Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində şiddətli döyüşlər bütün istidamətlərdə davam edir. Hər bir tərəf qarşı tərəfin çoxsaylı itkilərinin olması barədə məlumatlar yayıb.
Azərbaycan Prezidenti İlham Əliyev Twitterdə silahlı qüvvələrin 13 kəndə nəzarəti ələ aldığını elan edib.
Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, oktyabrın 22-də gün ərzində və 23-nə keçən gecə cəbhənin Ağdərə, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.
"Azərbaycan Ordusunun keçirdiyi əməliyyatlar nəticəsində cəbhənin Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan silahlı qüvvələrinə ciddi zərbələr vurulub, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb, vacib ərazi və yüksəkliklər ələ keçirilib. Bütün cəbhə boyu düşmənin əsas ehtiyatlarına, hərbi infrastrukturuna bərpa olunmayan zərər vurulub," nazirlik qeyd edir.
Nazirlik bildirir ki, oktyabrın 23-də Ermənistan silahlı qüvvələrinə məxsus 3 pilotsuz uçuş aparatı (PUA) məhv edilib, 2 PUA isə xüsusi texniki vasitələrlə yerə endirilib.
Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Hovanisyan bildirib ki, oktyabrın 22-də gün ərzində və oktyabrın 23-də Azərbaycan Ordusu Dağlıq Qarabağda bütün istiqamətlərdə hücum əməliyyatlarını davam etdirib. Onun sözlərinə görə, Azərbaycan Ordusu həm şimal, həm mərkəz və həm də cənub istiqamətində fəal olub.
“Mərkəzdə döyüşlər konkret yaşayış məntəqələri istiqamətində aparılıb. Müxtəlif təxribat qrupları yaşayış məntəqələrinə, yollara, əsas nöqtələrə nüfuz edərək lokal döyüşləri davam etdirib. Cənubda, fərqli nöqtələrdə, fərqli mərkəzlərdə düşmən dəstələri həm qərbə, həm də şimala və şimal-qərbə doğru irəliləməyə çalışıb. Düşmənin bütün cəhdlərinin qarşısı alınıb, bəzi yerlərdə geri çəkilməyə məcbur edilib. Zirehli avtomobillər də daxil olmaqla, düşmən xeyli itki verib,” Müdafiə Nazirliynin rəsmisi deyib.
Hərbi itkilərə gəlincə, oktyabrın 22-də Rusiya prezidenti Vladimir Putin "Valday" beynəlxaql diskussiya klubunda suallara cavabda bildirib ki, əldə etdiyi məlumatlara görə hər bir tərəf 2000-dən çox insan itirib.
"Ümumilikdə ölənlərun sayı 5000-ə yaxındır," o qeyd edib.
Ermənistan oktyabrın 23-də daha 27 hərbçisinin öldürüldüyünü bildirib. Rəsmi məlumatlara görə, ümumilikdə Ermənistan 927 hərbçisini itirib. Lakin məlumat müstəqil təhlilçilər tərəfindən təsdiq olunmayıb.
Azərbaycan tərəfi hərbi itkilərlə bağlı məlumat vermir. Ancaq sosial şəbəkələrdə Azərbaycan tərəfinin də hərbi itkiləri barədə məlumatlar yayılır.
Azərbaycan Müdafiə Nazirliyi oktyabrın 23-də gecə ərzində və bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisinin intensiv atəşə tutulduğu barədə məlumat yayıb.
Münaqişə zamanı çoxsaylı mülki itkilər də var. Azərbaycan Baş Prokurorluğu bildirib ki, ümumilikdə sentyabrın 27-dən oktyabrın 23-dək Azərbaycanın 63 mülki vətəndaşı həlak olub, 292 nəfər yaralanıb.
Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun prezidentinin mətbuat katibi Vahram Poğosyan Facebook səhifəsində yazır ki, gecə ərzində və oktyabrın 23-də Əsgəran şəhəri, gecədən başlayaraq Martuni (Xocavənd) və digər yaşayış məntəqələri artilleriya atəşinə məruz qalıb.
“Raket hücumu zamanı mülki əhali arasında itki olmayıb, lakin yaşayış məntəqələrinə əhəmiyyətli dərəcədə ziyan dəyib,” o, qeyd edib.
