Accessibility links

Buşehr və Fukuşima: oxşarlıqlar, fərqlər


Yaponiyadakı Fukuşima nüvə stansiyasından dağıdıcı sunamidən sonra radiasiya sızmağa başlayıb
Yaponiyadakı Fukuşima nüvə stansiyasından dağıdıcı sunamidən sonra radiasiya sızmağa başlayıb

İran körfəzi yaxınlığında yerləşən Buşehrdə İslam Respublikasının ilk nüvə stansiyası inşa olunub. Buşehr stansiyasının dizaynı və inşasının Yaponiyada nəhəng zəlzələ və sunaminin ardınca zədələnmiş Fukuşima nüvə stansiyası ilə bir sıra oxşar və fərqli cəhətləri var.

Şimali Yaponiyada 11 martda baş vermiş nəhəng zəlzələ və sunami Fukuşima nüvə stansiyasında soyuducu nasosları və başqa təhlükəsizlik sistemlərini zədələdi. Bir neçə gün ərzində nüvə rekatorlarını saxlayan üç binada partlayışlar baş verdi. Nəticədə havaya radiasiya buraxıldı.

Yaponiyada zəlzələlər tez-tez baş verir. Nüvə sənayesi stansiyalar inşa olunarkən bu faktın nəzərə alındığını bildirir. Lakin son hadisələr göstərir ki, hətta ən yaxşı planlaşdırmalar da təbiətin qüdrəti qarşısında acizdir.

Dünyanın o biri tayında - İranda da zəlzələlər tez-tez baş verir. Ötən illərdə titrəyişlər nəticəsində on minlərlə iranlı ölüb.

İndi İran nüvə erasına daxil olur. Onun İran körfəzi sahilində yerləşən Buşehrdəki nüvə stansiyası tamamlanıb. O, tezliklə fəalyyətə başlayacaq.

Buşehrin inşası 1974-cü ildə başlamışdı, lakin 1979-cu ildə İslam İnqilabından sonra işlər dayandırıldı. Səkkiz il sürən İran-İraq müharibəsi zamanı stansiya zədələr alıb. Nəhayət 1995-ci ildə Rusiya stansiyanın inşasını alman şirkəti Siemens-dən təhvil aldı.

Cənubi Kaliforniya Universitetində mühəndislik üzrə professor Məhəmməd Səhimi stansiya üçün məkan seçilərkən zəlzələ zonasının ehtiyatla nəzərə alındığını söyləyir: “Atom Enerjisi Təşkilatı zəlzələ baxımdan nüvə reaktorlarının təhlükəsizliyini geniş şəkildə araşdırıb. Adətən nüvə reaktoru zəlzələ şansının minimum olduğu yerdə tikilir. Mənim bildiyimə görə Buşehrin yerləşdiyi ərazi tektonik yerdəyişmə zonasından uzaqdır.”

Rusiya istehsallı VVER – 1000 reaktoru 1000 meqavat gücü ilə qərb modellərinə uyğundur.

Nyu Yorkdakı ABŞ hökumətinə məxsus Brookhaven Milli Laborotoriyasında çalışan nüvə alimi Upendra Rohtagi bu növ reaktorlarla yaxından tanışdır: “VVER-1000 son model rus dizaynıdır. Bu, təzyiqlə işləyən qərbli su reaktorlarına bənzərdir. Onların hamısında təhlükəsizlik sistemləri oxşardır və onların çox yaxşı konteyner sistemi var.”

Buşehrin reaktoru 1986-cı ildə Çernobılda partlayan reaktordan tamamilə fərqlidir. Çernobıldakılardan fərqli olaraq İran reaktoru nəhəng beton və polad konteynerin içərisində yerləşdirilib.

Konteynerin məqsədi qəza baş verdiyi halda radiasiyanın ətraf- mühitə yayılmasının qarşısını almaqdır. Onun bir neçə qatı həmçinin partlayışlara davam gətirmək məqsədinə xidmət edir.

Yaponiyanın Fukuşima nüvə stansiyasında da oxşar bir neçə qatlı sistem var. Lakin ehtiyat edilir ki, dizayna baxmayaraq konteynerdəki reaktorlardan biri nəzarətdən çıxıb. Rəsmilər havaya buraxılan radiasiyanın məhz bu mənbədən qaynaqlandığını güman edirlər.

XS
SM
MD
LG