Azərbaycanda COVİD-19 pandemiyasına qarşı mübarizə sahəsində hökumətin apardığı işlər son günlərdə sosial şəbəkələrdə geniş tənqidlərə yol açıb. İnsanlar təcili tibbi yardımın vaxtında gəlməməsidən, xəstəxanalara qəbulda problemlərin olmasından, dərmanların apteklərdə tapılmamasından, dərmanların qara bazarının formalaşmasından, klinikalarda müalicənin və testlərin bahalığından şikayət edir.
Müxalifətdə olan Demokratik Qüvvələrin Milli Şurası hökumətin siyasətinə etiraz olaraq tənqidi bəyanatla çıxış edib, keçmiş səhiyyə naziri Əli İnsanov isə ölkədə COVİD pandemiyasına qarşı vahid müalicə rejiminin olmadığını bildib.
Milli Şura: "Bir ailənin bəladan qurtuluşu 6-10 min manat civarındadır"
“Təəssüf hissilə bildiririk ki, Azərbaycan dövləti böyük maliyyə imkanlarının mövcudluğuna baxmayaraq, bu ağır sınaq günlərində böyük maddi, mənəvi sıxıntılar yaşayan Azərbaycan xalqının yanında ola, ağır xəstəlik və onun doğurduğu fəsadlarla mübarizədə vətəndaşlarımıza gərəkən dəstəyi verə bilmir.”
Bu barədə Milli Şuranın “Azərbaycanda COVİD-19 pandemiyasının acınacaqlı durumu ilə bağlı” bəyanatında deyilir.
Sənəddə ölkədə insanların təcili tibbi yardım xidmətindən istifadədə saatlarla gözlədilməsi, keyfiyyətli tibbi yardım ala bilməməsi, testlərin qiymətinin baha, keyfiyyətinin aşağı olması, xəstələrin daha çox bahalı özəl klinikalara yönəldilməsi, COVİD-19-la mübarizə məqsədilə yaradılan xəstəxanaların və xəstə çarpayılarının sayında ciddi çatışmazlıqların olması diqqətə çatdırılır.
“Bəzən çağırışa gələn Təcili Tibbi Yardım Xidməti xəstələri tibb müəssisələrinə yerləşdirə bilmir və evinə qaytarır. Bir çox xəstə yaxınları öz doğmalarını xəstəxanalara yerləşdirmək üçün rüşvət verdiklərini bildirirlər. Xəstəxanalara yerləşdirmə bir çox hallarda “yuxarıların tapşırığı” əsasında həyata keçirilir, sadə vətəndaşlar sosial diskriminasiyaya məruz qalır,” Milli Şura bildirir.
Bəyanatda deyilir ki, dövlət COVİD-19 infeksiyasına yoluxaraq öz evində karantində olanlara heç bir maddi yardım göstərmir, xəstələrin qeydiyyatda olduğu poliklinikalar bu xəstələri nə dərmanlarla, nə həkim və tibb bacısı xidməti ilə təmin edir.
“Ümumilikdə, bir COVİD-19 xəstəsinin sağalması xəstə yaxınlarına 1500-2000 manata başa gəlir. İşləyən əhalinin, əsasən, 250-500 manat əməkhaqqı aldığı, ölkə əhalisinin böyük əksəriyyətinin isə işləmədiyi və karantin nəticəsində hətta günəmuzd əsasda qazandığı qəpik-quruşdan da məhrum olduğu şəraitdə bunun nə demək olduğunu təsəvvür etmək belə ağırdır. Xəstəliyin yolxucu olduğunu və bir çox hallarda bütün ailə üzvlərinin yoluxduğunu nəzərə alsaq bir ailənin bu dəhşətli bəladan qurtuluşunun maddi ifadəsi 6-10 min manat civarındadır. “Azərbaycanda nə qədər ailənin bu məbləğdə ehtiyat vəsaiti var?” sualının cavabı aydın olduğundan o da aydındır ki, xəstə vətəndaşlarımızın bir çoxu məhz maddi imkansızlıq nəticəsində həyatla vidalaşmalı olur,” qeyd edilir.
Milli Şura bildirir ki, hətta dövlət müalicə müəssisələrinə yerləşdirilən şanslı xəstələrin bir çoxu da orada müalicə üçün zəruri dərmanlarla təmin edilmədiklərindən, bir çox hallarda evdən göndərilən dərmanların ümidinə qaldıqlarından şikayət edir.
“COVİD-19-la mübarizə məqdəsilə hər bir xəstəyə dövlət büdcəsindən təxminən 11 min manat vəsait ayrıldığını nəzərə alsaq bu vəsaitin hara xərclənməsi ciddi suallar doğurmaya bilməz.”
