Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargahının koronavirus infeksiyasının yayılmasına qarşı tədbirləri davam edir. İndiki məqamda hökumətin atdığı addımlar da müzakirə edilir.
Bəs daha hansı addımlara ehtiyac var?
Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc hökumətin həyata keçirdiyi tədbirlərin mərkəzləşmiş, sistemli və planlı qaydada olduğunu düşünür. O bildirir ki, birinci növbədə koronavirusun vətəndaşlara yoluxacağı təqdirdə onların test ediləcəyi və müalicə olunacağını ayrıca qeyd etmək lazımdır:
“İkinci, bu dönəmdə xaricdə olan azərbaycanlıların vətənə qayıtması və bununla bağlı texniki məsələlər koordinasiya edildi. Məlumatlara görə, 10 mindən çox azərbaycanlı vətənə dönüb və böyük əksəriyyəti karantin rejiminə alınıb, mühüm hissəsi isə oranı tərk edib. Üçüncü, dövlətin sosial-iqtisadi yükünə rəğmən kütləvi fəaliyyət sahələrini iş yerləri baxımından, xüsusən də təhsil və səhiyyədə iş yerlərini dayandırmaq qərarını verdi. Eyni zamanda, sərhədlər bağlandı, paytaxta giriş qapadılıdı, rayonlararası gediş-gəliş əlaqəsi dayandırıldı. Bu cəhətdən Azərbaycan hökumətinin atdığı addımlar başqa ölkələrlə müqayisədə daha operativ və çevik idi. Təəssüf ki, bir sıra hallarda məsələni tam miqyası ilə qiymətləndirməyən insanlar da oldu”Zahid Oruc əmindir ki, bəşəri təhlükənin Azərbaycanda minimuma endirmək mümkün olacaq:
“Konkret olaraq, cənab prezidentin 19 mart tarixli fərmanı ilə koronavirusun vura biləcəyi zərərləri önləmək üçün 1 milyard manat ayırması qeyd olunmalıdır. O cümlədən, hökumət komissiyasının yaradılması, ardınca sahibkarlara “insanları işdən çıxartmaq olmaz” mesajını verməsi bu prosesi öz çərçivəsində saxlamağa imkan verəcəyinə əminəm”. Zahid Oruc bildirib ki, koronavirus infeksiyası iqtidar-müxalifət, varlı-kasıb tanımayan, heç kəsə fərq qoymayan bəşəri bir bəladır:
“Ötən əsrin 30-40-ci illərində Ruzvelt, Çerçill və başqa görkəmli simaların qlobal xilaskarlıq missiyalarını indi təkrarlayacaq böyük dövlət, güc sahibi olan rəhbərlərinin çağışları təəssüf ki, özünü qabarıq göstərmir. Əksinə, biz Boris Consonun yataqdan ölkəni idarə edəcək mesajlarını görürük. Bizə qaldıqda, Yaxın Şərq hadisələri zamanı Bakını danışıqlar meydanı kimi təklif etdik. Elə bir müstəvi yaransın ki, həmin təhlükələr sovuşa bilsin. İndiki halda bütün dövlətlər karantin tələblərinə riayət etsə, öz xilasına nail olacaq və az itkilərlə keçəcək”.
Professor Adil Qeybulla da mövzu ilə bağlı Azadlıq Radiosuna bunları deyib:
“Azərbaycanın müvafiq orqanları, o cümlədən də, Operativ qərargah Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyələri əsasında hərəkət edir. Əslində, həyata keçirilən sərt karantin tədbirləri təmas imkanlarını maksimum məhdudlaşdırılmasına yönəlib. Çin təcrübəsi göstərdi ki, infeksiyanın lokallaşdırılması istiqamətində bu adımlar çox mühim səciyyə daşıyır”.Adil Qeybulla hələ geniş dezinfeksiya tədbirlərinin müşahidə olunmadığını xatırladaraq əlavə edib ki, ən mühim məsələlərdən biri əyalətlərdə, kəndlərdə 65 yaşdan yuxarı tək insanların müdafiəsiz qalmalarıdır:
“Düşünülməsin ki, kimsə, yəni yaxınları onlara yardım edəcək, düzgün yanaşma deyil. İndi sovet dövründə olduğu kimi cəmiyyətdə sosiallıq yoxdur. O baxımdan dövlətin müvafiq strukturları rayonlarda bu işi qulaqardına vurmamalıdırlar. Çünki Operativ qərargahın qərarı var ki, həmin sosial müdafiəyə ehtiyacı olan həmin şəxslər birinci növbədə nəzarətə götürülməli, onların sosial müdafiəsi təmin edilməlidir. Sosial müdafiə heç də yaşlı insanlara yemək verilməsi deyil. Bu məsələ izah olunmalıdır. Bütün bunlar müəyyən mərhələlərdə diskoordinasiya olduğunu göstərir. Əlbəttə, infeksiya gözlənilmədən bütün dünya ölkələrini yaxaladı, hətta ən inkişaf etmiş dövlətlərdə belə problemlər yaşanır. Ancaq intizamlı görülmüş tədbirlər sübut edir ki, prosesi çərçivəyə salmaq olar. Məsələn, Almaniyada infeksiyanı lokallaşdırmağa doğru gedirlər, ölüm hallarının da sayı xeyli azdır”.