Accessibility links

Brexit: İqtisadi qeyri-müəyyənlik


Brexit-lə bağlı qeyri-müəyyənliyin artması ötən il Britaniya iqtisadiyyatını zəiflədib. Bunu fevralın 11-də açıqlanmış rəsmi rəqəmlər üzə çıxarıb.

Dövlət Statistika İdarəsinin məlumatına görə, dördüncü rübdə Britaniya iqtisadiyyatı cəmi 0,2 faiz artıb ki, bu da üçüncü rübdəki 0,6 faizdən azdır.

Ümumilikdə ötən il iqtisadiyyat 1,4 faiz artıb. Bu, 2009-cu ildən bəri ən aşağı göstəricidir. Həmin il qlobal maliyyə böhranına görə ölkə iqtisadiyyatı 4,2 faiz azalmışdı.

“The Associated Press” yazır ki, statistika işçiləri azalmaya görə birbaşa Brexit-i (Britaniyanın Avropa ittifaqından gözlənilən çıxışını) günahlandırmasalar da, bu proseslə bağlı qeyri-müəyyənliyin iqtisadi fəaliyyətə təsirinə dair xeyli dəlil ortadadır. Ən çox təsirə biznes investisiyaları məruz qalır. Marta planlaşdırılan Brexitdən sonra ölkənin Aİ ilə ticarət münasibətinin necə olacağına dair şirkətlərin elə bir fikri yoxdur.

Statistika idarəsinin ÜDM göstəriciləri üzrə rəsmisi Rob Kent-Smit yavaşımanın özəlliklə avtomobil istehsalı və polad hasilatında “kəskin” göründüyünü deyib. Bunun yerini xidmət sektorunda davamlı artım doldura bilib. Xidmət sektoru Britaniya iqtisadiyyatının 80 faizə qədərini təşkil edir.

2016-cı ildə Breksit səsverməsindən sonra Britaniya iqtisadiyyatı yaxşı “dayanmışdı”. Amma həmin gün yaxınlaşdıqca şirkətlər “əsəbiləşir”. İngiltərə Bankının “Brexit dumanı” adlandırdığı qeyri-müəyyənliyin tezliklə aradan qalxacağının da hansısa əlaməti görünmür.

Baş nazir Tereza Mey isə ötən il Aİ ilə razılaşdırdığı Brexit sazişini xilas etməyə çalışır. Britaniya deputatları sazişi rədd edib və Mey Aİ-dan əlavə güzəştlər almağa çalışır. Əsas mübahisə Aİ üzvü olan İrlandiya ilə Böyük Britaniyanın tərkibində olan Şimali İrlandiya arasında “sərt sərhəd” qoyulmamasını nəzərdə tutan maddə ilə bağlıdır.

Baş nazirin hansısa güzəşt əldə edib-etməyəcəyi sual altındadır və son həftələr Britaniyanın Aİ-dan sazişsiz çıxa biləcəyinə dair qorxular artıb. Bu, ən pis ssenari sayılır. İngiltərə Bankının bildirdiyinə görə, bu halda ölkə iqtisadiyyatı bir neçə ay ərzində 8 faiz azala, evlərin qiyməti 30 faizədək düşə bilər.

XS
SM
MD
LG