Azərbaycanda bir qrup ictimai xadim hökumətə siyasi məhbus kimi tanınan Saleh Rüstəmovu azad, siyasi məhbuslar problemini həl etməyə və ədalətsiz məhkəmə hökmlərinə son qoymaq üçün məhkəmə islahatını aparmağa çağırış edən Mövqe sənədi yayıb.
“Hesab edirik ki, bütün siyasi və vicdan məhbuslarının, xüsusilə də Saleh Rüstəmovun tezliklə azad edilməsi, “siyasi məhbus” problemini doğuran səbəblərin ortadan qaldırılması, vətəndaş cəmiyyəti qurumlarına əlverişli qanuni mühitin yaradılması, ifadə azadlığının təmin edilməsi, özəlliklə, məhkəmə-hüquq sahəsində islahatlara başlanması, ölkəmizin firavan, mütərəqqi gələcəyi naminə ən başlıca addımlardan olardı,” sənəddə qeyd edilir.
“Biz, sivil toplum nümayəndələri, 2018-ci il mayın 8-də tutulan, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilən Gədəbəy rayonunun keçmiş icra hakimiyyəti başçısı, Qarabağ müharibəsi qazisi Saleh Rüstəmovun 15 gündür ki, aclıq aksiyası keçirməsindən, onun sağlamlıq durumundan narahatıq. Vəkillərinin və əzizlərinin bildirdiyinə görə, Saleh Rüstəmovun aclıq aksiyası keçirməsi artıq onun sağlamlıq durumu ilə bağlı ağır fəsadlar yaradıb, onun həyatına real təhlükələr yaranıb,” ictimai xadimlər qeyd edib.
Sənəddə qeyd edilir ki, Avropa İnsan Haqları Məhkəməsinin Azərbaycandan göndərilmiş şikayətlər üzrə verdiyi qərarlar da məhkəmə sistemindəki problemləri aydın göstərir.
“Bu qərarlar siyasi düşüncələrinə, baxışlarına görə həbsələrin ölkəmizdə yayğın olmasını, yerli məhkəmələrin qərarlarının ciddi çatışmazlıqlarla qəbul edildiyini təsdiqləyir. Siyasi baxışlarına görə insanların təqib edilməsi, çıxarılan şübhəli məhkəmə qərarları - bunların bir yerdə beynəlxalq arenada yaratdığı neqativ baxış, dolayısı ilə, Azərbaycanın başlıca problemləri, o cümlədən, Qarabağ məsələsi ətrafındakı siyasi-diplomatik sürəci də mənfi təsirləndirir,” Mövqe sənədində bildirilir.
Öz növbəsində, Azərbaycan hökuməti ölkədə insanlarıpn əqidəsinə, inancına görə təqib edilmədiyini bildirir. Rəsmi Bakı siyasi məhbusların olması iddialarını da qəbul etmir. Bununla yanaşı, yerli hüquq-müdafiə təşkilatları yüzdən çox siyasi məhbusun olduğunu bildirir.
Avropa Şurası Parlament Assambleyası bu ilin əvvəlində Azərbaycanda siyasi məhbuslar üzrə qətnamə qəbul edib. Bu qurumda Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi fəaliyyət göstərir.