Milli Şura hesab edir ki, əhalinin maddi durumunun acınacaqlı həddədək pisləşdiyini, artan istehlak qiymətlərini, keyfiyyətli və sağlam qidalanmaya pandemiya şəraitində həmişəkindən daha çox ehtiyac olduğunu nəzərə almaqla karantin davam etdiyi müddətdə işləməyən hər bir Azərbaycan vətəndaşına hər ay 300 manat məbləğındə maddi yardım edilməlidir.
Milli Şura həmçinin hesab edir ki, Fövqəladə Hallar Nazirliyinin Bakının Zığ qəsəbəsində yerləşən Modul Tipli Xəstəxanasında baş verən hadisə ciddi şəkildə araşdırılmalı, səbəbkarlar məsuliyyətə cəlb edilməli, cəzalandırılmalı, bu barədə ölkə ictimaiyyətinə dolğun və etibarlı məlumat verilməlidir.
Yerli medianın məlumatına görə, xəstəxananın oksigenlə təminatında fasilə yaranıb və bu da koronavirus xəstələrinin ölümünə səbəb olub. Fövqəladə Hallar Nazirliyi bu məlumatları təkzib edib. Bu zaman bir çox xəstələrin yaxınları xəstəxananın qarşısına toplaşaraq sosial şəbəkələrdə canlı yayımlarla yaxınlarının vəfat etdiyini bildirir.
Sənəddə ölkədə icbari tibbi sığorta sisteminin tətbiq ediləməsi vacib hesab edilir.
“Azərbaycan hakimiyyəti ən qısa müddətdə bu acınacaqlı durumu aradan qaldırmalı, ölkə vətəndaşlarını keyfiyyətli və əlçatan tibbi xidmətlə təmin etməlidir.”
Qurumun qənaətincə, Azərbaycan hökuməti təcili qaydada ölkə əhalisinin peyvəndləşdirilməsi proqramına start verməli, bu məqsədlə yalnız dünyanın qabağcıl ölkələrinin güvənli və sağlamlıq üçün təhlükəsiz vaksinlərindən istifadə edilməlidir.
Əli İnsanov: Dərmanlar defisitdir, hər şey çox baha başa gəlir, dəhşətdir...
Azərbaycanın keçmiş səhiyyə naziri, tibb elmləri doktoru Əli İnsanov Azadlıq radiosuna bildirib ki, Azərbaycanda Səhiyyə Nazirliyi koronavirus infeksiyasına qarşı mübarizə ilə məşğul olmur.
“Nə də o sahəni bilən mütəxəssislər infeksiyaya qarşı işlərdə iştirak etmir. Azərbaycanda COVİD-19 pandemiyasına qarşı heç bir mübarizə getmir. Bir ildən artıqdır pandemiya davam edir, amma hələ ortada bir müalicə rejimi yoxdur. Alimləri dəvət edib bir müalicə rejimi müəyyən etməyiblər ki, ondan poliklinkalar da istifadə etsin. Hərə ağlına gələn kimi edir. Məndə məlumatlar var. Müalicə olunan insanlardan qohum-əqrabalarım var. Pandemiyaya qarşı mübarizə getmir. Dərmanlar defisitdir, apteklərdə tapılmır. Hər şey çox baha başa gəlir, hətta dəhşətdir-dəhşətdir. Hətta morqlardan ölüləri böyük məbləğlərdə pul hesabına buraxırlar. Sən 80-cisən meytini bir həftədən sonra gəlib apararsan. Məcburdurlar böyük rüşvət ödəyib onu alsınlar. Xalq bilməlidir ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirusdan ölən insanları yarmağı qadağan edib. Bu dəhşətdir. Azərbaycanda bu iş başlı-başınadır, heç kəs məşğul olmur. Bəs xəstəxanalarda vəziyyət necədir? Bilirsiniz, xəstələri xəstəxanaya neçəyə götürürlər? Bilirsiniz, bir tibb bacısı gəlib evdə iynələri vurmaq üçün 500 manat alır. Xəbəriniz var, vəziyyət necədir? Pulsuz, imkansız insanlar aciz qalıb,” o qeyd edib.
Keçmiş nazir deyib ki, Almaniyada Ümumdünya Səhiyyə Təşkilatının tövsiyəsinə əməl etmədən xəstələri yarıblar və aşkar ediblər ki, COVİD zamanı damarlarda və kapilyarlarda tromplar yaranır.
