ABŞ ərazisində baş vermiş ən qəddar terror aktlarından biri olan 2013-cü il Boston bomba hücumunda şübhəli bilinən şəxsin 2 il sonra məhkəmə prosesi başlayıb.
Münsiflər məhkəməsinin üzvlərinin seçimi iki ay davam edib və nəticədə 8 kişi və 10 qadından ibarət heyət Cövhər Tsarnayevə ölüm hökmü tələb edilən məhkəmənin iclasında rəsmən iştirak edib.
Hazırda 21 yaşı olan Tsarnayev 2013-cü ilin aprel ayında Boston marafonunun finiş xəttinə yaxın iki bombanın partlamasına görə ona qarşı irəli sürülən 30 ittihama etiraz edib və günahsız olduğunu bildirib.
Bomba hücumları nəticəsində 3 nəfər həlak olub, ayaqlarını itirən insanlar daxil olmaqla 260-dan çox insan xəsarət alıb. Qətl ittihamlarına bomba hücumundan bir neçə gün sonra Massaçusets Texnologiya İnstitutunun polis zabitinin öldürülməsi daxildir.