Accessibility links

BMT: Dünyada hər beş saniyədə bir uşaq ölür


BMT-nin çərşənbə günü verdiyi məlumata görə, 2017-ci ildə təqribən 6,3 million uşaq 15 yaşına çatmamış ölüb. Bu, hər 5 saniyədə susuzluq, antisanitariya şəraiti, aclıq və tibbi köməyin olmaması səbəbilə bi uşağın ölməsi deməkdir.

2017-ci ildə 2,5 milyon yeni doğulmuş körpə həyatının ilk ayında ölüb.

Bu ölüm hallarının böyük əksəriyyəti, yəni 5,4 milyon - həyatın ilk 5 ilində baş verir, belə ki ölənlərin təxminən yarısı yeni doğulan uşaqlardır.

UNİCEF-in BMT-dəki eksperti Lorens Çandi deyir ki, "dərmanlar, təmiz su, elektrik və peyvənd kimi sadə həllər ilə" bu ölüm halların sayı kəskin azala bilər. Onun sözlərinə görə, ciddi tədbirlər atılmasa, bu illə 2030-cu il arasında yarısı yeni doğulmuş körpələr olmaqla, 5-yaşa qədər olan 56 milyon uşaq ölə bilər.

Qlobal miqyasda, 2017-ci ildə ölən beş yaşınadək uşaqların yarısı Sahara Afrikası ölkələrindəndir. Burada hər 13 uşaqdan biri beş yaşına çatmamış ölür. UNICEF, Ümumdünya Sağlamlıq Təşkilatı və Dünya Bankı tərəfindən hazırlanan hesabata görə, yüksək gəlirli ölkələrdə bu rəqəm 185 uşaqdan bir kimidir.

Bu uşaqların əksəriyyətinin doğuş zamanı, pnevmoniya, diareya, neonatal sepsis və malyariya kimi qarşısı alına bilən və ya müalicə edilə bilən ağırlaşmalar səbəbindən öldüyü aşkar edilib. Beş yaşdan 14 yaşa qədər olan nisbətən böyük uşaqlar arasında isə ölüm səbəbləri kimi əsasən suda boğulma və yol qəzaları göstərilir.

Dünyanın hər yerində uşaqlar üçün həyatlarının ilk ayı ən çətin vaxt sayılır. 2017-ci ildə 2,5 milyon yeni doğulmuş körpə həyatlarının ilk ayında ölüb. Afrikanın səhraltı ölkələri və ya Cənubi Asiyada yeni doğulmuş körpələrin ilk ayda ölməsi ehtimalı yüksək gəlirli ölkələrə nisbətən 9 dəfə artıqdır.

Bu problemlərə baxmayaraq, BMT-nin hesabatında dünyada hər il daha az uşağın öldüyü bildirilir. 2017-ci ildə beş yaşdan aşağı ölən uşaqların sayı 5,4 milyon olub. 1990-ci ildə bu rəqəm 12,6 milyon idi. 5 yaşdan 14 yaşa qədər uşaqlar arasında da ölüm hallarının sayı 1990-cı ildə 1,7 milyondan 2017-ci ildə bir milyondan aşağı düşüb.

XS
SM
MD
LG