“Alman həkimlər sübut etdi ki, trompları yaradan mikroblardır. Ona görə, bunun müalicəsində antibiotiklərdən (özü də təsirli antibiotiklərdən) mütləq istifadə olunmalıdır. Laxtalanmanın qarşısını almaq üçün laxtalanma əleyhinə dərman qəbul edilməlidir. COVİD-ə qarşı immuniteti qaldırmaq üçün dərmanlardan istifadə olunmalıdır. Virusa qarşı dərman olmalıdır. Hormonal dərman mütləq qəbul edilməlidir. Damarları genişləndirmək üçün iynələrdən istifadə olunmalıdır. Lazım gəldikdə oksigen verilməlidir. Yəni standart bir müalicə rejimi hazırlanmalıdır. Bu, konkret bir xəstəlikdir, standart rejimi olmalıdır və bütün poliklinikalara paylanmalıdır.”
Insanov bildirib ki, dünyada vaksinasiya başlayır.
“Türkiyə 25 milyon adamı qısa müddətdə vaksinasiya edəcək. Hindistandan 50 milyon doza vaksin gətirib. Vaksinasiya nədir? Bu gün COVİD-in bir zülalı götürülüb, vaksin hazırlanır. Bunlar çox ümidverici vaksinlər deyil. Vaksini hazırlamaq üçün xəstəliyin törədicisini uzun illər zəiflətmək lazımdır. Misal üçün, yüz il bundan əvvəl vərəmə qarşı vaksin hazırlanarkən 12 il vərəm çöpünü bu heyvandan o biri heyvanlara ötürdülər. O qədər zəiflətdilər ki, onun immunitet yaratmaq qabiliyyəti qaldı, xəstəlik qabiliyyəti öldü. Vaksini hazırlamaq üçün uzun illər lazımdır. Onu o qədər zəiflətməlisən ki, o, xəstəlik törətməsin. Bu infeksiyaya qarşı standart bir vaksindir. Nə qədər effekt verəcəyini də deyə bilmərəm. Amma vaksinasiyanın edilməməsini də deyə bilmirəm. Mənim proqnozum odur ki, bütün dünya əhalisi yoluxmalıdır və immunitet yaranmalıdır. Ondan sonra bu infeksiya yox olacaq,” keçmiş nazir qeyd edib.
Rəsmi baxış
Bununla yanaşı, Icbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən və Səhiyyə Nazirliyindən gün ərzində yuxarıda sadalanan iddialara cavab almaq mümkün olmayıb.
Rəsmi dövlər qurumlarının internet saytlarının təhlili zamanı məlum olub ki, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən COVID-19 xəstəliyi olan şəxslərin müayinə və müalicəsinə həsr olunmuş klinik təlimat və tövsiyələr hazırlanıb.
“Klinik təlimat və tövsiyələr Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin verdiyi tövsiyələrə əsasən hazırlanıb,” Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) rəsmi internet saytında bildirib.
Bununla yanaşı rəsmi internet saytında TƏBİB tərəfindən hazırlanmış rəhbərlikdə yer alan məlumatlar toplusu, COVID-19 xəstəliyi, törədicisi, yoluxma yolları, xəstəliyin təsdiqi və diaqnostik metodlar haqqında, COVID-19 ilə xəstələnmiş və ya təmasda olan şəxs ilə rastlaşdıqda xəstənin təqib strategiyası və tətbiq formaları haqqında Azərbaycanda fəaliyyət göstərən bütün tibb işçiləri üçün təlimatlar dərc edilib.
Azərbaycanda koronavirusun qısa tarixcəsi
Azərbaycanda indiyədək ümumilikdə 202 088 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 139 779 nəfər müalicə olunaraq sağalıb, 2 210 nəfər vəfat edib, aktiv xəstə sayı 60 099 olub.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 515, bu günə qədər isə ümumilikdə 2 063 754 test icra olunub.
Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.
Həmin vaxtdan ölkədə tətbiq edilən karantin rejimi gələn il yanvarın 31-dək davam edəcək.
Dekabrın 8-də Nazirlər Kabineti koronavirusa yoluxma hallarının kəskin artmasını nəzərə alaraq, karantin rejimini 14 dekabrdan 2021-ci il yanvarın 18-ə kimi sərtləşdirilib.
Nazirlər Kabinetinin qərarına əsasən, yanvarın 18-dək Bakı metropoliteninin fəaliyyəti tam dayandırılıb. SMS-lə küçəyə çıxma icazəsinin müddəti gün ərzində 1 dəfə olmaqla (3 saat müddətində) yenidən aktivləşdirilib. Ticarət obyektləri restoran, kafe və çay evlərinin fəaliyyəti dayandırılıb. Bir sıra şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.
2021-ci ilin yanvarın 31-dək ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. Həmçinin şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla, digər bütün sahələr üzrə yerində xidmətlər dayandırılıb.
Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburi hesab olunub. Maskalardan istifadə qaydalarına nəzarət rejimi daha da sərtləşdirilib.