Accessibility links

BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı ABŞ-ın Kapitoli binasına hücumu demokratiyaya hücum adlandırıb


Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları üzrə Ali Komissarı Mişel Baçelet çərşənbə günü ABŞ Kapitoli binasına edilən hücumu demokratik azadlıqlara hücum kimi qiymətləndirərək qınayıb və hadisələrin hərtərəfli araşdırılmasına çağırıb.

Baçelet edilən hücuma siyasi liderlərin faktları qəsdən təhrif etməsini və zorakılığa və nifrətə təhrik etməsini səbəb göstərib.

Onun sözçüsü Ravina Şamdasani bildirib ki, onların seçki saxtakarlığı iddiaları Birləşmiş Ştatların siyasi prosseslərini gözdən salmaq səylərinin bir hissəsidir.

Şamdasani bu səylərin nəticə vermədiyini görməyin sevindirici olduğunu, bununla birlikdə onların dağıdıcı təsirindən və demokratik prosesin pozulmasından çox narahat olduğunu bildirib.

"ABŞ prezidenti də daxil olmaqla, siyasi sahədəki liderləri yalan və təhlükəli iddialardan imtina etməyə və tərəfdarlarını da buna təşviq etməyə çağırırıq" deyən Şamdasani həmçinin əlavə edib ki, "Media mütəxəssislərinin üzləşdikləri ciddi təhdidləri və əmlaklarının məhv edilməsini kədər hissi ilə qeyd edirik ... Azad media demokratiya üçün əvəzolunmazdır və müstəqil media və media işçilərinə edilən hücumlar hamımıza qarşı hücumdur".

Şamdasani mediaya qarşı zorakılığın jurnalistləri xalq düşmənləri kimi göstərən təhrikedici ifadələrdən qaynaqlandığını söyləyir və ABŞ Kapitoli binasına hücum edən şəxslərin ağ supremasistliyini əks etdirən simvolları nümayiş etməsindən narahat olduğunu bildirib:

"Bəzi etirazçıların Konfederasiya bayrağı, antisemitizm loqotiplərini əks etdirən paltarlar və Kapitoli ətrafında irqi və etnik nifrət, eləcə də ağların üstünlüyünü göstərən simvollarını açıq şəkildə nümayiş etdirməsindən narahatlıq duyuruq".

Şamdasani Ali Komissar Baçeletin irqçi simvolların açıq nümayişini qınadığını və bütün siyasi liderləri də onları qınamağa çağırdığını bildirib. O, bir polis və dörd mülkü şəxs daxil olmaqla insanların həyatını itirməsinin çox təəssüfedici hal olduğunu deyərək, ölümlərin araşdırılmalı olduğunu bildirib.

Şərhlərə bax

XS
SM
MD
LG