırlaşdığına dair bir əlamət görməsə də vəziyyəti izlədiyini bildirib.

Nüvə Silahlarının Yayılmaması haqda Müqavilə nüvə silahı və silah texnologiyasının yayılmasının qarşısını almağa yönəlmiş mühüm bir paktdır. Sənəd 190-dan çox ölkə tərəfindən imzalanmış və 1970-ci ildə qüvvəyə minmişdir.

XS
SM
MD
LG