Accessibility links

Berlin divarının tarixi [1-ci hissə]


Noyabrın 9-da Berlin divarının çökməsinin 25-ci ildönümü tamam olur.

Amerikanın Səsi britaniyalı tarixçi, Berlin divarı üzrə mütəxəssis və Berlin Divarı – Bölünmüş Dünya, 1961-1989 kitabının müəllifi Frederik Teylorla Şərqi Almaniyanın divarı niyə tikdiyi haqda danışdıq.

1945-ci ilin Yalta müqaviləsinə əsasən, İkinci Dünya Müharibəsinin qalib müttəfiqləri Almaniyanı dörd hissəyə, dörd zəbt zonasına bölmüşdülər: amerikan, britaniyalı, fransız və sovet zonaları.

Sovet zonasının 160 kilometr daxilində Almaniyanın paytaxtı Berlin yerləşirdi. Bu şəhər də bütöv Almaniya kimi dörd hissəyə bölünmüşdü.

Sovet və Qərb qüvvələri arasındakı gərginlik

Müharibə sonrası dövr aylardan illərə uzandı və sovetlər və üç Qərb müttəfiqi arasında gərginliklər yarandı. 1949-cu ildə Almaniyanın qərb zonaları Berlini əhatə edən Sovet müttəfiqi kommunist Şərqi Almaniya hökümətindən ayrıldı.

Tarixçi Frederik Teylor deyir ki, “Sovet ərazisində yerləşən Berlin donmuş və repressiv Sovet İttifaqında Qərb həyat tərzinin simvoluna çevrilmişdi. Sovetlər və onların alman kommunist müttəfiqləri Berlini kapitalizmin Troya atı kimi görürdülər.”

Teylor Şərqi və Qərbi Almaniya arasında bir sərhəd inşa edildiyini bildirir:

“1952-ci ildə orada artıq istehkamlandırılmış sərhəd var idi, və sərhədi şərqdən qərbə keçmək istəyənlər vurulurdular. Lakin Berlinin xüsusi statusu var idi, çünki Berlin hərbi nəzarət altında idi və hətta iki ayrı alman dövləti qurulduqan sonra belə Berlinin hərbi qanunla idarəsi davam edirdi.”

“Berlində nəzarət-buraxılış məntəqələri var idi, amma insanlar asanlıqla Şərqi və Qərbi Berlin arasında hərəkət edə bilirdilər. Bu, o demək idi ki, kommunistlərin idarə etdiyi Şərqi Almaniyada azadlığın olmamasından və yaşayış standartlarının zəif olmasından təngə gələn şərqi almaniyalılar Qərbi Almaniyaya keçə bilirdilər. 1951-ci ildə Şərqi Almaniyanın yaşayış standartları üç-dörd il əvvələ nəzərən daha da zəif idi,” deyə Teylor bildirir.

Teylor deyib ki, 1949 və 1961-cı illər arasında, Şərqi Almaniya 17 milyonluq əhalisinin iki yarım milyonunu Qərbi Almaniyaya itirmişdi.

Bazar günü səhər, 1961-ci ilin Avqustun 13-ü hər kəs oyananda şərqi və qərbi Berlin arasına çəpər(baryer) inşa edildiyi gördü.
Frederik Teylor, tarixçi

“Əslində, 1950-ci illərin sonu və 1960-1961-ci illərdə Şərqi Almaniya hökümətinə və hətta onların sovet başçılarına məlum idi ki, onların ölkəsi boşalır - ölkənin ən yaxşı və ən parlaq insanları Qərbə köçür,” deyə Teylor bildirir. “Və bununla bağlı bir tədbir görülməli idi. Sual bu tədbirin nə olacağı idi.”

Tarixçi Şərqi Almaniyanın bir neçə alternativ çıxış yolunun olduğunu deyir.

“Onlar islahatlar apara bilərdilər, onlar daha səmərəli və məhsuldar iqtisadiyyat yaratmaq üçün çalışa bilərdilər. Onlar Şərqi Almaniya əhalisini savadlı və sivil insanların tələb etdikləri siyasi və hərəkət azadlıqları ilə təmin edə bilərdilər. Lakin təbii ki, onlar bunu etmədilər. Onlar, indi çox az ölkələrdə görünən, bəlkə də sadəcə Şimali Koreya və Kubada olan stalinist modelinə uyğun mərkəzləşdirilmiş iqtisadiyyata bağlı idilər.”

