Bolqarıstan və Yunanıstan qaz kəmərinin tikintisi haqqında investisiya layihəsinin iyunun 12-də nəzərdə tutulan imzalanmasını təxirə salıb. Bu barədə Bolqarıstnaın energetika üzrə nazir müavini Jeço Stankov Pressa qəzetinə bildirib.
“Ümid edirəm ki, Yunanıstanla qaz kəmərinin tikintisi haqqında yekun investisiya qərarı iyunun sonlarına qədər imzalanacaq. Hər iki ölkənin nazirləri yeni tarixi Sankt-Peterburqda Beynəlxalq İqtisadi Forum zamanı müzakirə edəcəklər”, deyən Stankov imzalama tarixinin təxirə salınmasının səbəbini açıqlamayıb.
Strateji TAP (Transadriatik) qaz kəmərinin qolu olacaq qaz kəmərinin tikintisi 2016-cı ilin martında başlanmalıdır, 2018-ci ildə isə qaz kəməri istismara verilməlidir. Bolqarıstan 2019-cu ildən etibarən bu qaz kəməri ilə hər il Azərbaycandan bir milyard kubmetrə yaxın qaz almağa ümid edir.
Bu qaz kəmərinin uzunluğu 182 km təşkil edəcək, 150 km Bolqarıstan ərazisindən keçəcək. Təxminən 210 mln. avro dəyəri olan qaz kəməri 3 mlrd. kubmetrə yaxın qazın nəqli üçün nəzərdə tutulub.