Özünü "Dağlıq Qarabağ Respublikası" adlandıran tanınmamış qurumun ombudsmanı Artak Beqlaryan Twitter səhifəsində yazıb ki, çərşənbə axşamı artilleriya atəşindən daha bir mülki şəxs ölüb, iki nəfər yaralanıb. Ümumilikdə, sentyabrın 27-dən inidyədək 34 dinc sakin həlak olub, 108 nəfər yaralanıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik bildirir ki, oktyabrın 22-də 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843B), 1 ədəd 9N235 bombacığı, 2 ədəd Elbrus/Scut (8K14) raketinin partlamış hissələri və 38 ədəd partlamış mərmi qalıqları aşkar olunub, 2 ədəd 300 mm-lik 9M528 raketi və 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) zərərsizləşdirilib. Ümumilikdə agentlik 27 sentyabr - 22 oktyabr 2020-ci il tarixlərindən 107 ədəd partlamamış hərbi sursat (PHS), 1 144 ədəd 9N235 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 1 ədəd qaz qumbarası, 12 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 6 ədəd dron (zərərsizləşdirilmişdir), 2 ədəd raketin mikrosxemi və 366 ədəd partlamış raket hissələri aşkar olunub.
Münaqişə ilə bağlı siyasi səviyyədə də çalışmalar davam etdirilir.
Cümə günü, oktyabrın 23-də ABŞ Dövlət Katibi Mayk Pompeonun Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda görüşü keçirilib.
Pompeonun Xarici İşlər Naziri Ceyhun Bayramovla danışıqları təxminən 40 dəqiqə çəkib. Görüş bitdikdən sonra o, Ermənistan Xarici İşlər Naziri Zöhrab Mnatsakanyanla danışıqlar aparıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Mortqan Ortaqusun Dövlət Katibi Mayk Pompeonun Vaşinqtonda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanla ayrı-ayrı keçirdiyi görüşlərdən sonra açıqladığı bəyanatda tərəflərin substantiv danışıqlara başlamasının vacibliyi vurğulanıb.
“Dövlət Katibi Pompeo zorakılığa son qoyulması və mülki şəxslərin qorunmasının vacibliyini qeyd edib. Dövlət Katibi həmçinin münaqişənin Helsinki Yekun Aktının gücdən istifadə və ya təhdid edilməməsi, ərazi bütövlüyü və xalqların bərabər və öz müqəddəratını təyin etmək hüquqları prinsipləri əsasında həll edilməsi üçün tərəflər arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə danışıqlara başlamağın vacibliyini vurğulayıb” - deyə bəyanatda bildirilir.
Münaqişə haqqında qısa məlumat
Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan və Azərbaycan arasında sülh danışıqları 1992-ci ildən ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılır.
Minsk Qrupunun həmsədr dövlətləri ABŞ, Rusiya, Fransa dövlət başçıları dəfələrlə hazırkı status-kvonun qəbuledilməz olduğunu bildirsə də, danışıqlarda hər hansı irəliləyiş qeydə alınmayıb.
2016-cı il aprelin 2-dən 5-dək hərbi əməliyyatlar yenidən bərpa olunub. Döyüşlərdə hər iki tərəf onlarla insan itirib. Aprelin 5-də Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan hərbi əməliyyatları dayandırıb.
2020-ci ilin iyulun 12-dən 16-dək Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində tərəflər arasında yenidən qarşıdurma olub. Hər iki tərəfdən hərbi və mülki şəxslər həlak olub.
2020-ci il sentyabrın 27-də isə qoşunların təmas xəttində Dağlıq Qarabağ istiqamətində döyüş əməliyyatları bərpa edilib. Ağır döyüşlər davam edir. Hər iki tərəfdən çoxsalı hərbi və mülki şəxslər həlak olub. Yüzlərlə evlər və mülki obyektlər dağıdılıb.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatına görə, münaqişə nəticəsində 30 000-dən çox insan öldürülüb, 4 500-dən çoxu itkin düşüb, minlərlə insan minalar və partlamamış hərbi sursatlar nəticəsində yaralanıb.
"Bu qarşıdurmanın nəticəsi olaraq bölgədə insanlar uzun müddətdir ki, ani bir döyüş dalğası nəticəsində yaralanmaq və ya öldürülmək qorxusu ilə yaşayır," Beynəlxalq Qırmızı Xaç Komitəsi qeyd edir.