Teylor bildirib ki, Şərqi Almaniya rəhbərliyi Qərbi Almaniyaya olan axının qarşısını almağın çarəsin fiziki hasar inşa etməkdə gördü. Və onlar bu hasarı qərbi və şərqi Berlin arasında inşa etdilər.

Berlin Divarının İnşası

Tarixçi bildirir ki, 1961-ci ilin avqust ayının 12-dən 13-ə keçən gecə şərqi Berlinə tonlarla taxta, daş kömür, və tikanlı məftil gətirildi.

“Onlar birinci hər yeri tikanlı məftillə bağlayıblar və şərqdən Qərbi Berlinə keçən bütün yolları beton tank tələləri və daş kömürlərlə bağladılar. Bir neçə metrdən bir baryerləri quraşdıran işçilərə nəzarət edən keşikçilər qoyuldu, və hər şey 12 saat ərzində tamamlandı,” deyə Teylor bildirir.

“Bazar günü səhər, 1961-ci ilin Avqustun 13-ü hər kəs oyananda şərqi və qərbi Berlin arasına çəpər(baryer) inşa edildiyi gördü. Bu hələ ki divar deyil, sadəcə hasar idi. Küçələri bloklamaq və maşınların hərəkətini dayandırmaq üçün tikanlı məftil hasarı və daş kömürləri.”

Teylor deyir ki, tikanlı məftillə başlayan bu hasar bir gecə ərzində qəddar qətiyyətlə ailələri, qonşuları, qohum və dostları bir-birindən ayırdı.

Ailə və Dostların Ayrılığı

“O gecə harada olduğuna baxamyaraq sən nə edəcəyin haqda qərar verməli idin. Sən şərqdə qalan qərbliydinsə, təbii ki, səni geri buraxacaqdılar. Amma əgər, məsələn, sən qohumlarınla qərbdə qalan şərqliydinsə (və həftəsonu olduğu üçün minlərlə insan Qərbdə qalırdı), sən nə edəcəyinə qərar verməli idin: ya Qərbdə qalmalı idin, ya da ailənin yanına - Şərqə dönməli idin. Bir çox insan məhrumiyyətləri gözə alaraq Qərbdə qalmağa qərar verdi. Bundan əlavə yeni məhəllələr yaradıldı, çünki küçələr boyu hasarlar peyda olmuşdu.”

Tarixçi deyir ki, ancaq bundan bir həftə sonra divara bənzər tikili, Brandenburq qapısın cənubunda inşa edilməyə başlandı. Tikildikdən sonra divarın Berlini yarı bölən hissəsi 43 kilometr, Şərqi Almaniyanı Qərbi Almaniyadan ayıran hissəsi isə 110 kilometr uzunluğunda oldu. Bundan əlavə, orada 300-dən artıq keşikçi qülləsi, minalı ərazilər, işıq proyektorları və avtomatik silahlılar qoyuldu.

Teylor əksər şərqi almaniyalaların hisslərini təsvir edir:

“Bu hadisə tarixdəki o dövrün çox böyük faciəsi idi. Bu dövr qırılmış ümidlər, məyusluq, klastrofobiya, hərəkat, nəfəsalma və duyğu azadlığının olmamasının dəhşətli hissləri ilə dolu bir dövr olub. Məncə, bunları yaşamış insanlarla söhbət etmək ən heyrətamiz hissdir. Və mən düşünürəm ki, bizim onları anlamağımız çox çətindir.”

Gələn on ildə, Şərqi Almaniyalılar divarı aşmaqdan tutmuş tunel qazmağa kimi müxtəlif metodlarla azadlığa qaçmağa can atırdılar. Şansları çox az idi, lakin Teylor bildirir ki, insanlar Berlin Divarının arxasında olan daha yaxşı həyat üçün hər riskə getməyə hazır idilər.

BERLİN DİVARI - 2-Cİ HİSSƏ

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG