Accessibility links

2017-ci ildə dünyada 1,6 milyon, Azərbaycanda 440 insan vərəmdən dünyasını dəyişib


Martın 24-də Ümumdünya Vərəmlə Mübarizə Günü qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatı bu il “Vərəmə son qoymaq vaxtıdır!” şüarı ilə dünya ictimaiyyətinə müraciət edib.

Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, vərəm sağalan olsa da, hələ də dünyanın ən ölümcül yoluxucu xəstəliyi olaraq qalır.

“Vərəm dünyanın ən ölümcül yoluxucu xəstəliyidir. 2017-cı ildə dünyada 1.6 milyon insan vərəmdən dünyasını dəyişib. Belə ki, hər gün təxminən 4500 insan vərəmdən dünyasını dəyişir, 30 000-ə yaxın insan vərəmlə xəstələnir,” Ümumdünya Səhiyyə Təşkilatı Facebook səhifəsində yazır.

Vərəm xəstəliyinə qarşı mübarizə plakatı
Vərəm xəstəliyinə qarşı mübarizə plakatı

Təşkilat bildirir ki, hazırda Avropada vərəm xəstlərinin sayı 275 000-dən çoxdur.

Azərbaycanda da vərəmli xəstlərin ölüm halları müşahidə edilməkdədir. Vərəmli xəstələrin sayı ilə bağlı ayrıca statistika yayılmasa da ayrı-ayrı vəzifəli şəxslərin çıxışlarının təhlili müəyyən nəticələrə gəlməyə imkan verir.

Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova 2018-ci il noyabrın 6-da "Vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma" mövzusunda keçirilən elmi-praktiki konfransda çıxışında deyib ki, Azərbaycanda ötən il 100 min əhaliyə olan vərəmlə xəstələnmə göstəricisi 39.8 nəfər olub.

Azərbaycanda ötən il 100 min əhaliyə olan vərəmlə xəstələnmə göstəricisi 39.8 nəfər olub.
Həqiqət Qədirova, Ağciyər Xəstəlikləri İnstitutunun direktoru

“2017-ci ildə ölkədə 440 nəfər vərəmdən dünyasını dəyişib. 2017-ci ildə Azərbaycanda 1007 nəfər dərmana davamlı vərəmli xəstələr aşkarlanıb. Dərmana davamlı vərəmli xəstələrin müalicəyə cəlb olunması 98 faiz təşkil edib. Keçən il 3258 təkrar müalicə olunan vərəmli xəstə qeydə alınıb. Ağciyər vərəmi ilə xəstələnmə göstəricisi 30.3, ağciyərdən kənar vərəmlə xəstələnmə göstəricisi 9.5 faiz olub."

Onun sözlərinə görə, 2018-ci ilin ilk 6 ayı ərzində Azərbaycanda ilkin vərəmlə xəstələnmə göstəricisi 1886 nəfər olub ki, onlardan 1016-sı bakterioloji olaraq təsdiqlənmiş ilkin xəstələr, 437-si kliniki təsdiqlənmiş ilkin xəstələr, 433-ü ağciyərdən kənar ilkin xəstələr olub.

“Həmin müddətdə 251 nəfər ocaqlı vərəm xəstələri, 1145 nəfər infiltrativ xəstələr, 74 nəfər gecikmiş vərəm formaları ilə aşkar olunan xəstələrdir. 237 nəfərdə vərəm plevriti, 81-də sümük oynağı vərəmi, 32-də döş qəfəsi daxili limfa düyünlərinin vərəmi, 52-də periferik limfa düyünlərinin vərəmi, 14-də sidik cinsiyyət sisteminin vərəmi, daha 14-də vərəm mezadeniti, 3 nəfərdə isə vərəm meningeti aşkarlanıb.”

Avropada vərəm xəstələri
Avropada vərəm xəstələri

O həmçinin əlavə edib ki, vərəmli xəstələrin 1/3-i qadınlar, 2/3-i isə kişilərdir.

