ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri Ceyms Vorlik Amerikanın Səsinə müsahibədə Dağlıq Qarabağ münaqişəsində Minsk Qrupunun təsir gücü, “Madrid prinsipləri” və alternativ nizamlanma yolları haqda danışıb.
Amerikanın Səsi: Siz illərlə Dağlıq Qarabağ münaqişəsinə vasitəçilik edən ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri kimi fəaliyyət göstərmisiniz. İndi də ərazidə hərbi əməliyyatlar geniş miqyasda bərpa olunub. Geri baxdıqda, hazırkı vəziyyətə yol verməmək üçün Minsk Qrupu nələri fərqli edə bilərdi?
Ceyms Vorlik: Mən deyərdim ki, nələrisə başqa cür edən Minsk Qrupu deyil - Ermənistan və Azərbaycan liderləridir. Həmsədr olduğum vaxtlarda da hər iki lider üçün ciddi danışıqlar prosesinə sadiq qalmaq vacib idi. Və inanıram ki, hər iki lider buna sadiqdirsə, təbii ki, vəziyyət bir gecədə dəyişməyəcək. Ancaq sülh yolu ilə həll üçün bu cür danışıqlara ehtiyac var.
Amerikanın Səsi: Hər kəsin danışdığı “Madrid prinsipləri” terminini qeyd etmək istərdim. “Madrid prinsipləri”: hər kəs üçün yaxın vaxtlara qədər danışıqların çərçivəsini təşkil edən bu prinsipin nədən ibarət olduğu barədə aydın bir konsepsiya yoxdur. Xahiş edirəm bu barədə bir qədər ətraflı məlumat verəsiniz və rəsmi Vaşinqtonun hələ də bu prinsipləri dəstəklədiyini bizə və hamıya izah edəsiniz.
Ceyms Vorlik: Düşünürəm ki, onları Madrid prinsipləri və ya başqa cür adlandırmağınızdan asılı olmayaraq, onların bu və ya digər formada yekun nizamlanma üçün əsas olacağına dair heç bir şübhə doğurmur. Və bu təkcə bir prinsip deyil. Bir çox prinsiplər mövcuddur. Və onların birlikdə nəzərə alınması vacibdir. Xüsusilə Azərbaycan üçün vacib olan məsələlərdən biri Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin geri qaytarılmasıdır. Ancaq bu, yeganə prinsip deyil. Dağlıq Qarabağın statusu ilə bağlı qərar verilməli olacaq. Bildiyiniz kimi, qaçqınlar kimi həll edilməli bir çox vacib bir məsələlər var. Sülhməramlılar məsələsini həll etməlisiniz. Və nəzərə alınacaq yalnız bir komponent yoxdur. Bunlar birlikdə həll yolu yarada biləcək prinsiplərdir. Bunun üçün başqa bir çərçivə görmürəm. Buna görə də inanıram ki, tərəflər oturub bu cür danışıqlar aparmalıdırlar. Prezident və Baş Nazirin bir-birləri ilə bir neçə saat görüşmələri kifayət deyil. Biz birlikdə danışıqlar aparırıq, bilirsiniz, növbəti görüş çərçivəsində. Xüsusi danışıqlar prosesi olmalıdır, çünki bu prinsiplər üzərində işləmək lazımdır.
Amerikanın Səsi: Azərbaycan və Ermənistanın xalqlarına təsirindən başqa, tərəflər arasında hərbi qarşıdurmanın yaratdığı ən böyük regional və ya bəlkə də qlobal təhlükə nədir?
Ceyms Vorlik: Hər iki tərəf ağır silahlanıb və bu, son ildə daha da artıb. Qarşıdurmada elə bir vaxt olub ki, təbii ki, təhlükəli olub. Ancaq bu gün tərəflərin ağır artilleriyası və digər silahları var. Beləliklə, təhlükə yalnız Dağlıq Qarabağda deyil, onun sərhədlərindən kənarda da mövcuddur. Həmçinin münaqişənin sürətlə böyüyərək Ermənistan və Azərbaycanla daha geniş miqyasda yayılma ehtimalı var. Və artıq biz bunu hazırkı münaqişədə görürük. Ancaq bu, yalnız Ermənistan və Azərbaycan üçün deyil, bütün region üçün çox təhlükəli ola bilər.
Amerikanın Səsi: Vasitəçilər münaqişənin həllinə nail olmaq üçün hansı yeni və yaradıcı yanaşmalar təklif edə bilər?
Ceyms Vorlik: Birincisi, Azərbaycan Prezidenti və Ermənistanın Baş Naziri özləri danışıqlar prosesinə sadiq qalmalıdır. Hansı alternativ yollar var? Ermənistan və Azərbaycan xalqının həqiqətən də müharibə etmək istədiklərinə inanmıram. Yəni alternativ yol - danışıqlar prosesidir. Və hər şeydən əvvəl hər iki liderin oturub çox çətin məsələləri həll etmələri lazımdır.
Düşünürəm ki, əksər insanlar nizamlanmanın ümumi parametrlərinin necə olacağını bilirlər. Bütün detalları bilməsələr də daha əvvəl “Madrid prinsipləri”ndən bəhs etmişdiniz. Düşünürəm ki, bu və ya digər şəkildə, müzakirə edilməli olan və barışıq üçün zəmin yarada biləcək prinsiplər bunlardır. Əks təqdirdə, münaqişə riski çox yüksəkdir. Və bu, heç bir tərəfin qazanmayacağı bir müharibədir. Və tərəfdə ağır qurbanlar verməli olacaq. Azərbaycan tərəfdən məyusluğu tam başa düşə bilirəm. Bu, on illərdir ki, davam edir. Və mən bilirəm ki, Azərbaycan xalqı Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş əraziləri qaytarmaqda qərarlıdır. Bu, vacib prinsipdir. Və ermənilər də, eyni dərəcədə Dağlıq Qarabağa dair hər hansı bir status məsələsində israrlıdır. Və bunlar nizamlanma üçün əsas olacaq və məhz bunlar müzakirə edilməlidir.