Accessibility links

Bukingem şahzadə Andrew-ə qarşı azyaşlı ilə seks iddialarını təkzib edir


Britaniya monarxının iqamətgahı olan Bukingem Sarayı şahzadə Andrew-nün “azyaşlı ilə hər hansı şəkildə cinsi əlaqədə olduğu” barədə iddiaları rədd edir.

Şahzadəyə qarşı bu iddialar Amerika Birləşmiş Ştatlarında keçirilən bir məhkəmə dinləməsinin sənədlərində qeydə alınıb.

Amerikada maliyyəçi Jeffrey Epstein-nin işini aparan prokurorlardan şikayət edən bir qadınməhkəməyə təqdim etdiyi sənədlərdə Britaniya şahzadəsinin adını hallandırıb.

Qadın bildirib ki, 1999 və 2002-ci illərdə hələ həddi-büluğa çatmış olmasa da, Epstein onu şahzadə ilə cinsi əlaqədə olmağa təhrik edib.

Bukingem Sarayı bildirib ki, bu hüquqi prosesin təfərrüatları barədə heç bir açıqlama verməyəcək.

Lakin sarayın sözçüsü deyib ki, burada söhbət ABŞ-daillərdən bəridir davam edən mülki məhkəmə işindən gedir və bu işin York hersoquna heç bir aidiyyəti yoxdur.

Bununla belə, saray sözçüsü yalnız bunu bəyan etməyə vəkil edildiyini bildirib ki, “şahzadə Andrew azyaşlı ilə heç bir nalayiq hərəkətə yol verməyib və bu barədə iddialar tamamilə həqiqətə uyğun deyil”.

London, Nyu York, Karib

Sözü gedən qadın iddia edir ki, o, şahzadə ilə Londonda, Nyu-Yorkda və Epstein-in Karibdəki şəxsi adasında seksual əlaqəyə məcbur edilib.

Qadın həmçinin tanınmış vəkil və Harvard Universitetinin keçmiş professoru Alan Dershowitz-lə də cinsi əlaqəyə məcbur edildiyini bildirib.

Alan Dershowitz BBC Radio 4 stansiyasına müsahibəsində qadının onun barəsində yalan danışdığında israr edib və deyib kİ, bu qadın əvvəllər də bir neçə ictimai xadimə “belə bötanlar” atıb.

Qadın isə öz növbəsində vəkilləri vasitəsilə bildirib ki, onu bundan sonra qorxudaraq susdura bilməyəcəklər.

Xəbər verilir ki, qadının iddiaları Florida məhkəməsində Epstein-ə dair işin tərkibində nəzərdən keçirilir.

Jane Doe-1, Jane Doe-2 və sair…

İlk dəfə olaraq ABŞ-ın “Politico Magazine” saytı tərəfindən açıqlanan sənədlərdə deyilir ki, Epstein həmçinin Jane Doe adlı başqa bir qadını (Jane Doe ABŞ məhkəmə sistemində verilən şərti və ümumi addır) siyasi əlaqələrə malik və ya maliyyə qüdrəti olan şəxslərə seks məqsədilə təklif edib.

Məhkəmə sənədlərində deyilir ki, Epstein həddi-büluğa çatmamış qızları qüdrətli adamlarla seksə məcbur etməklə öz biznes maraqlarını irəlilədirmiş.

Britaniya mətbuatı vurğulayır ki, şahzadə Andrew Epstein-ə qarşı məhkəmə işinin tərkibində deyil və onun adı yalnız bu epizodda çəkilib.

Jeffrey Epstein həddi-büluğa çatmamış qızlara qarşı pozğun hərəkətlərinə görə 2008-2009-cü illərdə həbsxana cəzası çəkib.

Hazırkı iş üzrə hamısı şərti olaraq Jane Doe-1, Jane Doe-2, Jane Doe-3 və Jane Doe-4 adlandırılan dörd qadının şikayətlərinə baxılır. Şahzadəyə qarşı iddia irəli sürən Jane Doe-3-dür.

Şahzadənin dostları

Britaniya mətbuatı xüsusilə vurğulayır ki, şahzadə Andrew əvvəllər də reputasiyaları sual doğuran adamlarla dostluğuna görə tənqid edilib.

Andrew Epstein-lə dostluq etdiyinə görə 2011-ci ildə ictimaiyyətdən üzr istəyib.

Təhlilçilər qeyd edirlər ki, şahzadənin Britaniyanın xüsusi ticarət elçisi vəzifəsindən istefa etməsinə də əsas səbəblərdən biri qurduğu məsuliyyətsiz dostluqlar olub.

Mətbuat diqqəti belə bir məqama çəkir ki, Bukingem sarayının, ümumiyyətlə hazırkı xəbərlərə reaksiya verməsi gözlənilməz olub.

Beləki, monarx ailəsi Britaniya qəzetlərində yazılan iddialarla bağlı şərh verməkdən bir qayda olaraq imtina edir.

Təhlilçilər bildirirlər ki, bu dəfə Bukingemin sükutu pozmasına səbəb iddiaların Amerika mediasında səslənməsi olub.

XS
SM
MD
LG