Accessibility links

Bayden Kapitoliyə hücum cəhdinin ildönümündə hadisələrdə Trampı günahlandırıb


Bayden Kapitoliyə hücum cəhdinin ildönümündə hadisələrdə Trampı günahlandırıb
please wait

No media source currently available

0:00 0:03:46 0:00

ABŞ prezidenti Co Bayden keçən il yanvarın 6-da Kapitoli binasına hücum cəhdinin birinci ildönümü münasibətilə amerikalılara müraciətində Amerika demokratiyasını müdafiə edib. O, hadisələrə görə məsuliyyəti keçmiş prezident Donald Tramp və 2020-ci il seçkilərinin oğurlandığına dair əsassız iddianı yaymaqda davam edən respublikaçıların üzərinə atıb.

Donald Tramp tərəfdarlarının qanunvericilərin 2020-ci il prezident seçkilərində Co Baydenin qələbəsini təsdiq etməsinin qarşısını almaq üçün ABŞ Kapitoli binasına basqın etməsindən bir il keçir.

“Bir il əvvəl bu gün bu müqəddəs yerdə demokratiyaya hücum edildi”, ABŞ prezidenti Co Bayden bildirib.

Bayden Donald Trampın adını bir dəfə də çəkmədən bütün məsuliyyəti onun üzərinə qoydu.

“Tariximizdə ilk dəfə prezident təkcə seçkilərdə məğlub olmadı, o, zorakı kütlə Kapitoliyə çatdığı vaxt hakimiyyətin dinc yolla ötürülməsinə mane olmağa çalışdı” bildirib.

Bayden Trampı həmçinin 2020-ci il seçkilərinin oğurlanmasına dair keçmiş prezidentin və bəzi respublikaçıların bu günə qədər söyləməyə davam etdiyi əsassız və demokratların “böyük yalan” adlandırdığı iddiada ittiham etdi.

“Çünki o, gücü prinsipdən üstün tutur, çünki o öz maraqlarını ölkəsinin maraqlarından, Amerikanın mənafeyindən üstün görür. Və onun sınmış eqosu onun üçün demokratiyamızdan və ya Konstitusiyamızdan daha vacib olduğuna görə o məğlub olduğunu qəbul edə bilmir”, Bayden deyib.

Tramp yanvarın 6-na planlaşdırılan mətbuat konfransını ləğv edib və açıqladığı bəyanatında bildirib ki, “...bu siyasi teatr Baydenin tamamilə və bütünlüklə iflasa uğraması faktından diqqəti sadəcə yayındırmaqdır”.

Senatda ən nüfüzlu Respublikaçı Mitç Makkonnell açıqladığı bəyanatda demokratları bu ildönümündən partiyanın siyasi məqsədlərinə çatmaq üçün istifadə etməyə çalışmaqda günahlandırıb.

Bir çox müşahidəçilər Amerika demokratik institutlarının Kapitoliya hücumdan çox əvvəl də təzyiq altında olduğunu bildirir. Vitse-prezident Kamala Harris seçki hüququ və seçki prosesinin bütövlüyünün gücləndirilməsinin bu hadisələrə lazımi cavab olduğunu vurğulayıb.

“Bu, dünyanın ən böyük demokratiyasının süqutunu sürətləndirən an kimi yadda qalacaqmı? Yoxsa gələcək nəsillər üçün demokratiyamızı təmin etmək və gücləndirmək qərarına gəldiyimiz an? “ ABŞ vitse-prezidenti Kamala Harris çıxışında bildirib.

Kapitoliyə hücumun qlobal nəticələri də oldu. Rusiya və Çin də daxil olmaqla, opponentlər bundan öz qeyri-demokratik sistemlərini müdafiə etmək üçün istifadə etdilər.

“Putin bütün dünyaya ABŞ demokratiyasının arzuolunacaq bir şey olmadığı, onun Rusiya sistemi qədər xaotik və parçalanmış olduğu mesajını yaymağa davam etmək üçün. Çin isə daha yaxşı alternativ olduğunu iddia etmək üçün”, Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzində təhlilçi Süzan Spauldinq bildirib.

Bayden bu arqumentləri rədd edir.

“Çin, Rusiya və digər ölkələr mərc edir ki, demokratiyanın günləri sayılır. Onlar əslində mənə demokratiyanın bugünkü sürətlə dəyişən, mürəkkəb dünyada uğur qazanmaq üçün çox yavaş olduğunu, bölünmələrə görə bataqlığa düşdüyünü deyib. Onlar mərc edir ki, Amerika daha çox onlara bənzəyəcək, bizə yox. Amerikada avtokrat, diktator, güclü adama yer var. Mən buna inanmıram. Biz belə deyilik. Bu, bizim heç olmadığımız və heç vaxt olmamalı olduğumuz şeydir”, ABŞ prezidenti deyib.

Qarşıda çətin bir yol var. Seçki saxtakarlığı iddiaları irəli sürərək, Respublikaçılar bir çox ştatlarda səsvermə hüququnu məhdudlaşdıran və onlara öz ştatlarının seçki sistemləri üzərində daha çox səlahiyyət verən qanunvericiliyi müdafiə edir. Demokratlar isə bu tədbirlərin onları səsvermədə əlverişsiz vəziyyətə salacağını və demokratiya üçün təhlükə yaradacağını bildirir.

XS
SM
MD
LG