"Amma zamanla qadınlar arasında vərəmlə xəstələnmə gösətiriciləri artır. 2017-ci ildə aşkar olunan vərəmli xəstələrin 60 faizi kişi, 30 faizi qadın, 10 faizi uşaqlardır. Son 4 ildə uşaq və yeniyetmələr arasında vərəmlə xəstələnmə göstəricilərində stabilləşmə qeydə alınır,” o qeyd edib.

Elmi-Tədqiqat Ağ Ciyər Xəstəlikləri İnstitutunun (ETACXİ) elm üzrə direktor müavini İradə Axundova isə deyib ki, Ümumdünya Səhiyyə Təşkilatının və Azərbaycanın statistikasına əsasən, ölkədə ən çox vərəmlə xəstələnənlər 25-44 yaş arasında olan insanlardır.

2017-ci ildə Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmli xəstələrdən 10-a yaxını dünyasını dəyişib.
Rəfail Mehdiyev, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi

2019-cu il martın 14-də Azərbaycan Milli Məclisində “Azərbaycanda vərəmlə mübarizə” mövzusunda keçirilən dinləmələrdə bildirilib ki, ölkədə tibbi sığortaya keçid baş verir və bu zaman vərəmli xəstələrlə bağlı xeyli sual açıq qaımaqdadır.

“Vərəmli xəstələrin necə sığortalanacağı, bu xəstəliyin sığorta paketinə daxil olub-olmayacağı hələ də bəlli deyil. Digər tərəfdən, bu sahədə işləyən həkimlərin, orta tibb işçilərinin maaşlarının artırılması vacibdir. Vərəm xəstəliyinin müalicəsi çox uzun prosesdir, ən həssas vərəm formalarının müalicəsi ən azı 6 ay davam edir,” dinləmələrdə ekspertlər vurğulayıb.

Azərbaycanda vərəm xəstəlikləri həbs yerlərində də problem kimi qalmaqdadır. Mütəxəssislərin dediyinə görə, son illər həbs yerlərində bu sahədə nəzərə çarpacaq irəliləyişlər olsa da ölüm halları da var.

2018-ci il noyabarın 11-də Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəisi Rəfail Mehdiyev deyib ki, 2017-ci ildə Azərbaycanın cəzaçəkmə müəssisələrində vərəmli xəstələrdən 10-a yaxını dünyasını dəyişib.

Onun sözlərinə görə, cəzaçəkmə müəssisəsində məhkumlar arasında vərəmə yoluxma halları kəskin şəkildə azalıb.

Həbsxana
Həbsxana

"1995-ci illə müqayisədə cəzaçəkmə müəssisələrində vərəmlə ölüm faizi 105 dəfə azalıb. Bu faiz getdikcə azalaraq respublikada mövcud olan ölüm faizindən önəmli dərəcədə aşağıdır,” o qeyd edib.

Mehdiyev bildirib ki, vərəm, adətən, İİV, hepatit və digər patologiyaları olan şəxslər arasında daha geniş yayılıb.

"Vərəmli məhkumların əksəriyyəti orta yaşlı insanlardır. Dərmanlara həssas olan vərəmli xəstələrin müalicəsinin effektivliyi 91-92% ətrafındadır. Dərmanlara davamlı vərəmli xəstələrin müalicə effektivliyi isə 83-85% ətrafındadır. Baxmayaraq ki, Ümumdünya Səhiyyə Təşkilatıbu hədəfi 80% verir."

Onun sözlərinə görə, Azərbaycanda tək cəzaçəkmə müəssisələrində yox, istintaq təcridxanalarında da yeni yoluxma halları qeydə alınır.

"Hazırda cəzaçəkmə müəssisələrində olan vərəmli xəstələrdən 2 nəfəri qadındır. Müalicə mərkəzində vərəmlə yanaşı, digər xəstəliklər üzrə müalicə alan şəxslərin sayı təxminən 300-ə yaxındır. Onlar arasında yeniyetmə yoxdur," Tibb İdarəsinin rəisi deyib.

Bununla yanaşı, hüquq müdafiəçiləri və həbsdə olmuş insanlar cəzaçəkmə müəssisələrində vərəmə yoluxma hallarının rəsmi rəqəmlərdən çox olduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukraynaya edilən dron hücumunda ölənlər var
please wait

No media source currently available

0:00 0:10:09 0:00
XS
SM
MD
LG